Qabiliyyət imtahanı üçün qeydiyyat başlayıb | |
2019/2020-ci tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlərin elektron qeydiyyatı başlanıb.
Qeydiyyat iyunun 20-dən iyulun 3-dək davam edəcək. Bədən tərbiyəsi və idman istiqamətinin 60, 61, 62-ci, təsviri sənət istiqamətinin 14-cü (dizayn) komissiyaları üzrə qeydiyyat iyunun 28-də başa çatacaq. Göstərilən komissiyalarla yanaşı, digər komissiyaların da qeydiyyatından keçmək istəyən abituriyentlər öz seçimlərini iyunun 28-nə kimi təsdiqləməlidirlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının 2 istiqaməti və ümumilikdə 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
Abituriyentlər DİM-in saytında xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat üçün https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=69 linkindən istifadə edə bilərlər. Bunun üçün abituriyent şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan məbləği (qeydiyyatdan keçmək istədiyi komissiyaların sayından asılı olaraq) şəxsi kabinetindəki hesabına əlavə etməlidir.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında verilib.
Tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar 2019-cu ildə nəşr edilmiş abituriyent jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayında verilib.
I ixtisas qrupunun xüsusi qabiliyyət tələb edən memarlıq ixtisası üzrə qeydiyyat 8-13 iyul tarixlərində aparılacaq, qabiliyyət imtahanları isə 19-23 iyul tarixlərində təşkil olunacaq.
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qeydiyyat 8-16 iyul tarixlərində aparılacaq, qabiliyyət imtahanları isə 18-22 iyul tarixlərində keçiriləcəkdir.
|
|
20.06.2019 | 20:21 | |
|
|
|