“Təhsilin keyfiyyəti müəllimin bilik və bacarığından asılıdır”

Sona Əliyeva əmək fəaliyyətinə 2000-ci ildə Şəmkir rayonundakı Füzuli adına humanitar-təbiət təmayüllü məktəb-liseydə biologiya müəllimi kimi başlayıb. Kurikulum islahatlarının ölkəmizdə tətbiq edildiyi ilk illərdə bu islahatların yaxından iştirakçısı olub. Şəmkir Rayon Təhsil Şöbəsində metodist vəzifəsində də çalışıb. Təlimçi kimi də fəaliyyət göstərib. “Ən yaxşı müəllim” müsabiqəsinin qalibidir. Pedaqoji fəaliyyəti dövlətimiz tərəfindən də yüksək qiymətləndirilərək “Əməkdar müəllim” fəxri adına layiq görülüb. Bir müddət Şəmkir Rayon İcra Hakimiyyətində icra başçısının müavini, humanitar şöbənin müdiri vəzifələrində də çalışıb.  Milli Məclisin deputatı, Milli Məclisdə Elm və Təhsil Komitəsinin üzvüdür.

 

 

Ölkəmizdə son illər təhsillə bağlı ciddi islahatlar həyata keçirilir, dövlət proqramları və qanunlar qəbul edilir. Təhsilin bütün pillələrini əhatə edən islahatlar göstərir ki, bu sahə dinamik inkişaf  yolundadır. Təhsil Nazirliyi istər ümumitəhsil, istər ali təhsil, istərsə də təhsilin digər sahələrində ciddi, səmərəli işlər aparır. Bu gün Azərbaycan gəncləri beynəlxalq arenalarda öz bilik və bacarıqlarını məharətlə nümayiş etdirir, beynəlxalq olimpiadalarda, müxtəlif müsabiqələrdə çoxlu sayda uğurlarımız var. Ancaq buna baxmayaraq, bütün dünyada olduğu kimi, bizim təhsilimizdə də həll olunmalı vacib məsələlərimiz  mövcuddur.  Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Sona Əliyeva ölkə təhsilinin bu və ya digər məsələləri ilə bağlı fikirlərini bizimlə bölüşür.

 

- Sona xanım, Azərbaycan təhsilinin inkişaf mənzərəsini siz necə görürsünüz? Sizcə biz dünya təhsili ilə ayaqlaşa bilirikmi?

 

- İnkişaf etməkdə olan texnologiyalar cəmiyyətin həyatına  elə bir sürətlə daxil olur ki, bütün dünyada davamlı olaraq  təhsilin məzmununa və  tədris proqramlarının yenidən nəzərdən keçirilməsinə ehtiyac duyulur. Adekvat olaraq təhsil sistemlərində islahatlar aparılır, texnoloji vasitələr təhsil modellərini inkişaf etdirmək üçün istifadə olunur. Həmçinin, təhsilin keyfiyyətinin obyektiv və müstəqil  qiymətləndirilməsi üçün yeni metodologiyalar yaradılır və inkişaf etdirilir.  Əlbəttə, reallıq ondan ibarətdir ki, dərs otağında “üz-üzə” tədrisə və kitablara əsaslanan ənənəvi təhsil sistemindən internet və telekommunikasiya resurslarından istifadəyə əsaslanan təhsil sisteminə keçid bu texnologiya ilə birlikdə dünyaya gələn yeni dövr insanların formalaşdırılmasına xidmət edir.

 

Təhsilin inkişafında  dünyada aparılan siyasətə nəzər salsaq görərik ki, dövlətlər səviyyəsində təhsilin beynəlmiləlləşdirilməsi üçün strategiyalar hazırlanır və hamı üçün təhsilin əlçatanlığı məqsədilə müəyyən fəaliyyətlər həyata keçirilir. Təhsil, həm də fasiləsiz təhsil qloballaşan dünyada hər bir fərd üçün vacib hala gəlməkdədir. Fikrimcə, bəlkə də bir neçə ildən sonra təhsilsiz insanın əsas həyati bacarıqlara malik olması və yaşaması çətinləşəcəkdir. 

