“Qavaldaş” festival-müsabiqə yekunlaşıb | |
“Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin II Respublika festival-müsabiqəsinin final mərhələsi keçirilib.
Tədbirdə YUNESKO-nun baş direktoru Odre Azule, Dünya İrs Komitəsinin 43-cü sessiyası ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev və digər qonaqlar iştirak ediblər.
Üç yaş qrupu üzrə keçirilən müsabiqənin final mərhələsində Bakı şəhəri, Abşeron, İsmayıllı, Salyan və Masallı rayonları üzrə uşaq-gənclər inkişaf mərkəzləri və musiqi məktəblərinin nağaraçalanlar qrupları rəngarəng proqramla çıxış ediblər.
İştirakçılar tanınmış nağara ustadlarından ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin nəticələrinə əsasən, 4 nömrəli uşaq musiqi məktəbinin şagirdi Fateh Qənizadə solo nominasiya üzrə “Qran-pri” mükafatına layiq görülüb. 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Etibar Ağayev I, Asəf Zeynallı adına musiqi kollecinin şagirdi Nəsib Nurməmmədov II, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvü Yusif Rüstəmov isə III yeri tutub.
Kollektiv nominasiya üzrə 4 nömrəli uşaq musiqi məktəbi I, Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kolleci və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi II, 21 nömrəli uşaq musiqi məktəbi isə III yerlərə layiq görülüb.
Qaliblər kubok və diplomlarla təltif olunublar.
Festival-müsabiqə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı və Qobustan Milli Tarixi-Bədii Qoruğunun dəstəyi ilə keçirilib. Festival-müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərin istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, Azərbaycanın milli ritm sənətinin layiqincə təmsili, musiqi alətləri və mədəni irsimizin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsindən ibarətdir.
|
|
01.07.2019 | 16:30 | |
|
|
|