Namizədlər 8 vakant yer seçə biləcəklər | |
İyunun 24-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilib. Sənəd qəbulunun başlandığı 3 gün ərzində artıq 24 mindən çox namizəd elektron qeydiyyatdan keçib.
Budəfəki müsabiqə qaydaları və şərtləri barədə danışan Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, qaydalarda hər hansı ciddi dəyişiklik yoxdur. Belə ki, bu müsabiqəyə də hər il olduğu kimi, orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirən, dövlət nümunəli təhsil sənədi (diplom) alan və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınan ölkə vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazəsi olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə qatılan namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötən il keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlər həmin nəticələri ilə bu il birbaşa vakansiya seçiminə qatılmaq imkanına malikdirlər. Ancaq ötən il keçirilən müsabiqədə göstərdiyi nəticədən narazı olanların yenidən müsabiqəyə qatılmaq hüququ da saxlanılır. Odur ki, istənilən namizəd bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilər.
Xatırladaq ki, ötən il müsabiqədə iştirak etmiş namizəd işə qəbul imtahanlarına təkrar qatılacaqsa, onun son, yəni cari ilin nəticəsi nəzərə alınacaq:
Güzəştlər bu il də olacaq
Stajı 10 ildən çox olan və 3 ildən az bir müddətdə işdən ayrılan şəxslərə müəllimlərin işə qəbulu müsabiqəsində nəzərdə tutulan güzəşt bu il də qüvvədədir. Belə ki, ötən il müəllimlərin işə qəbulu qaydalarına edilən dəyişiklikdən sonra ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərən və 3 ildən az müddətə işdən ayrılan, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. E.Bağırov əlavə edib ki, 2014-cü ildən başlayan müəllimlərin diaqnostik qiymətləndirməsi 2018-ci ildə bütün ölkəni əhatə edib: “Demək olar ki, bütün müəllimlərin nəticələri artıq Təhsil Nazirliyində toplanıb. Buna görə də stajı 10 ildən çox olan və 3 ildən az bir müddətdə işdən ayrılmış şəxslər üçün güzəşt olacaq. Onlar test imtahanında təkrar iştirak etmək məcburiyyətində deyillər. Əvvəl topladıqları nəticəyə görə vakansiya seçiminə qatıla bilərlər. Bu da stajı çox olan təcrübəli müəllimlər üçün əlavə imkan kimi qiymətləndirilməlidir”.
Yenə 4 mərhələdə
Əvvəlki illərdən də bəlli olduğu kimi, müəllimlərin işə qəbulu 4 mərhələdə həyata keçirilir. Hazırda davam edən elektron ərizələrin qəbulundan sonra göstəricilərin qiymətləndirilməsi həyata keçiriləcək. Daha sonra test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə həyata keçiriləcək. Test imtahanı mərhələsində namizədlərə 40 ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 sual təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq. Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən, vakant yer tutmaq hüququ qazanan namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.
Müəllimlərin işə qəbulu üçün test imtahanları iyulun 8-24-də keçiriləcək.
Daha çox vakant yer ibtidai sinif müəllimliyi üzrə olacaq
E.Bağırov onu da əlavə edib ki, 2019-2020-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə təqdim ediləcək vakant yerlərin çoxu ibtidai sinif müəllimliyi üzrə olacaq.
Ötən il rekord sayda - 51 minə yaxın namizədin müsabiqədə iştirak üçün qeydiyyatdan keçdiyini vurğulayan E.Bağırovun fikrincə, bu il də sənəd verənlərin sayı həmin göstəriciyə yaxın olacaq.
Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçirlər. Elektron sənəd qəbulu iyulun 3-dək davam edəcək.
Ruhiyyə DAŞSALAHLI |
|
28.06.2019 | 09:21 | |
|
|
|