Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

Respublika fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.

 

Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

 

Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev Respublika fənn olimpiadaları nəticələrinin analitik təhlilinə dair təqdimatla çıxış edib. O bildirib ki, fənn olimpiadalarına maraq ildən-ilə artır. 2018-2019-cu tədris ilində olimpiadaya 30 000-dən çox şagird qatılıb. Olimpiadanın nəticələrinə görə, 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc olmaqla ümumilikdə 299 nəfər qalib elan edilib.

 

Qalibləri təbrik edən Təhsil naziri Ceyhun Bayramov son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Nazir bildirib ki, bu sahədə islahatlara 2014-cü ildən başlanılıb və qısa müddətdə istedadlı uşaqların aşkara çıxarılması üçün bir sıra sistemli işlər görülüb. Beynəlxalq olimpiadalarda nəticələrin ildən-ilə yaxşılaşmasından, mühüm nailiyyətlərin əldə olunmasından bəhs edən C.Bayramov respublika fənn olimpiadaları qaliblərinin müvafiq fənlər üzrə müsabiqədənkənar ödənişsiz əsasda ali təhsil müəssisələrinə qəbul imkanı əldə etmələrini xatırladıb və bunun olimpiadalar sahəsində islahatların əsas göstəricisi olduğunu vurğulayıb.

 

Nazir çıxışının sonunda bütün qalibləri bir daha təbrik edib, onlara uğurlar arzulayıb.

 

Mərasimdə Respublika fənn olimpiadaları iştirakçılarının və onların müəllimlərinin bilik yarışmasının təşkili və keçirilməsi ilə bağlı təəssüratlarının əks olunduğu videoçarx nümayiş edilib.

 

Daha sonra Respublika fənn olimpiadalarında hər fənn üzrə ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya – “Birincilərin birincisi”nə, ümumilikdə olimpiada qaliblərinə mükafatlar təqdim olunub.

 

Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə həyata keçirilir.

 



19.06.2019 | 15:07