Rəsm müsabiqəsinin qalibləri açıqlanıb

Məktəblilər arasında XV Avropa Gənclər Olimpiya Festivalına həsr olunan “İdman-sağlamlıq, dostluq, birlik" mövzusunda keçirilən rəsm müsabiqəsinin qalibləri bəlli olub.

 

Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqə “Olimpiya Mədəniyyəti və Təhsil Proqramı”na cəlb olunmuş ümumi təhsil müəssisələri arasında təşkil olunub.

 

Rəsm müsabiqəsində 6-10 və 11-14 yaş qrupu üzrə məktəblilər iştirak edib. Müsabiqəyə 45 məktəbdən 159 rəsm işi təqdim edilib. Müsabiqənin yekun mərhələsində rəsm işləri 2 səviyyədə qiymətləndirilib. Qiymətləndirmə 50 faiz sosial şəbəkələrdə qazanılmış bəyənmələrin ümumi sayı və 50 faiz müsiflər heyətinin qiyməti əsasında formalaşıb.

 

Müsabiqənin nəticələrinə görə, 6 nəfər I, 12 nəfər II, 16 nəfər isə III yeri tutub. Belə ki, 11-14 yaş qrupu üzrə Məktəb-Lisey Kompleksinin şagirdi Aliyə Mikayılova, Humanitar Fənlər Təmayüllü Məktəb-liseyin şagirdləri Əzizə Əfəndiyeva və Səkinə Bədirova, 6-10 yaş qrupu üzrə 220 nömrəli məktəb-liseyin şagirdi Ayaz Nəcəfli, 210 nömrəli məktəbin şagirdi Cəlil Kərimli, Elitar Gimnaziyanın şagirdi Sabir Əliyev I yerin qalibi olublar.

 

Qaliblər təşkilat komitəsi tərəfindən diplom və hədiyyələrlə təltif edilib.

 

Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev və digər rəsmi şəxslər iştirak ediblər.

 

Qeyd edək ki, rəsm müsabiqəsinin keçirilməsinin məqsədi XV Avropa Gənclər Olimpiya Festivalını təbliğ etmək, məktəblilərə “Olimpiya hərəkatı”nı tanıtmaq, olimpiya dəyərləri və ideyalarını, tolerantlıq, sülh, həmrəylik, əməkdaşlıq, dostluq, əmin-amanlıq hisslərini aşılamaq, məktəblilər arasında idmana olan marağı daha da artırmaq, uşaq və gənclərin yaradıcılıq qabiliyyəti və istedadlarını üzə çıxarmaqdan ibarətdir.

 



21.06.2019 | 16:40