Öyrənmək, təcrübə mübadiləsi aparmaq imkanı | |
İyunun 25-də Bakı şəhəri M.Müşfiq adına 18 nömrəli tam orta məktəbdə “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələrin respublika mərhələsi keçirilib. Nazir müavini Məhəbbət Vəliyeva Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən pedaqoji mühazirələrin təşkil edildiyini söyləyərək əsas məqsədin ümumi təhsil sahəsində keyfiyyət göstərcilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarət olduğunu bildirib. Məlumat üçün qeyd edib ki, pedaqoji mühazirələr iki mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunub: “Rayon (şəhər) mərhələsi bu ilin fevral-mart aylarında keçirilib. Bu mərhələdə 3642 pedaqoji mühazirə dinlənilib. Onlardan 182-si seçilərək respublika mərhələsinə təqdim olunub. Həmin mühazirələr Təhsil Nazirliyinin İşçi qrupu tərəfindən oxunub. Respublika mərhələsində proqrama 18 bölmə üzrə 155 pedaqoji mühazirə daxil edilib”. Pedaqoji mühazirələrin keçirilməsinin əhəmiyyətinə toxunan Məhəbbət Vəliyeva təhsil işçilərinin bu tədbirə böyük həvəslə qatılmalarını müsbət qiymətləndirib: “Pedaqoji mühazirələr təhsil işçilərinin bir-birindən öyrənmək baxımından, həmçinin təcrübə mübadiləsi aparmaq üçün əlverişli şərait yaradır. Təhsil işçilərini bir araya gətirən, pedaqoji fəaliyyətin ən müxtəlif aspektləri ilə yaxından tanışlığın, ümumi təhsil sahəsində keyfiyyət göstəricilərinin yaxşılaşdırılması yönündə belə vahid müzakirə platformasının yaradılması düşünürəm ki, olduqca faydalıdır”.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsilin müxtəlif sahələrini əhatə edən bölmələr üzrə keçirilən pedaqoji mühazirələri dinləyib, burada çıxış edən müəllimlərə müəyyən tövsiyələr verib, onlarla geniş fikir mübadiləsi aparıb.
Pedaqoji mühazirələrdə paytaxtla yanaşı, respublikanın bütün bölgələrindən təmsil olunan məktəb rəhbərləri, müəllimlər, metodistlər, psixoloqlar öz təcrübələrini həmkarları ilə bölüşüblər.
Elə söhbətləşdiyimiz təhsil işçiləri də Təhsil Nazirliyinin nümayəndələri, tanınmış alim və mütəxəssislərin qarşısında təqdimat etmələrini onların peşəkarlıq səviyyəsinin, yaradıcılıq potensialının üzə çıxarılmasında mühüm rol oynadığını söyləyirlər.
“Təkcə öz iş təcrübəmizdən danışmırıq”
Bilal Hüseynov Cəlilabad rayonu Alar kənd 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimidir. 42 illik müəllimlik stajına malik pedaqoq ilk dəfədir ki, pedaqoji mühazirələrdə iştirak edir: “ Yaradıcı yazılar vasitəsi ilə şagirdlərin idrak fəaliyyətinin inkişaf etdirilməsi” mövzusunda təqdimatla pedaqoji mühazirələrə qatılmışam. Pedaqoji mühazirələrin keçirilməsi biz təhsil işçiləri üçün olduqca əhəmiyyətlidir. Müəllim təqdim etdiyi mühazirəsində öz işinə yaradıcı yanaşmasını, əldə etdiyi təcrübəni həmkarlarına ətraflı çatdırmağı bacarmalıdır. Burada hər bir müəllimin çıxışının özü sanki onun pedaqoji fəaliyyətinin bir növ hesabatıdır. Belə ki, müəllimlər tədris etdikləri fənlə, dərsin təşkili ilə bağlı mülahizələrini bildirir, həm də fikirlərini söyləyərkən özündən əvvəlki mövcud təcrübəni öyrənir, ümumiləşdirir və öz təcrübəsi ilə birlikdə digər təhsil işçilərinə çatdırır.
