Sürətlə oxumaq | |
Beş il bundan əvvəl Miçiqan Universitetinin tələbəsi Derek Magill təhsili atmaq qərarına gəlir. Derek əmin idi ki, kollec ona yeni heç nə verməyib, əksinə, təhsil xərclər tələb edir. Magill qərara gəlmişdi ki, doğma şəhərinə qayıtsın və marketinqlə məşğul olsun.
Bəs biz belə bir addım atsaq, nələr baş verər? Düşünmək hətta qorxuludur. Böyüklərin tənbeh və danlağını bir kənara qoyun, özümüz peşman olmazdıqmı? Derekin isə əhvalı belə korlanmamışdı - özünü dağların zirvəsində hiss edirdi. Qərarı qəbul edərkən necə əmin idisə, günlər keçəndən sonra da bu qənaətində qalmışdı. Bu azmış kimi atdığı addımın düzgünlüyünə o qədər inanırdı ki, tezliklə ölkəboyu səyahətə start verərək, gəncləri təhsili bir kənara qoyub real işlərlə məşğul olmağa səsləməyə başladı.
“Rezümeni at”
Hazırda Derek “Praxis” adlı startapın marketinq şöbəsinin rəhbəridir. O, ətrafına yığdığı gəncləri təklif etdiyi təhsilə alternativ yanaşma ideyasına inandırmağa müvəffəq olub.
ABŞ-ın Əməyin Statistikası Bürosunun 2013-cü ilə olan məlumatına görə, ölkədə sürətlə yayılan və inkişaf edən 30 peşədən yalnız 5-i ali təhsil tələb edir. “Praxis” və ona bənzər startapların əsas məqsədi bu boşluğa “sığal” çəkməkdir. Bu qurumlar gəncləri əmək fəaliyyətinə elə hazırlayırlar ki, ənənəvi təhsilə ehtiyac olmur, lazım olan peşəyə hazırlıq isə pul kisəsi üçün minimum itkiyə başa gəlir. Müəllimlər tədrisin müxtəlif eksperimental texnikalarını sınaqdan çıxarır, əsasən də onlayn-marketinq və kodinq kimi rəqəmsal bacarıqlara önəm verirlər.
Əksər iri şirkətlər ali məktəblərin hazırladıqları məzunların bilik və bacarıq səviyyəsindən razı deyillər. Onların bir qismi hətta işə götürərkən namizəddən diplom belə istəmir. “Praxis”in saytında bir bölüm var, belə adlanır: “Öz rezümeni at”. Burada şirkətlərin işə götürmək istədikləri şəxslərin CV, xaricdə təhsil barədə diplomları, ixtisasartırma və liderliyə dair kurslarda iştiraklarını təsdiqləyən sertifikatlarına necə önəm vermədiklərinə dair saysız-hesabsız məlumatlar var. Gənclərin bir qismi “Praxis”lə razılaşmır, ancaq startap təmsilçiləri deyirlər ki, onlarla həmfikir olmayanlar bilməlidirlər: siz işə qəbul olunmaq üçün müraciət etdikdə, yüzlərlə sizin kimi lazımsız sənədlərlə təmin olunmuş şəxsləri də eyni aqibət gözləyir. Derek kimi düşünənlər hesab edirlər ki, ali məktəblər məzunlarına iş dalınca göndərdikləri istiqamətlərə müvafiq təhsil verə bilmirlər.
Burada bir məqamı dəqiqləşdirmək lazımdır. “Praxis” və onun kimi startapların müəllifləri heç də demirlər ki, oxumaq lazım deyil. Onlar sadəcə bu qənaətdədirlər ki, tələbələr özləri öz tədris proseslərini idarə edərkən daha yaxşı oxuya bilərlər.
Məhz buna görə də bir sıra şirkətlər işə yeni işçi götürərkən nə diplom yoxlayır, nə də imtahan edirlər. Sadəcə olaraq maraq dairəsini soruşurlar. Sənə hansı sahə yaxındır, hansı ixtisas üzrə işləmək istəyirsən? Məsələn, İT. Buyur, səni bu sahə üzrə mütəxəssisimizlə tanış edək, söhbətləşin. Bax, bu söhbət və tanışlıq əsnasında da kimin nəyə qadir olduğu aydınlaşır.
