İdmanda da birincilik uğrunda | |
Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış 26 sentyabr 2018-ci il tarixli birgə əmrə əsasən məktəblər arasında respublika çempionatı keçirilib. Ölkə üzrə 2397 ümumi təhsil müəssisəsinin qatıldığı yarışlarda basketbol, voleybol, atletika və şahmat üzrə 202248 şagird qeydiyatdan keçərək birincilik uğrunda mübarizə aparıb.
Çempionatın keçirilməsində məqsəd ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağın artırılması, məktəblərdə sağlam və aktiv həyat tərzinin təşviqi, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsi, eyni zamanda birgə əmri imzalayan hər bir qurumun potensialından və koordinasiya imkanlarından istifadə olunaraq çempionatın keçirilməsi nəticəsində idmanda kütləviliyi təmin edərək yüksək nailiyyətlər və uğurlar qazanmaqdır.
Qeyd edək ki, çempionata hazırlıqla əlaqədar 2018-cil ilin oktyabr ayı ərzində müəyyən edilmiş zonalar üzrə yarışların baş hakimlər kollegiyası tərəfindən seminarlar təşkil edilib. Bakı, Gəncə şəhərlərində, Ağdaş, Salyan, Xaçmaz rayonlarında keçirilən seminarlarda zonalar üzrə respublikanın bütün rayon (şəhər) gənclər və idman idarələrinin, uşaq-gənclər idman-şahmat məktəblərinin rəhbərləri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) fiziki tərbiyə metodistləri iştirak ediblər. Seminarlarda iştirakçılara çempionatın mərhələlər üzrə yüksək səviyyədə təşkili, müvafiq sənədləşmə işlərinin aparlıması ilə əlaqədar tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin şagirdləri 2018-2019-cu tədris ili ərzində keçirilən çempionatın əsasnamə və proqramına uyğun olaraq şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə yarışlarda iştirak edərək qüvvələrini sınayıblar.
Şahmat və atletika idman növləri üzrə keçirilən yarışlar ölkədaxili xarakter daşıyıb, voleybol və basketbol idman növləri üzrə keçirilən yarışlar isə məktəblərarası beynəlxalq yarışlara seçim mərhələsi rolunu oynayıb.
Məlumat üçün bildirək ki, yarışların məktəbdaxili mərhələsinə 1442 orta məktəb üzrə 69.216 şagird (basketbol), 1303 orta məktəb üzrə 62.544 şagird (voleybol), 2262 orta məktəb üzrə 54.288 şagird (atletika) və 675 orta məktəbdən 16.200 şagird (şahmat) qoşulub.
Voleybol idman növündə I yeri Bakı şəhəri 269 nömrəli tam orta məktəbin, II yeri Şəki rayonu Böyük Dəhnə kənd 2 nömrəli tam orta məktəbin, III yeri isə Ağdaş rayonu Yuxarı Nemətabad kənd tam orta məktəbinin komandaları tutub.
Şahmat idman növündə I yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəbin, II yeri Bakı şəhəri 6 nömrəli məktəb-liseyin, III yeri Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin komandaları bölüşüblər.
Basketbol idman növündə I yerə Bakı şəhəri 269 nömrəli tam orta məktəbin, II yerə Gəncə şəhəri 19 nömrəli tam orta məktəbin, III yerə isə Bakı şəhəri 160 nömrəli Klassik gimnaziyanın komandaları layiq görülüb.
Atletika idman növü üzrə I yerə Ucar royonu Heydər Əliyev adına Qazqumlaq kənd 2 nömrəli tam orta məktəbin, II yerə Bərdə rayonu Xanqaraqoyunlu kənd tam orta məktəbinin, III yerə isə Balakən royonu Şərif kənd tam orta məktəbinin komandaları sahib çıxıb.
Yarışların nəticəsi olaraq qalib məktəb komandaları Yunanıstanın Heraklion, Xorvatiyanın Porez şəhərlərində keçirilən məktəblərin dünya çempionatında ölkəmizi təmsil ediblər.
Elə bu məqamda istərdik ki, qalib məktəblərin müəllim və direktorlarının çempionatla bağlı təəssüratlarını bölüşək.
“Keçici kuboku qazandıq”
Bakıdakı 269 nömrəli tam orta məktəbin idman müəllimi Azər Ələkbərov: “Uşaq və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, fiziki inkişaflarının təmin edilməsi üçün şəraitin yaradılması, idmanın ayrı-ayrı növləri üzrə məktəblilərin idman fəaliyyətinin səmərəli qurulması üçün bu çempionatın xüsusi rolu vardır. Çox sevinirik ki, bu çempionatda iştirak edib qalib olduq. Bizim məktəb basketbol və voleybol idman növləri üzrə çempionluğa imza atıb. Məktəbimizdə idmana, xüsusən də bu idman növlərinə sevgi çox yüksək səviyyədədir. Şagirdlərimizlə voleybol üzrə “Təhsil” Respublika İdman Mərkəzinin 7 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman məktəbinin məşqçi müəllimləri, basketbol üzrə isə mən məşğul oluram. Məktəbimiz bu çempionata yüksək səviyyədə hazırlaşmışdı. Şükürlər olsun ki, əziyyətimiz yerdə qalmadı. Biz bu turnirin iki idman növü üzrə qalibi olduğumuz üçün, həm də çempionatın ümumi nəticələrinə görə 1-ci yerə layiq görüldüyümüzə görə keçici kubokla da təltif olunduq. Çempionatın nəticəsi olaraq oğlanlarımız Yunanıstanın Heraklion, qızlarımız isə Xorvatiyanın Porez şəhərlərində keçirilən məktəblərin dünya çempionatında iştirak etdilər. Bütün bunlara görə tədbirin təşkilatçılarına məktəbimiz adından təşəkkürümüzü bildiririk”.