 

 

“Azərbaycanda savadlılıq göstəricisi yüksəkdir”

 

 

Təbii ki, Azərbaycan dövləti də öz növbəsində dünyada baş verən inkişafı və təhsil sistemində aparılan islahatları diqqətlə izləyir,  cəmiyyətimizə, milli və mental dəyərlərimizə uyğunlaşdırmaqla yeniliklərin tətbiqinə çalışır. Dayanıqlı inkişafa nail olmaq məqsədilə hər kəs üçün inklüziv və keyfiyyətli təhsili təmin etmək, həmçinin ömür boyu təhsili təşviq etmək istiqamətində təhsilin bütün pillə və səviyyələrində islahatlar aparılır. Qanunverici bazanın təkmilləşdirilməsi, verilən qərar və sərəncamlar, əhali arasında təhsilin stimullaşdırılması ilə əlaqədar həyata keçirilən layihələr, təhsil prosesinin iştirakçılarının rəğbətləndirilməsi, pedaqoqların innovativ ideya  və fikirlərinin reallaşmasına imkan yaradan qrant layihələr, təhsil pillələrinin əhatə  dairəsinin genişləndirilməsi, universitetlərdə yeni ixtisasların yaradılması, gənclərin dövlət büdcəsi hesabına yenidən xaricdə təhsil imkanlarının yaradılması və s. bu kimi fəaliyyətlər təhsil sisteminin və insan kapitalının inkişafına xidmət edən önəmli məqamlardır. Mən son illərdə təhsildə gedən islahatları birmənalı şəkildə dəstəkləyirəm və fikrimcə, bir müddətdən sonra yaxşı mənada nəticələri hamımız öz həyatımızda hiss edəcəyik. 

 

O ki qaldı dünya ilə ayaqlaşmağa, Azərbaycanda savadlılıq göstəricisi yüksəkdir, buna baxmayaraq,  biz dünya təhsil sisteminə tam inteqrasiya olmağa və bu sistemin bir tərkib hissəsinə çevrilməyə çalışırıq. Yaxşı infrastrukturun qurulması, maddi-texniki bazanın təkmilləşdirilməsi, özəl təhsil müəssisələrinin inkişafının təşviq edilməsi, yüksək təhsil verən ali təhsil müəssislərinin qurulması görülən işlərin bir parçasıdır.

 

 

“Məktəbəhazırlıq qruplarının açılması mühüm qərar idi”

 

 

- Təhsil qanunvericiliyi ilə bağlı son illər görülən işlər haqqında fikirləriniz maraqlı olardı…

 

- Sevindirici haldır ki, parlament tarixində 2009-cu ildə “Təhsil haqqında” Qanunun qəbulundan  sonra ilk dəfə, son dörd ildə təhsil sahəsində 4 qanun qəbul edilib.  Elm haqqında, Məktəbəqədər təhsil haqqında, Peşə təhsili haqqında və Ümumi təhsil haqqında Azərbaycan Respublikasının qanunları qəbul olunub.  İnanıram ki, bu qanunlar sayəsində  hüquqi bazanın təkmilləşdirilməsi təhsil sisteminin inkişafına  müsbət təsir edəcək.

 

Məsələn, “Təhsil haqqında” Qanunda məktəbəqədər təhsil pilləsinin təşkilati-hüquqi, iqtisadi  əsasları nə qədər geniş əhatə olunmuşdu?

 

Ümumiyyətlə, məktəbəqədər təhsil pilləsində qəbul olunan əsas sənədlərdən biri və  inqilabi qərar, mən deyərdim ki, orta məktəblərdə məktəbəhazırlıq  qruplarının açılması idi.  Həm də  bu sənəddə 2020-ci ilədək uşaqların məktəbəhazırlıqla əhatə olunması səviyyəsinin mərhələlərlə 90 faizə çatdırılmasının təmin edilməsinin məqsədli şəkildə hədəf olaraq  qoyulması, çox mühüm qərardı. Bu, məktəbəqədər təhsil müəssisələrinin olmadığı ucqar kəndlərdə beşyaşlı uşaqların erkən təhsilinə və savadlılığına ciddi təsir göstərəcək.

