Təhsilin 5 illik barometri

Müəllimlər əvvəlki illərlə müqayisədə gündəlik dərslərdə faktiki tədrisə və təlimə daha çox vaxt sərf edirlərmi? Müəllimliyə başlayanda özlərini öyrətməyə hazır hiss edirlərmi? Hansı fasiləsiz peşəkar inkişaf proqramlarında iştirak edirlər və bu, onların iş təcrübəsinə necə təsir göstərir?

 

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) növbəti  (TALIS-2018 - Teaching and Learning International Survey) hesabatında dünya təhsil sistemlərini və müəllimləri maraqlandıran bu kimi suallara cavab tapmaq olar. Tədris və təlim məsələləri üzrə müəllim korpusunun beynəlxalq tədqiqatının nəticələrinə həsr olunmuş hesabatda  təhsil  mühitlərində kontekstin təminatı üçün siniflərin və məktəb iqliminin demoqrafik tərkibi nəzərə alınmaqla müəllimlərin pedaqoji təcrübə formasında sinifdə öz biliklərini və bacarıqlarını necə tətbiq etməsi gözdən keçirilir. Daha sonra sənəddə  müəllimlərin erkən təlim və hazırlıq gedişində öz biliklərini və bacarıqlarını necə əldə etmələri, həmçinin öz karyeraları ərzində fasiləsiz peşəkar inkişaf üçün hansı addımlar atması qiymətləndirilir. Müəllimlərin və məktəb rəhbərlərinin fikir və rəylərinə əsaslanan hesabatda  müəllim heyətinin bilik və peşəkarlığının dəstəklənməsinə kömək edəcək bir sıra siyasi oriyentirlər təklif edilir. Beynəlxalq sorğu dünyanın iqtisadiyyatı inkişaf etmiş 48 ölkəsində 10 min məktəbin 260 min müəllimini əhatə edir.

 

Müəllimlərin 53 faizi deyir ki, onlar öz şagirdlərinə layihələrin və ya sinif işlərinin icrası üçün informasiya-kommunikasiya texnologiyalarından istifadə etməyə icazə verirlər.

 

TALIS tədqiqatçı müəllimlərin və məktəb rəhbərlərinin   iş və təlim şəraitinin ən böyük beynəlxalq sorğusudur və  müəllim peşəsinin barometrini hər beş ildən bir təmin edir. 2018-ci ilin nəticələri təhsil sistemlərində müəllimlərin və məktəb liderlərinin peşəkarlığının müxtəlif aspektlərini tədqiq edir və öyrənir.

 

OECD-nin rəsmi saytında yerləşdirilmiş hesabatdan məlum olur ki, müəllimlərin böyük əksəriyyəti öz işindən bütövlükdə razıdır, ancaq bir sıra vacib problemlər də mövcuddur  ki, bəziləri son beş il ərzində qalmaqda davam edir. TALIS tədqiqatı məktəblərin daxilində olan pedaqoji, metodik və sosial proseslər haqqında məlumatın yığılması məqsədi ilə məktəb müəllimlərinin və direktorların kompüterləşmiş sorğusunu təqdim edir. Tədqiqat təhsil sistemini məktəb cəmiyyəti nümayəndələrinin gözləri ilə görməyə imkan verir. 2018-ci ilin hesabatı  TALIS-ın sayca üçüncü tədqiqatlar dövrünü əks etdirir, ilk tədqiqat 2008-ci, 2-ci 2013-cü ildə olub. TALIS-2018-də 48 ölkə iştirak edib. TALIS sorğusunda Rusiya müəllimləri öz fəaliyyətlərinə dair yüksək məmnunluqlarını dilə gətiriblər. Onlardan 91 faizi öz işindən məmnundur, 90%-in  öz məktəbində işləməkdən xoşu gəlir və  məktəbdəki işinin nəticələrindən razıdır, 86% isə öz məktəbini ən yaxşı iş yeri kimi məsləhət görməyə hazırdır.