“Mübarizəmiz bizi qalib etdi”
Bakıdakı 60 nömrəli tam orta məktəbin direktoru Fayaz Hüseynov: “Azərbaycanda idmana dövlət tərəfindən göstərilən diqqət və qayğı, idmançılarımızın əldə etdiyi böyük uğurlar, müasir standartlara cavab verən idman infrastrukturu və ölkəmizin ümumi inkişafı hamı kimi məni də sevindirir. Gənclərin intellektual və mənəvi inkişafında, asudə vaxtlarının səmərəli təşkilində şahmat əvəzsiz vasitədir. Zəka oyununun inkişafı hər bir ölkənin, xalqın ümumi intellektual potensialının göstəricisidir. Ölkəmizdə bu növün dövlət səviyyəsində himayə olunması, infrastrukturun müasirləşdirilməsi, beynəlxalq səviyyəli şahmat mütəxəssislərinin hazırlanması sahəsində ardıcıl işlər görülür. Bu, şahmata nə qədər önəm verildiyinin göstəricisidir. İdman sahəsinə, xüsusən də şahmata olan maraq bizim məktəbdə də çox yüksək səviyyədədir. Məktəblər arasında təşkil olunmuş respublika çempionatında qalib komandalar arasında olmağımız məni fərəhləndirir. Çempionat başlayan vaxtı mən şagirdlər və onların valideynləri ilə görüşdüm. Və bu yarışın əhəmiyyəti barədə onlara məlumat verdim. Yarışda çox güclü komandalar var idi. Şahmat idman növü üzrə mübarizəmiz bizi qalib etdi”.
“Əmin idik ki, qalib olacağıq”
Ucar rayonu Heydər Əliyev adına Qazqumlaq kənd 2 nömrəli tam orta məktəbin direktoru Elburus Baxşəliyev: “Bu çempionat məktəblilərin idmanla məşğul olması üçün onları həvəsləndirmək, olimpiya idman komplekslərindən, idman bazalarından səmərəli istifadəni təşkil etmək məqsədilə böyük əhəmiyyətə malikdir. Yüksək səviyyədə təşkil olunan çempionat bu gün məktəblər arasında idmanın unikal inkişafına daha da təkan verdi. Biz bu yarışlara çox güclü şəkildə hazırlaşmışdıq. Rayon mərhələsindən uşaqların çevikliyi və idmanın atletika növünə olan böyük həvəsləri məni əmin etdi ki, biz qalib olacağıq. Qalib olmağımız şagirdlər arasında böyük ruh yüksəkliyi yaratdı. İndi məktəbimizdə komandamızın çempionluğu digər şagirdlər üçün də bu idman növünün təbliği və idmana olan marağı artırdı. Sevincimizin hədd-hüdudu yoxdu. Bu çempionatın yüksək səviyyədə təşkilinə görə Təhsil, Gənclər və İdman nazirliklərinə, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasına məktəbimiz adından təşəkkürümüzü bildirirk” .
Qeyd edək ki, iyunun 4-də məktəblər arasında təşkil olunuş respublika çempionatı qaliblərinin təltif olunması mərasimi keçirilib.
Tədbirdə Təhsil naziri Ceyhun Bayramov, Gənclər və İdman naziri Azad Rəhimov, millət vəkilləri, tərəfdaş qurumların əməkdaşları, tanınmış idmançılar, təhsil müəssisələrinin rəhbərləri, müəllim və şagirdlər iştirak ediblər.
Dövlət himninin səsləndirilməsi ilə başlayan mərasimdə Təhsil naziri Ceyhun Bayramov təhsilin keyfiyyətinin yüksəldilməsində təhsilalanların sağlamlığının əhəmiyyətini vurğulayaraq sağlam həyat tərzini təşviq edən layihələrin dəstəkləndiyini qeyd edib. Ceyhun Bayramov məktəb idmanı sahəsində sözügedən yarışların əhəmiyyətindən danışıb və qalibləri təbrik edib.
İdmançıların məktəb yaşlarından formalaşmağa başladığını, belə yarışların istedadlı idmançıların seçilməsinə müsbət təsir göstərəcəyini diqqətə çatdıran Gənclər və İdman naziri Azad Rəhimov onların peşəkar idmançı kimi yetişməsi üçün vacib olduğunu bildirib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə öz növbəsində ölkəmizdə idmanın inkişafında məktəb idmanının əhəmiyyətini qeyd edərək birgə əməkdaşlığın şagirdlər arasında Olimpiya hərəkatının təşviq edilməsində xüsusi rol oynayacağını vurğulayıb.
Məktəb İdmanları Federasiyası tərəfindən həyata keçirilən layihələr barədə danışan AMİF-in prezidenti Sevinc Hüseynova gələcəkdə çempionat çərçivəsində keçirilən oyunlarda qalib məktəblərin komandalarının beynəlxalq yarışlarda iştirakına dəstək olacağını qeyd edib.
Qaliblər və çempionat çərçivəsində fəaliyyətlərinin qiymətləndirilməsi nəticəsində 1, 2, 3-cü yerlərə layiq görülmüş ümumtəhsil məktəbləri təltif olunub. Çempionatın ümumi nəticələrinə görə 1-ci yerə layiq görülən ümumi təhsil müəssisəsinə keçici kubok təqdim edilib.
Rəşad ZİYADOV
|
|
16.06.2019 | 12:44 | |
|
|
|