İnformasiya Texnologiyaları İnstitutu Xarkov Milli Radio Elektronika Universiteti ilə əməkdaşlıq edəcək

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Ukraynanın Tətbiqi Radio Elektronika Elmlər Akademiyasının akademiki, Xarkov Milli Radio Elektronika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru, Azərbaycanın Əməkdar elm xadimi, texnika üzrə elmlər doktoru, professor Murad Ömərov ilə görüş keçirilib. Görüşdə məqsəd bu iki elmi qurum arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi olub.

 

İTİ-dən verilən məlumata görə, tədbirdə institutun direktoru, akademik Rasim Əliquliyev elm və təhsilin inteqrasiyasına xidmət edən hər bir elmi-tədqiqat müəssisəsi üçün beynəlxalq elmi əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsinin  prioritet məsələlərdən olduğunu qeyd edib. Rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri haqqında qonağa məlumat verən alim informasiya texnologiyaları və informasiya cəmiyyətinin müxtəlif istiqamətləri üzrə aparılan elmi-tədqiqatlar, əməkdaşlıq əlaqələrinin inkişafı ilə bağlı görülən işlərdən söz açıb.

 

R.Əliquliyev bildirib ki, iki ölkə arasında elmi əməkdaşlıq əlaqələrinin davam etdirilməsi Azərbaycanda elm sahəsində əldə olunan nailiyyətlərin Ukrayna ictimaiyyətinə təqdim edilməsinə və diaspor fəaliyyətinin daha da güclənməsinə geniş imkanlar açır.

 

Sonra Murad Ömərov diaspor təşkilatının üzvü kimi müxtəlif ölkələrin təhsil müəssisələri ilə elmi əlaqələrin genişləndirilməsi, elm, təhsil layihələrinin və bu sahədə təcrübə mübadiləsinin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib.

 

Təmsil etdiyi ölkə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsindəki əməkdaşlıqdan söz açan alim İnformasiya Texnologiyaları İnstitutu ilə birgə elmi tədqiqatların aparılmasında  maraqlı olduqlarını söyləyib.

 

R.Əliquliyevin sözlərinə görə, hər iki elmi-tədqiqat müəssisəsi arasında birgə konfransların keçirilməsi və qrantlarda iştirak, kibertəhlükəsizlik və elektron təhlükəsizlik sahələrində aparılan tədqiqatlara dəstək, eləcə də jurnallarda təmsilçilik üzrə təcrübə mübadiləsinin aparılması  institut və universitetin  gələcək fəaliyyətinin səmərəliliyinin artırılmasında mühüm rol oynayacaq.

 

Sonda müzakirələr aparılıb, suallar cavablandırılıb. İki qurum arasında elmi əlaqələrin qurulması məqsədilə memorandumun imzalanmasına dair razılıq əldə olunub.

 

Yusif ƏLİYEV



16.04.2018 | 17:59