Pedaqoji mühazirələrdə biz təkcə öz iş təcrübəmizdən danışmırıq, eyni zamanda başqalarının təcrübəsi ilə də tanış oluruq”.
“Mühazirəm respublika mərhələsinə təqdim olundu”
Aytac İsgəndərli Şəmkir rayonu Morul kənd tam orta məktəbinin coğrafiya müəllimidir. Gənc müəllim kimi təhsillə bağlı belə bir ölkə miqyaslı tədbirdə iştirakının onun üçün böyük motivasiya olduğunu söyləyir: “Coğrafiya fənni üzrə şagirdlərin təlim nailiyyətlərinin yaxşılaşdırılmasında İKT-nin imkanlarından necə istifadə edirəm” mövzusu ilə pedaqoji mühazirələrdə iştirak etdim və mühazirəm respublika mərhələsinə təqdim olundu. Müəllimlik fəaliyyətimin birinci ilində pedaqoji mühazirələrin respublika mərhələsinə kimi gəlməyim məni sevindirir”.
O, uzunillik təcrübəsi olan müəllimlərin burada öz təcrübələri ilə bağlı çıxışlarının da məhz onun kimi neçə-neçə gənc müəllim üçün görüb-götürmək baxımından faydalı olacağını düşünür.
“Pedaqoji fəaliyyətimdə uğur qazanmaq istəyirəm...”
Bu, həmsöhbətimiz olan Qubadlı rayonu Dondarlı kənd tam orta məktəbinin informatika müəllimi Gülnar Allahverdiyevanın ən böyük arzusudur. “Məktəb həyatının maraqlı qurulması barədə mülahizələrim” mövzusunda mühazirəsinin respublika mərhələsinə vəsiqə qazanmasını gələcək fəaliyyətində əldə etmək istədiyi uğurlarının başlanğıcı hesab edir. “Pedaqoji fəaliyyətimdə uğur qazanmaq istəyirəm, - deyir. Bunun üçün isə bilirəm ki, üzərimdə çox çalışmalı, bir peşəkar, bacarıqlı müəllim kimi özümü təsdiqləməliyəm. Pedaqoji mühazirələr bizə müəllim həmkarlarımızın fəaliyyəti ilə yaxından tanış olmaq, əldə etdiyimiz təcrübəni paylaşmaq baxımından çox önəmlidir”.
“Yaradıcı müəllimlərin aşkarlanmasına əvəzsiz dəstək”
Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Aidə Ələkbərova Təhsil Nazirliyinin həyata keçirdiyi layihələrdə mentor-təlimçi kimi fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan dili və Ədəbiyyat dərsliklərinin qiymətləndirilməsində ekspert kimi çalışır. O, pedaqoji mühazirələrin müəllimlərin pedaqoji təcrübələrinin yayılmasında, müasir təhsil metodlarını öz işində tətbiq etməyi bacaran müəllimlərin aşkarlanmasında mühüm rol oynadığını söyləyir: “Respublikanın qabaqcıl müəllimləri ilə təcrübə mübadiləsində iştirak etmək, onların fəaliyyətindən yararlanmaq xüsusilə gənc müəllimlər üçün olduqca vacibdir. Hər zaman təcrübəmi digər həmkarlarımla bölüşməyə, eyni zamanda öyrənməyə də hazıram. Mənim fikrimcə, qatıldığımız pedaqoji mühazirələr Təhsil Nazirliyinin innovativ fikirli, yaradıcı müəllimlərin aşkarlanmasına, qabaqcıl təcrübə nümunələrinin təbliğinə göstərdiyi əvəzsiz dəstəkdir”.
Samirə KƏRİMOVA |
|
28.06.2019 | 11:23 | |
|
|
|