ADNSU beynəlxalq konfransa ev sahibliyi edəcək

Azərbaycan Dövlət Neft və Sənaye Unuiversiteti Bakıda 19-20 aprel tarixlərində keçiriləcək Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyasının (UPBA) konfransına ev sahibliyi edəcək. “Qloballaşma və ali təhsildə yeni meyarlar” adlı konfransda iştirak üçün 20-dək ölkədən olan 60-a qədər rektor və digər mötəbər qonaqlar ölkəmizə təşrif gətirəcək.

 

Aprelin 19-da qonaqlar Fəxri xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra konfrans işinə başlayacaq. ADNSU-nun rektoru, professor Mustafa Babanlının açılış nitqindən sonra konfrans iştirakçıları qarşısında salamlama nitqi ilə UPBA-nın prezidenti Kaxa Şengeliya, Azərbaycan Respublikasının Təhsil nazirinin vəzifələrini müvəqqəti icra edən,  nazir müavini Ceyhun Bayramov, Gürcüstanın təhsil və elm naziri Mixail Çxenkeli çıxış edəcəklər.

 

İki gün davam edəcək konfransda aşağıdakı mövzular üzrə müzakirələr aparılacaq:

 

  • Bilik transferinə müasir yanaşma: Fənlərarası tədqiqat,  təşəbbüskar və sahibkarlıq düşüncəsinin yüksəldilməsi;
  • Sosial məsuliyyət və bilik transferi. Universitet və sənaye əməkdaşlığı;
  • Ali təhsildə bərabərlik: təkliflər və imkanlar.

 

Konfransda Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, Lui Paster Universitetinin (Fransa) prorektoru, professor Filip Turek, Lihay Universitetinin (Pensilvaniya ştatı, ABŞ) dosenti, professor, dr. Cill Sperandio, BP şirkətinin xarici əlaqələr və strategiya üzrə vitze-prezidenti Bəxtiyar Aslanbəyli, « ADA » Universitetinin prorektoru, dr. Fariz İsmayılzadə, “Microsoft Azerbaijan” şirkətinin təhsil üzrə layihə rəhbəri Emin Axundov, “Azərbaycan Gənclərinin Nailiyyəti” təşkilatının icraçı direktoru, dr. Sevinc Əmirova Məmmədova, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo və b. çıxış edəcəklər.

 

Qeyd edək ki, Universitet Prezidentlərinin Beynəlxalq Assosiasiyası (UPBA) ali təhsil müəssisələrinin yüksək vəzifəli icraçılarının daxil olduğu beynəlxalq qurumdur. UPBA 1965-ci ildə yaradılıb. Təşkilata üzvlük məhdud olub, regional akkreditasiyaya malik universitetlərin prezidentləri, rektorları və rektor müavinlərinə şamil edilir.



16.04.2018 | 16:04