 

Düşünürəm ki, bu, çox böyük göstəricidir. Əgər biz yaxın keçmişə nəzər salsaq görərik ki, məktəbəqədər təhsillə bağlı ölkəmizdə müəyyən problemlər mövcud idi. Bu, daha çox sovetlər birliyi dövründən qalan və müstəqilliyimizin ilk illərində yaranan problemlər idi. Hələ 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən təhsil islahatlarında məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlbi qarşıya qoyulan ən mühüm vəzifələrdən biri idi. Bu sahənin inkişafı ilə bağlı zaman-zaman mühüm addımlar atılıb. Məktəbəqədər təhsil haqqında Qanunun parlament tərəfindən qəbul olunması, Təhsil qanunundan sonra sahəvi qanunlar hazırlanarkən ilk olaraq təhsilin bu pilləsinin hüquqi bazasının yaxşılaşdırılması, məktəbəqədər təhsilin inkişafına töhfə verən əsas amillərdəndir.

 

Ümumiyyətlə, son illərdə təhsil qanunvericiliyinə edilən dəyişikliklərin əksəriyyəti  cəmiyyəti maraqlandıran məsələlər idi. Təhsil Qanununa təhsil müəssisələrində psixoloji xidmətin təşkili, fənn olimpiadalarının qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu, pedaqoji fəaliyyətlə məşğul olma, təhsilverənlərin sertifikatlaşdırılması, təqvim ilinin sonunadək altı yaşı tamam olan uşaqların məktəbə müsabiqəsiz qəbulu, eləcə də birinci sinfə qəbulun sadələşdirilməsi və  elektronlaşdırılması ilə bağlı dəyişikliklərin edilməsi, təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsilin stimullaşdırılması və vətəndaş məmnunluğuna xidmət edən əsas göstəricilərdəndir. Həmçinin, əlilliyi olan şəxslərin peşə məktəblərində təhsil haqqından azad olunması ilə bağlı “Peşə təhsili haqqında” Qanuna edilən dəyişiklik, ölkə Prezidentinin sərəncamı ilə I və II qrup əlillərin təhsil haqlarının dövlət büdcəsi hesabına ödənilməsi bu kateqoriyaya daxil olan insanların təhsilinin stimullaşdırılmasına və onların sosiallaşmasına xidmət edən önəmli amillərdəndir. Qısası, bu sahədə aparılan bütün islahatlar əhalinin keyfiyyətli təhsilə əlçatanlığını artırır və sosial müdafiəsini gücləndirir.

 

 

Peşə təhsilinə diqqət artırılır

 

 

- Bu gün dövlət təhsil siyasətinin əsas prioritet istiqamətlərindən biri də peşə təhsilidir...

 

 

- Bu sahə dövlətimizin xüsusi diqqət yetirdiyi  təhsil sahələrindəndir. Bildiyiniz kimi, 2016-cı ildə Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi təsdiq olundu və  Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı.  Bundan sonra “Peşə təhsili haqqında” Qanun qəbul edildi. Bütün görülən tədbirlər peşə təhsili sahəsinin inkişafına yönəlmiş, bu sahənin maddi-texniki bazasının təkmilləşdirilməsindən, hüquqi bazasının yaradılmasına və gələcək perspektivlərinin yol xəritəsinin hazırlanmasına qədər uzunmüddətli perspektivi əhatə edən fəaliyyətlər məcmusu şəklində həyata keçirilməyə başlamışdır.

