Test imtahanında müvəffəqiyyət qazanmış şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb

İnzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə keçirilən test imtahanından müvəffəqiyyət əldə etmiş şəxslərin sertifikat əldə etmək üçün qeydiyyatına başlanılıb.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün iyunun 30-da keçirilən test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikat əldə etmək üçün iyulun 1-i saat 09:30-dan iyulun 12-si saat 18:00-dək https://eservices.dim.gov.az/dqq/Xidmet/CertReg linkinə daxil olaraq müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıda qeyd edilən sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

 

-ali təhsil haqqında sənədin surəti;

 

-əmək kitabçasının surəti (olduğu halda).

 

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələrində yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiqlənmiş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə (Gənclik binası, AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 108) təqdim etməlidir.

 

Qeyd edək ki, inzibati vəzifələrin müvafiq altqrupu üzrə sertifikatı olan şəxs bu sənəddə nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyənləşdirilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

 



01.07.2019 | 11:11