Derek onun yanaşmasına skeptik münasibət bəsləyənlərə belə bir misal çəkir: “Təsəvvür edin ki, siz universitetə daxil olmusunuz. Elə ilk gündəcə rektor mikrofonu götürür və deyir ki, diplom verməyəcəyik, hər kəs oxumağında olsun, mühazirələr adi qaydada keçiriləcək, təhsil haqqını da həmişəki kimi ödəyəcəksiniz. Necə bilirsiniz, əksəriyyət qalar belə universitetdə?”. “Praxis” isə tədris proqramı ilə paralel iş də təklif edir. Karyerasını yenicə qurmuş gənclər saatı 15 dollar olmaqla onlara maraqlı sahələrə dair müxtəlif işlər görə bilərlər. Bir çox şirkətlər belə gənclərlə maraqlanır. Cəmi 6 aylıq praktika bəs edir ki, təqribən 2000 dollar pul qazanasan və üstəlik, təcrübə əldə etməklə karyeranın əsasını qoyasan.
“Sukerberq səhvi”
“Praxis” və ona bənzər startaplar, yaxud Derek kimi düşünən gənclərin sayı artmaqdadır. Bu isə təbiidir: rəqəmsallaşan dünyanın sürəti artıb, ənənəvi ləng təhsil izlədiyimiz tərəqqidən geri qalır. İndi fəzaya kosmik raketləri dövlətlər deyil, imkanlı və bacarıqlı fərdlər də göndərə bilir. Silah istehsal edən şirkətlər onların məhsullarının dövlətlər tərəfindən alınması üçün fərqli məcburedici təzyiq vasitələrindən istifadə edirlər. Dövlətin iqtisadi və xarici siyasətini faktiki olaraq biznes müəyyən və idarə edir. Belə bir şəraitdə Derek kimi düşünən və fəaliyyət göstərənlərin peyda olmaları qeyri-adi qarşılanmamalıdır. Ancaq eyni zamanda o da unudulmamalıdır ki, təhsili birdəfəlik inkar etmək həm olmaz, həm də mümkün deyil. Axı ali məktəbdən hər uzaqlaşan Bil Geyts və Mark Sukerberq ola bilməz! Çünki onların içində heç də hamısı dahi gənclər deyil, təhsilsiz qalanların sırasında xeyli sayda uğursuz şəxslər də var. Bax, onlar, bir az geniş anlamda isə qeyri-adiliyi ilə seçilməyən əksəriyyətə universitet təhsili mütləq qaydada lazımdır. “Sukerberq səhvi” adlanan bir amil var: təhsili atanların heç də hamısı dahi gənc deyil ki, oturub tələbə yataqxanasında özlərinin milyardlıq startaplarının əsasını qoysun. Əgər sən adi tələbəsənsə, universitetdə qalmağın məsləhətdir, yoxsa həyatda heç nəyə nail olmayacaqsan. Statistikaya görə, ABŞ-da ali məktəbi bitirənlər həyatları boyu ali təhsili yarımçıq qoyanlardan 700 min dollar çox pul qazanırlar. Universiteti atmış və təhsilini yarımçıq qoymuş təqribən 30 milyon nəfər həyatını kasıbçılıqla başa vurub, yaxud sürməkdədir.
Bəs Derek nə düşünür bu statistika barədə? Təbii ki, fikrindən dönən deyil: “Universitetlərin bizə daha çox pul qazanmağa kömək etdiklərini iddia etmək basketbolun boyumuzu uzatmasına dair qənaətlərə bənzəyir!”.
“Qızıl qandallar”
“Orta yaş böhranı” keçirən şəxslər arasında belə bir maraqlı müzakirə mövzusu var: “Qızıl qandallar” nəzəriyyəsi. Bu yanaşmaya əsasən, siz maraq dairənizə aid olmayan işdə nə qədər çox qalacaqsınızsa, həmin iş yerini tərk etməyiniz o qədər də çətin və ağır olacaq. Pul, güzəşt və status sizi məcburən bu işə bağlayır. Digər tərəfdən də ailə, ipoteka, uşaqların təhsili, xeyir-şər və s. və i.a. Bütün bunlar sizin işinizi dəyişməyiniz və karyeranızı yenidən başlamağınız yolunda qarşınıza çıxan əngəllərdir. Derek kimilər isə hesab edirlər ki, sizin ali məktəbi gənc yaşlarınızda atmanız gələcəkdə maliyyə azadlığınızın əsası ola bilər. Təhsili davam etdirənlər üçün işgüzarlıq və biznes bacarıqları həmişə riskli, əmək haqlarının səviyyəsi isə aşağı olacaq. Tələbələr inanırlar ki, öz gələcəklərini müəyyən edirlər, əslində isə onların hamısı tez iş tapmaq arzusundadır. Sonra nə olar-olar.