 

Azərbaycanın  əmək bazarında hal-hazırda çox müxtəlif peşələrə ehtiyac var. Danılmaz faktdır ki, bəzi  ehtiyac olan peşələrlə bağlı xaricdən peşə mütəxəssisləri dəvət edirik. Bizim bu kimi halların qarşısını almaq üçün çevik əmək bazarının ehtiyaclarını ödəyəcək peşə təhsil sisteminə ehtiyacımız var. Bu gün əmək bazarında işsiz vətəndaşlarımıza rast gəlinir. Bu işsizləri müəyyən peşələrə cəlb edib, əmək bazarına qazandırmaq peşə təhsilinin qarşısında duran ümdə vəzifələrdən biridir. Məhz bu səbəbdən dövlət həmin sahəyə xüsusi diqqət ayırır. Biz peşə təhsilində çox yüksək nəticələr əldə edən Almaniya, Koreya kimi ölkələrin təcrübələrini öyrənirik və bu təcrübələri tətbiq etməyə çalışırıq. Peşə təhsilində kurikulumların yaradılması, bu sahədə çalışan müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsi, peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi bu sahədə atılan ən əhəmiyyətli addımlardandır.  

 

- Müəllimlərin sertifikatlaşmasını necə dəyərləndirirsiniz?

 

- Müəllimlərin sertifikatlaşması məsələsi çox ciddi məsələdir, çünki nə qədər yaxşı maddi-texniki baza olursa-olsun, təhsilin keyfiyyəti məhz müəllimin səriştəsindən, bilik və bacarığından asılıdır.

 

Məktəbdə işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların peşəkarlıq göstəricisi olan sertifikatlaşdırma  dünyada qəbul olunmuş, özünü doğruldan bir prosesdir. Biz heç birimiz istəmərik ki, övladlarımıza bilik səviyyəsi aşağı olan, səriştəsiz müəllim dərs desin. Bu prosesin həyata keçirilməsində məqsəd kimisə incitmək, işini əlindən almaq deyil.

 

Məqsəd müəllimlərin davamlı olaraq öz peşələrinə münasibətdə məsuliyyət hiss etməsi, bilik və bacarıqlarını təkmilləşdirməsindən ibarətdir. Müəllimlər cəmiyyətin yaradıcılarıdır, onların savadlılıq dərəcəsi cəmiyyətin savadlılığı ilə düz mütənasibdir.

 

 

“Kurikulum islahatları günün tələbi idi”

 

 

- Bildiyimiz kimi, sizin pedaqoji fəaliyyətiniz kurikulum islahatlarının başladığı və tətbiq edildiyi dövrlərə təsadüf edir. Həmçinin, siz ənənəvi təhsil tətbiq olunan dövrdə də çalışmısınız. Bu illərdə yenilikçi müəllim kimi fəaliyyətiniz olub. Həmin dövrləri necə xarakterizə edərdiniz? Kurikulum islahatları özünü doğrultdumu?

 

- Mən ümumiyyətlə, kurikulum islahatlarının başladığı ilk illərdə bu prosesə fəal qoşulanlardanam. 2007-2008-ci illərdə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı treninqlərdə təlimçi kimi fəaliyyət göstərmişəm. O zaman islahatlar yeni-yeni tətbiq olunmağa başlayırdı. Kurikulum islahatların içində olan və prosesi müqayisə edən bir şəxs kimi deyə bilərəm ki, kurikulum islahatları günün tələbi idi. Biz bu prosesi keçməli idik. Çünki ənənəvi təhsil sistemi artıq müasir tələblərə cavab vermirdi. Belə ki, informasiya resursları get-gedə daha da çoxalırdı. Sovet dövründəki kimi təkcə kitablardan ibarət deyildi.

 

Yeni təhsil sisteminin əsas mahiyyəti təkcə bilikli deyil, həmçinin bacarıqlı, şəxsiyyətyönümlü gənclər yetişdirməkdir. Artıq biz elə bir dövrdə yaşayırıq ki, fasiləsiz öyrənməyə, ömürboyu təhsil almağa məcburuq. Əvvəllər bu, bizim daxili tələbatımızdan irəli gəlirdi ki, biz təhsili davam etdirəkmi, etdirməyəkmi? Lakin müasir cəmiyyətdə biz hər gün nəyisə öyrənməliyik ki, dövrlə ayaqlaşa bilək. Yeni təhsil sisteminin əsas tələbləri müasir bacarıqlara malik şəxsiyyət yetişdirməkdən ibarətdir. Düşünürəm ki, yeni dərsliklər, dərs vəsaitləri, yanaşmalar da imkan verir ki, şagirdlərimiz daha yaradıcı, daha araşdırmaçı ola bilsin. Bir məsələni də diqqətə çatdırmaq istəyirəm ki, kurikulumun özü ilbəil yenilənir, təkmilləşdirilir. Çünki biz 10 il bundan öncəki kurikulumlarla da yerində saymalı deyilik. Dünya hər gün yeniləşir, müasirləşir.  