 

Hesabata əsasən, Rusiya müəllimləri ən təcrübəlilər sırasında öndədir. Sorğuya görə,  Rusiya müəllimi orta hesabla 21 il işləyir ki, bu rəqəm də iştirakçı ölkələr üzrə orta həddən 4 il çoxdur. Digər tərəfdən müəllim nə qədər uzun müddətdə öz peşəsindədirsə, bir o qədər öz işindən məmnundur. Bütövlükdə TALIS tədqiqatında iştirak edən 48 ölkənin  müəllimləri öz işlərindən razıdır.

 

TALIS-2013 tədqiqatının nəticələri ilə müqayisədə, müəllimlik peşəsi əvvəlki kimi iştirakçı ölkələrin əksəriyyətində əsasən qadın peşəsi kimi üstünlük təşkil edir. Qadınların payı müəllimlərin ümumi sayında 85 faiz təşkil edir. Qadın müəllimlər daha çox Latviyadadır (89 faiz), ən az Yaponiyada (42 faiz), Səudiyyə Ərəbistanında (52 faiz), Niderland Krallığında (53 faiz) fəaliyyət göstərir.

 

Rusiyada müəllimin orta yaşı 45-46  yaş səviyyəsində qalır, ancaq gənc müəllimlərin sayının tədricən azalması meyili, yaşlı müəllimlərin isə sayının artması müşahidə olunmaqdadır. Rusiya məktəblərinin direktorlarının əksəriyyəti 40-59 yaş (73%) təşkil edir, bu isə bütün iştirakçı ölkələr üzrə orta yaş bölgüsünə uyğundur.

 

Məktəbə işləməyə gələn gənclərin  əsas motivi pedaqoji fəaliyyətin yüksək dəyərinin dərk edilməsi, onun missiyasıdır. Müəllim peşəsinin seçimində əsas motivlər, sorğunun məlumatına görə bunlardır: cəmiyyətin inkişafına öz töhfəsini vermək (91%), uşaqların və gənclərin inkişafına təsir etmək imkanı (88%).

 

Müəllimlərin cavablarına əsasən, onlar bu peşəyə çətin ki, onun nüfuzuna görə gəliblər, onlar  peşələrinin cəmiyyət tərəfindən qiymətləndirilməsinə əmin deyillər (belə bir fikri rəyi soruşulmuş rusiyalı  müəllimlərin  57%-i söyləyib).

 

Müsbət məqamlara onu da əlavə etmək olar ki, müəllimlərə olan inzibati yük əvvəlki tədqiqatlar dövrü ilə müqayisədə bir neçə dəfə aşağıdır, ancaq Rusiyada müəllimlər üçün inzibati-kağız işi onsuz da TALIS ölkə-iştirakçıları arasında ən yüksəkdə durur, digər tərəfdən rusiyalı müəllimlərin iş günü əvvəlki kimi ən uzun olaraq qalır.

 

Qeyd edək ki, tədqiqatın məqsədi - məktəb fəaliyyətinin əsas aspektləri üzrə məlumatların təhlili üçün faydalı siyasi qərarların təqdim olunmasıdır. Əsas məqsədlərə məktəb idarəçiliyinin rolu və fəaliyyəti, müəllimlərin fəaliyyətinin qiymətləndirilməsi, müəllimlərin peşəkar inkişafı,  tədris və pedaqoji təcrübələri  haqqında onların  baxışlarının müəyyən olunması daxildir.  Bu layihə dünyanın məktəb sistemlərinin beynəlxalq müqayisəsinin aparılmasında əhəmiyyətli informasiya boşluqlarının aradan qaldırılmasını təmin edir. TALIS ölkələrə özlərini anoloji problemlərlə üzləşən ölkələrlə müqayisə etməyə,  digər ölkələrin təcrübəsindən yararlanmaqla mövcud problemlərin həllinə yanaşmadır.    Beynəlxalq təhsil tədqiqatları qrupunda TALIS əhəmiyyətli yeri tutur. Onun nəticələrini əldə etməklə hər bir ölkə öz müəllimlərinin hazırlığını və əmək şəraitini təhlil və beynəlxalq normalarla müqayisə edə bilər.

 

 

Oruc MUSTAFAYEV



28.06.2019 | 14:56