Təhsil işçilərinin sosial vəziyyəti gücləndirilir

Prezident İlham Əliyev əhalinin böyük bir hissəsinin sosial rifah halının yaxşılaşmasına təsir edəcək sərəncamlar imzalayıb. Xüsusən, minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam bir çox baxımdan müsbət dəyərləndirilir. Ekspertlərin fikrincə, Azərbaycan tarixində ilk dəfə olaraq minimum əməkhaqqı yaşayış minimumunu üstələyib. Bu sərəncamların ölkədə 950 min nəfərin həyat şəraitinə birbaşa təsir göstərəcəyi bildirilir. Onların arasında təhsil işçiləri də var.

 

Təhsil nazirinin müavini İdris İsayev təhsil işçilərinin əməyinin ödəniş sistemini şərh edərək bildirib ki, verilən qərar təhsilin keyfiyyətinə də təsirsiz ötüşməyəcək: “İqtisadi fəaliyyət növünün təsnifatına görə, müəllimlər də muzdlu işləyənlərdir. Müəllimlər muzdlu işçilərin 23 faizini təşkil edir. Təhsil işçilərinin əməyinin ödəniş sistemi iki növə bölünür: bir qrup diaqnostik qiymətləndirmədən keçən müəllimlər, idarəetmə, inzibati və təlim heyəti, digər qrup isə vahid tarif cədvəli ilə əməkhaqqı alanlardır. Prezidentin sərəncamları ilə hər iki kateqoriyadan olan işçilərin maaşı artıb. Birinci qrupdan olanların əməkhaqqında orta əməkhaqqının 20 faizi dəyərində artım olacaq, ikinci kateqoriyadan olanların isə əməkhaqqı 40 faiz artırılıb. Düşünürəm ki, bu artımlar təhsil işçilərinin sosial vəziyyətini gücləndirməklə yanaşı, təhsilin keyfiyyətinə də müsbət təsir göstərəcək”.

 

Beləliklə, minimum əməkhaqqının artırılması ilə bağlı sərəncam sentyabr ayından etibarən təhsil sahəsində çalışan 250 mindən çox işçinin əməkhaqqında özünü göstərəcək. Diaqnostik qiymətləndirmədən keçən 150 min müəllimin maaşı 20 faiz, diaqnostik qiymətləndirmədən keçməyən və vahid tarif cədvəli ilə əməkhaqqı alan 110 minə yaxın işçinin isə əməkhaqqı 40 faiz artacaq. Ən böyük fərqi dövlət ümumtəhsil müəssisələrində çalışan təhsil işçiləri hiss edəcək.

 

İ.İsayev qeyd edib ki, bu, təhsil işçilərinin əməyinin qiymətləndirilməsi baxımından Prezidentin ilk qərarı deyil: “Qeyd etmək lazımdır ki, Prezidentin təhsil sahəsinə, təhsil işçilərinin sosial rifah halının yaxşılaşdırılmasına diqqəti daha böyükdür. Bir neçə il öncə dövlət təhsil müəssisələrində çalışanların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi ilə bağlı sərəncam imzalanıb. Nəticədə iki il əvvələ nisbətən təhsil işçilərinin əməkhaqqı iki dəfəyədək artıb. İndi daha 20 faiz artır”.

 

Nazir müavini vurğulayıb ki, artım sadəcə vəzifə maaşlarında da deyil: “Müəllimlərimiz vəzifə maaşına əlavə də alırlar və təhsil sistemində 81 minə yaxın belə müəllim var. Sinif rəhbərliyinə görə, elmi dərəcələrinə görə, məktəblərin statusuna görə verilən həmin əlavələrin də artımı nəzərdə tutulub”.

 

Peşə təhsili müəssisələrində çalışanların da əməyi iki kateqoriya üzrə ayrı-ayrı qiymətləndirilib. Belə ki, peşə təhsili sistemində olan 5000-ə yaxın pedaqoji heyətin təxminən 2000 nəfəri diaqnostik qiymətləndirmədən keçənlərdir. Onların maaşı 20 faiz, vahid tarif cədvəli ilə maaş alanların isə maaşı 40 faiz artacaq.

 

Orta ixtisas və məktəbdənkənar təhsil müəssisələrində çalışan təxminən 15-16 min nəfər işçinin də maaşı orta hesabla 50 faiz artacaq.

 

Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda da artım tətbiq ediləcək. Belə ki, həmin müəssisələrdə çalışan 2500-ə yaxın işçinin əməkhaqqında 40 faiz artım olacaq.

 

Artımları dəyərləndirən nazir müavini bildirib ki, minimum əməkhaqqı sosial normativdir: “Əmək Məcəlləsində də qeyd edilib ki, minimum əməkhaqqı iqtisadi-sosial şəraitdən asılı olaraq, əməyə və xidmətə görə ödənilən əməyin ən aşağı həddidir və bu həddən aşağı əməkhaqqının ödənilməsi yolverilməzdir. Minimum əməkhaqqının artırılması məqsədi ilə ölkəmizin imzaladığı bir sıra beynəlxalq sənədlər var. Həmin sənədlərə əsasən, ölkəmizin üzərinə bir sıra öhdəliklər düşür. Öhdəliklər “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında da aydın göstərilib. Prezident İlham Əliyevin minimum əməkhaqqının artırılması ilə bağlı imzaladığı sərəncamlar həm sözügedən bu sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edir”.

 

Sosial normativ olduğu üçün də minimum əməkhaqqının artırılması qərarı özəl sektorda çalışanları da əhatə edəcək. İ.İsayev deyib ki, minimum əməkhaqqının artırılması özəl sektorda çalışan 350 min insanın əməkhaqqına təsir göstərəcək: “Əmək müqavilələrinin qeydiyyat sistemindən görünür ki, özəl sektorda da minimum əməkhaqqı məbləğində maaş alanlar var. Minimum əməkhaqqı sosial normativ olduğundan ölkədə heç kim işçiyə bundan aşağı maaş verə bilməz. Odur ki, minimum əməkhaqqının artırılmasının dövlət sektorunda çalışanlarla yanaşı, özəl sektorun işçilərinin əməkhaqqına təsir göstərəcəyi şübhəsizdir”.

 

Ölkə vətəndaşlarının əmək hüquqlarının qorunması, işçilərin maddi və sosial rifah halının yaxşılaşdırılması, layiqli həyat şəraitinin yaradılması ölkədə həyata keçirilən siyasətin prioritetlərindəndir. Odur ki, ölkədə bu istiqamətdə ardıcıl tədbirlər görülür. İ.İsayev müqayisə edərək bildirib ki, minimum əməkhaqqı 2005-ci illə müqayisədə 10 dəfə, orta əməkhaqqı isə 5 dəfədən çox artıb. Minimum əməkhaqqının artım dinamikası indiyə qədərki ən böyük artımın gerçəkləşdirildiyini göstərir. Bu qərarın nəticəsi bütövlükdə ölkənin xeyrinə olacaq: “Minimum əməkhaqqının artırılması əmək ödənişində bərabərsizliyi aradan qaldırır, orta təbəqənin formalaşmasına, iqtisadiyyatın canlanmasına müsbət təsir edir”.

 

 

Ruhiyyə DAŞSALAHLI



21.06.2019 | 09:21