“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədbir

İyunun 12-də Bakı şəhəri 6 nömrəli məktəb-liseydə “Rəqəmsal bacarıqlar” pilot layihəsi çərçivəsində görülən işlərə həsr olunmuş tədbir keçirilib.

 

Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, “Alqoritmika” şirkətinin baş direktoru Andrey Lobanov, “Rəqəmsal bacarıqlar” layihəsinin rəhbəri Fəxri Qurbanov, informasiya texnologiyaları və təhsil üzrə ekspertlər, ümumtəhsil məktəblərinin rəhbərləri, müəllim və şagirdlər iştirak edib.

 

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva əvvəlcə  son illər ərzində  təhsil sahəsində əldə olunan uğurlardan danışıb. “Rəqəmsal bacarıqlar” layihəsinin əhəmiyyətini vurğulayan nazir müavini bildirib ki, beynəlxalq təcrübə öyrənilməklə müasir informasiya texnologiyalarının tədris prosesində tətbiqi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda öz əksini tapıb.

 

Məhəbbət Vəliyeva qeyd edib ki, informatika fənninin yeni formatda tədrisi müasir texnologiya və rəqəmsal  bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir, uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.

 

Tədbirdə çıxış edən layihə rəhbəri Fəxri Qurbanov son illər ərzində layihə çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat verib.  Əldə olunan nailiyyətləri sadalayan Fəxri Qurbanov yeni tədris ilinin başlanğıcından etibarən layihənin ümumilikdə 6 şəhərdə (Bakı, Gəncə, Biləsuvar, Sumqayıt, Mingəçevir, Şamaxı) həyata keçiriləcəyini və 120 məktəbin 4-8 sinif şagirdlərini əhatə edəcəyini söyləyib.

 

Tədbirdə “Alqoritmika” şirkətinin baş direktoru çıxış edərək layihənin uğurları və dünyada təhsil sahəsində aparılan yeniliklər barədə danışıb.

 

Sonra Təhsil Nazirliyi və “Alqoritmika” beynəlxalq şirkəti ilə birgə keçirilən “Marsiada-2019” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

 

Müsabiqənin əsas məqsədi Scratch proqramlaşdırma mühitində 5 və 6-cı sinif şagirdlərinin yaradıcı qabiliyyətlərinin aşkarlanması, bilik səviyyəsinin qiymətləndirilməsi, onların marağında olan mövzu və qəhrəmanların müəyyən edilməsidir.

 

Müsabiqədə Bakı, Gəncə və Biləsuvar şəhərlərində yerləşən 73 məktəbdən 1024 şagird iştirak edib. “Alqoritmika”nın platformasında Scratch proqramlaşdırma mühitində hazırlanan məktəblilərin orijinal layihələri müsabiqəyə qəbul edilib. İştirakçıların işləri 5 meyara əsasən qiymətləndirilib: ideyanın bütövlüyü və layihənin məzmunu; texniki reallaşdırma; yaradıcılıq; qrafik keyfiyyəti; səsin keyfiyyəti.

 

Müsabiqə 2 əsas - ən yaxşı cizgi filmi və ən yaxşı oyun və 2 xüsusi - ən yaxşı qrafik və səs dizaynları nominasiyaları üzrə keçirilib. İştirakçılardan 28 nəfər qalib olub, 5 nəfər isə müsabiqənin beynəlxalq mərhələsində yer tutub. Qaliblər müxtəlif hədiyyə və diplomlarla mükafatlandırılıb.

 

Tədbirdə həmçinin ilin yekunlarına əsasən, layihənin 15 ən yaxşı müəllimi və 3 ən yaxşı məktəbi mükafata layiq görülüb.

 



12.06.2019 | 15:00