Bax, beləcə, biz bir neçə problemlə qarşı qarşıya qalırıq: iş yeri tapırıq, ancaq nə vaxt istirahət götürək, məzuniyyətdə hara gedək, kimlərlə dostluq edək və ən nəhayət, maliyyə azadlığına necə nail olaq. Derekə görə isə ali məktəbi vaxtında atmış şəxslər üçün belə suallar mövcud deyil, onlar artıq maliyyə azadlığı qazanıblar. Belə gənclərin həyatında onların vaxtını alacaq lazımsız məşğuliyyətlər üçün yer yoxdur. Eyni zamanda, onları gecə-gündüz işləyən də hesab etmək olmaz - idmana da vaxt tapırlar, meditasiyaya da.
Araşdırmalara görə, 2000-ci illərin əvvəllərində dünyaya gələn gənclərin mütləq əksəriyyəti ya özü üçün çalışmaq istəyir, ya da işlədikləri şirkətləri tərk etməyi arzulayırlar. İndi anladınızmı nədən tez-tez gənclərin müxtəlif sahələrdə nou-haulara asanlıqla imza atdıqlarına təəccüblənirik? Onlar fərqli düşünürlər. Onlar üçün bizim həyatımız darıxdırıcıdır. Biz “qızıl qandal”larda depressiyada olduğumuz vaxt onlar Sukerberq yolu ilə getməyə can atırlar. “Praxis”in yaradıcılarından biri Zak Slaybek hesab edir ki, universitetlər indiki halda azad düşüncə və kreativliyin qarşısında böyük maneədirlər. Ali məktəbdə xırda bir cəhdlə ev tapşırığını edib məqbul qiymət almaq, ciddi cəhdlər göstərməyinizə baxmayaraq, digərlərinin sürətlə qabağa getdiyini görüb həsəd aparmağınız kimi vəziyyətləriniz ənənəvi problemlərdir. Bütün bunlar təbii ki, nailiyyət qazanmaq yolunda səddə çevrilirlər. Sadəcə, bir məqamı yaxşı dərk etmək lazımdır:
Mövzunu bitirərkən belə bir sualı cavabsız qoya bilmərik: Tutaq ki, universitetlər bizi tənbəl və bacarıqsız edirlər və biz onları tərk etməliyik. Bəs onda məsələnin sosial tərəfi? Axı biz ali məktəblərdə dostlar və həmfikirlər qazanırıq, birlikdə vaxt keçirib bir-birimizin həyatına rəng qatırıq. Yəni bütün bunlar olmasın?. “Praxis”in iştirakçılarından olmuş Evan Li bu suala belə cavab verir: “Mən adi məktəbdə oxumuşam. Evdə təhsil alan uşaqlar isə demək olar dünyanı görmürdülər. “Praxis”ə gəlməyimin səbəbi o oldu ki, hamıya sübut etmək istəyirdim: bizim kimi azlıq təhsildən asılı olmayaraq bu həyatda uğur qazanmağa layıqdir. Biz təhsilsiz də nailiyyətləri sıralaya bilərik. Ancaq düzünü deyim, mən həmişə universitet üçün darıxmışam. Bizim yaş üçün sosium çox vacibdir. Universitetdə müxtəlif insanlarla ünsiyyətdə olursan. Biz “Praxis”də ildə bir dəfə bir yerə toplaşırdıq, ancaq hiss edirdim ki, bu, universitet toplantılarını əvəzləyə bilmir. Məhz bu amil olmasaydı, mən “Praxis”i heç vaxt tərk etməzdim”.
Əlavə edək ki, Evan “Praxis”dən çıxıb yenidən ali təhsil almaq üçün Cənubi Karolina Universitetinə daxil olub.
Rüstəm QARAXANLI
|
|
14.06.2019 | 09:52 | |
|
|
|