 

 

“Ən yaxşı müəllimləri metodiki işin təşkilinə cəlb etməliyik”

 

 

- Metodiki işin təşkili təhsil sahəsində ən vacib məsələlərdəndir.  Bu gün bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz? Metodistlərin problemləri nədir?

 

- Kurikulum islahatları başlayanda bu islahatların aparıcı qüvvələrindən biri də məhz metodistlər idi. Lakin metodistlərin də içərisində öz işini sevən,  yenilikləri daha dəqiq, düzgün öyrənərək tətbiq edənlər də oldu, etməyənlər də. Ümumilikdə, təhsil sistemində metodistlərin seçimi və  fəaliyyəti çox vacibdir. Bu məsələyə xüsusi diqqət yetirilməlidir. Ən yaxşı müəllimləri məktəblərdən seçərək bu işə cəlb etməyi daha uğurlu variant hesab edirəm. Bir mühüm məsələyə də toxunmaq istəyirəm ki, metodistlərin az da olsa dərs saatları ilə təmin olması da vacibdir.  Məncə, tədris prosesinin içərisində  olmayan, dərs deməyən metodist heç bir həmkarına lazımi metodiki dəstək verə, dərs təhlil edib, qiymətləndirə bilməz. 

 

Odur ki,  metodik işin məzmunu və formalarının təkmilləşdirilməsi, metodik kabinetlərin fəaliyyətinin daha səmərəli təşkili, burada çalışan əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və metodik xidmət sahəsində bacarıqlarının artırılması, metodik xidmətin təşkilində müasir texnologiya və mexanizmlərin tətbiq edilməsi, bu sahədə dünya təcrübəsinin öyrənilməsi və tətbiqi çox vacibdir.

 

Düşünürəm ki, belə yanaşma təhsilin inkişafına, əsasən də bölgələrdə inkişafa ciddi şəkildə təkan verər.

 

- Məktəb direktorlarının dərs yükü ilə təmin edilməsinə münasibətiniz necədir?

 

- Təhsilə yeni yanaşmalar tətbiq olunmağa  başlayanda  biz daha çox Amerika və Avropa təcrübəsindən yararlanmağa çalışdıq.  Avropa ölkələrinin bir çoxunda ümumiyyətlə, məktəb direktorları pedaqoq deyil, menecer, idarəedicidir. Həmin menecerlərin əsas vəzifəsi məktəbin necə idarə olunması ilə bağlıdır. Məktəbin metodiki işi-yəni tədrislə bağlı məsələlər  məktəb direktorunun tədris işləri üzrə müavini tərəfindən tənzimlənir və həmin şəxs mütləq pedaqoq olmalıdır.

 

Azərbaycanda təhsilin idarəedilməsi ilə bağlı ixtisaslaşmış mütəxəssislər çox azdır, məktəb direktorları isə ixtisasca müəllimdir.  Bu məqamda artıq iki istiqamət formalaşır. Fikrimcə,  biz artıq  qərar verməliyik. Əgər biz məktəb direktorunun sadəcə idarəedici olmasını (həm də ixtisasca)  qəbul və tətbiq edəcəyiksə, bəli, məktəb direktoru dərs deməyə bilər. Amma biz bu sistemi tətbiq etmiriksə,  məktəb direktoru pedaqoqdursa, heç olmasa 5-6 saat dərs deməlidir. Başqa cür o, məktəbdə tədrisin keyfiyyətini, təhsil prosesini necə qiymətləndirəcək? Həm də, əlbəttə ki, əsas peşə bacarıqlarını da zamanla itirəcək.

 

 

(Ardı var)

 

Niyazi RƏHİMOV

 



28.06.2019 | 13:35