BANM Beynəlxalq Forum keçirəcək

23-26  aprel 2018-ci il tarixlərində Bakı Ali Neft Məktəbinin (BANM) və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin birgə təşkilatçılığı ilə III SOCAR Beynəlxalq Forumu keçiriləcək. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan “DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: ticarət, logistika, neft emalı, neft-kimya” adlı Forum Xəzər regionunun neft təqvimində ən mühüm hadisələrdən olacaq. Forumda dünyanın 20-dək ölkəsindən 250-dən artıq iştirakçı və 45-dən çox məruzəçi iştirak edəcək.

 

Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum, həmçinin, neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktik informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.

 

Üç gün davam edəcək Forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarətinə, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr olunacaq.  Tədbirin sonuncu günü  iştirakçılar üçün texniki səfərlər təşkil olunacaq.

 

Forumda iştirak edəcək şirkətlər arasında dövlət idarə və müəssisələri, neft-qaz şirkətləri (treyderlər, NEZ və neftçıxarma), nəqliyyat şirkətləti (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltınq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr olacaq.

 

Qeyd edək ki, ənənəvi olaraq artıq üçüncü ildir k, keçirilən Forumda ötən il İsveçrə, Türkiyə, Latviya, Litva, Danimarka, Belçika, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, BƏƏ, ABŞ, Venesuela, Çin, həmçinin Mərkəzi Asiya və MDB ölkələrindən neft-qaz sektorunun nazirliklərinin  və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələri iştirak edib.

 

Forum haqqında əlavə məlumatı http://socarforum.com saytından almaq mümkündür.



17.04.2018 | 13:39