ADA Universitetində IV Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb | |
İyunun 19-da ADA Universitetində ikigünlük "İnklüziv, bərabər və keyfiyyətli təhsilə doğru: imkanlar, məqsədlər və hədəflər" mövzusunda IV Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb. ADA Universitetinin, Təhsil Nazirliyinin, Dünya Bankının və UNİSEF-in birgə təşkilatçılığı ilə keçirilən konfransda Təhsil Nazirliyi və ADA Universitetinin rəhbər heyəti, respublika təhsil ictimaiyyətinin nümayəndələri, ali məktəb rektorları, bir sıra beynəlxalq təşkilatların təmsilçiləri iştirak edib. Tədbiri ali məktəbin akademik işlər üzrə prorektoru Vəfa Kazdal açaraq konfransın məqsədi, əsas hədəfləri, əhəmiyyəti barədə məlumat verib. V.Kazdal ADA Təhsil İnstitutunun fəaliyyəti və təşəbbüskarı olduğu bir sıra beynəlxalq tədbirlər barədə məlumat verərək IV konfransın daha geniş səviyyəli olduğunu bildirib. Onun sözlərinə görə, konfransa maraq ildən-ilə artır. Əgər 1-ci konfransa 25 tədqiqat işi təqdim olunmuşdusa, 4-cü konfransa 10-u xaricdən olmaqla 100-ə yaxın tədqiqat işi göndərilib. Konfransın həm ümumi, həm də konkret məqsədlərinin olduğunu diqqətə çatdıran V.Kazdal qeyd edib ki, ümumi məqsəd gənclərdə təhsil sahəsində aparılan tədqiqatlara marağı artırmaq, tədqiqatlara sövq etməkdir. Əsas hədəflərdən biri xüsusilə də yerli və beynəlxalq təcrübəni bir araya gətirməkdir. Ümumi məqsəd ondan ibarətdir ki, Təhsil Nazirliyinin təhsil sahəsində həyata keçirdiyi strategiya xəttinə paralel olaraq tədqiqata olan marağı artırmaq və ölkəmizdə tədqiqatın səviyyəsini beynəlxalq səviyyəyə çatdırmaqdır. Çıxışının sonunda V.Kazdal təhsil konfransının keçirilməsində Təhsil Nazirliyinin dəstəyinin mühüm rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev konfrans iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb və konfransın nəticələrinin daha vacib olduğunu diqqətə çatdırıb. Universitetin təhsilin idarə edilməsi fakültəsinin nisbətən yeni yaradılmış qurum olmasına baxmayaraq ali məktəbin həyatında mühüm yer tutduğunu deyən rektor konfransın nəticələrinin kitab şəklində dərc olunaraq ictimaiyyətə çatdırılmasını tövsiyə edib. Rektor ADA Universitetindən olan 3 PHD tələbəsinin xaricdə təhsilinin Təhsil Nazirliyi tərəfindən maliyyələşdirildiyini qeyd edib. Təhsil Nazirliyinə bu sahədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirən rektor bu istiqamətdə işlərin davam etdirilməsinin zəruriliyini qeyd edərək universitet üçün müəllim kadrlarının hazırlanması məsələsinin çox aktual olduğunu diqqətə çatdırıb. "Əsas məqsədimiz odur ki, Avropa və Amerikanın PHD proqramlarına diqqət yetirək. Hazırda bu sahədə xüsusi dövlət proqramı hazırlanıb. Çox yaxşı olacaq ki, bizim ümidverici kadrlarımızı xarici universitetlərə göndərək və özümüz üçün müəllim hazırlayaq". Konfransın bu işdə rolunun böyük olduğunu deyən rektor tədbirin işinə uğurlar arzulayıb. Rektorun təbirincə, tədbirin işi təkcə məqalə vermək, çıxış etmək deyil, həm də müəllimlərin öz aralarında təhsilimizin ümumi problemlərinə dair müzakirələr aparmasıdır. “Konfransda maraqlı mövzular müzakirə olunacaq. Təhsildə gündəmdə olan problemlər araşdırılacaq və onların həlli yolları axtarılacaq. Ümid edirəm ki, builki konfransdan da gözlənilən nəticələr əldə olunacaq”, – deyə rektor qeyd edib.
Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın ən qabaqcıl ali məktəblərindən biri olan ADA Universitetində belə konfransın keçirilməsinin olduqca əhəmiyyətli olduğunu deyərək qeyd edib ki, "İnklüziv, bərabər və keyfiyyətli təhsil" məsələləri hər bir təhsil sistemi qarşısında duran ən əsas vəzifələrdəndir. "Təhsil Nazirliyi olaraq bizim qarşımızda duran ən vacib məsələ hər bir gəncə, hər bir şagirdə, tələbəyə keyfiyyətli təhsil vermək imkanlarının təqdim edilməsidir".
C.Bayramov çıxışında qarşıda duran çağırışlar, bir sıra hədəflər və bu sahədə həyata keçirilən işlər barədə konfrans iştirakçılarına məlumat verib. Nazir qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən və ölkəmizdə təhsil sahəsində islahatların "Yol xəritəsi" olan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın qəbulundan artıq 5 il keçir. Strategiyanın qəbul edilməsində əsas hədəf əhatəliliyinə və keyfiyyətinə görə Azərbaycan təhsil sisteminin dünyanın qabaqcıl ölkələri səviyyəsinə çatdırılması, təhsilin məzmunu, kadr hazırlığı, infrastruktur, idarəetmə sahəsində yeni yanaşmaların tətbiq edilməsi yolu ilə ölkəmizdə beynəlxalq səviyyəli təhsil sisteminin qurulması və davamlı olaraq ölkənin inkişafına təminat verilməsi vəzifəsi tutulmuşdur.
Son illərdə ölkəmizin təhsil sistemində həyata keçirilmiş bir sıra islahatlar, təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi, məktəbəqədər təhsilin əhatəliliyinin artırılması, müəllim əməyinin stimullaşdırılması, məktəblərdə sağlam mühitin yaradılması istiqamətində çoxsaylı tədbirlər bu vəzifələrin həllinə yol açıb.
Nazir bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, eləcə də dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqqının artırılması haqqında sərəncamları çox yüksək qiymətləndirib.
Daha sonra Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Naveed Hassan Naqvi, YUNİSEF-in Avropa və Mərkəzi Asiya üzrə Regional təhsil məsləhətçisi Parmosivea Soobrayan dünyada təhsilin inkişafı sahəsində mühüm istiqamətlərdən, qlobal çağırışlar və iqtisadiyyatlar dövründə təhsil sistemləri qarşısında duran vəzifələrdən, Azərbaycanda təhsilin inkişaf trendlərinin dünya təhsilində baş verən dəyişikliklərlə müqayisəli təhlilindən ibarət təqdimatlarla çıxış ediblər. Qonaqlar Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlərdən və mövcud problemlərdən danışıblar. Konfransın birinci günü panel müzakirələrlə davam edib.
Oruc MUSTAFAYEV |
|
19.06.2019 | 15:48 | |
|
|
|