Nazir Ceyhun Bayramovun iştirakı ilə Qubadlının Hal kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib | |
Azərbaycan Respublikası təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, bu gün hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunub.
Tədbirlərin təşkil olunduğu məktəblərdən birində - Qubadlı rayon Mirağa Əliyev adına Hal kənd tam orta məktəbində keçirilən “Son zəng”də Təhsil naziri Ceyhun Bayramov da iştirak edib.
Tədbirdə çıxış edən nazir məzunlara uğurlar arzulayıb. "Əziz məzunlar, 11 il öncə kiçik yaşlı uşaqlar olaraq məktəbə qədəm qoydunuz. Bu illər ərzində ən sadə biliklərdən, davranış qaydalarından tutmuş müxtəlif fənlərə qədər müxtəlif elm və biliklərə yiyələndiniz. Müasir dünyada bilməyiniz önəmli olan xarici dilləri öyrəndiniz. Bu gün siz artıq müstəqil həyata atılırsınız. Hədəfimiz o olub ki, savadlı olmağınızla bərabər Vətən qarşısında məsuliyyətimizi dərk edən hər tərəfli şəxslər kimi formalaşasınız. Belə olarsa, uğurlarınız çox olacaq. Üstəlik, valideynlərimiz üçün gözəl övladlar, müəllimlərimiz üçün nümunəvi şəxslər olacaqsınız və onların çəkdiyi əziyyəti cəmiyyətə qaytaracaqsınız”-, deyə nazir vurğulayıb.
Tədbirdə iştirak edən Qubadlı rayon icra başçısı Malik İsaqov çıxış edərək məkrəbin məzunlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Rayonun ağsaqqal müəllimi Malik Atakişiyev ölkədə müəllimə verilən dəyərdən danışıb. İndiyədək yüzlərlə məzun yola saldığını deyən ağsaqqal müəllim öz peşəsi ilə fəxr etdiyini, ona və peşəsinə dəyər verən şagirdləri ilə qarşılaşanda qürurlandığını vurğulayıb: “Sevdiyim şagirdlərin məktəbə müəllim olub qayıtdığını görmək məni qürurlandırıb. Bunun həmişə şagirdlərimin mənə verdiyi dəyər olduğunu düşünmüşəm”.
Tədbirdən sonra nazir Ceyhun Bayramov məzunlarlarla görüşüb.
Qeyd edək ki, məcburi köçkünlər üçün salınan yaşayış məskənində olan Mirağa Əliyev adına Hal kənd tam orta məktəbindən bu il 28 şagird məzun olur. Ümumilikdə isə məktəbdə 202 şagird təhsil alır.
Ümumiyyətlə isə 2018-2019-cu tədris ilində ölkəmizin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirir.
Paytaxtın ümumi təhsil müəssisələrində bu il IX sinif üzrə 28 993, XI sinif üzrə isə 19 786 nəfər məzun olub. 45 616 nəfər isə I sinfi başa vurur.
2019-2020-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır.
Ruhiyyə
|
|
14.06.2019 | 12:05 | |
|
|
|