“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

İyunun 27-də ADA Universitetində “Xəyal et” qızlar üçün İKT yay düşərgəsinin bağlanış mərasimi keçirilib.

 

Tədbirdə Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nümayəndələri, digər tərəfdaş qurumların təmsilçiləri, informasiya texnologiyaları üzrə mütəxəssislər və digər rəsmi şəxslər iştirak ediblər. 

 

Təhsil Nazirliyinin sektor müdiri, layihə rəhbəri Ayla Həsənova yeniyetmələrin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə danışıb. Layihə rəhbəri qeyd edib ki, düşərgə müddətində məktəbli qızlar kodlaşdırma, müxtəlif proqramlaşdırma dilləri üzrə gündəlik təlimlərdə, ixtisas seçimi ilə əlaqədar test və sorğularda, robototexnika və modelləşdirmə üzrə ustad dərsləri, idman və mədəni tədbirlərdə iştirak edib.

 

Ayla Həsənova layihənin nəticələrini diqqətə çatdıraraq bildirib ki, görülən işlər sayəsində məktəbli qızlar arasında informasiya texnologiyaları sahəsinə maraq daha da artacaq, İKT sektorunda qadınların mövqelǝri güclǝndiriləcək. Sektor müdiri gələcəkdə layihənin 1000 nəfəri əhatə edəcəyinə ümidvar olduğunu bildirib.

 

Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev layihənin əhəmiyyətini qeyd edib. Fuad Qarayev İKT sahəsində dövlət səviyyəsində mühüm layihələr həyata keçirildiyini deyib və bu il Azərbaycanın informatika fənni üzrə beynəlxalq olimpiadaya evsahibliyi edəcəyini diqqətə çatdırıb.

 

Sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov İKT biliklərinə yiyələnməyin bütün sahələrdə vacibliyini bildirib və layihənin gələcək illərdə daha uğurlu olmasını diləyib.

 

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

 

Layihə YUNESKO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universiteti, “Mars Academy” və "Sağlam Düşüncə" Gənclər Təşkilatının tərəfdaşlığı ilə təşkil olunub.

 

Layihənin əsas məqsədi məktəbli qızların İnformasiya-kommunikasiya texnologiyaları sahəsinə marağının artırılması və onların gələcək karyera seçimi zamanı aidiyyəti sahələr üzrə ixtisaslara yönəlməsinə dəstək olmaqdır. Layihədə respublikanın ucqar bölgələrindən seçilmiş 7-8-ci sinif şagirdləri olan məktəbli qızlar iştirak edib.

 



27.06.2019 | 18:00