İngilis Dili Olimpiadası başa çatıb

Paytaxt məktəbliləri IV İngilis Dili Olimpiadasında iştirak edib.

 

Olimpiada Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADA Universiteti, Bakı Təhsil və İnformasiya Mərkəzi, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə X-XI sinif şagirdləri arasında keçirilib.

 

Olimpiadanın keçirilməsində məqsəd istedadlı şagirdləri üzə çıxarmaq, onları ingilis dilinin tədrisinə daha da həvəsləndirmək, uğurlu peşəkar karyera qurmaq məqsədilə akademik ingilis dili biliklərinə yiyələmələrinə kömək etməkdən ibarətdir.

 

İki mərhələdən ibarət olan olimpiadada Bakı şəhəri üzrə 164 məktəbdən 556 nəfər şagird iştirak edib. Birinci mərhələdə iştirakçılar ingilis dilinin qrammatikası və oxu üzrə bacarıqlarına dair 50 yazılı sualı cavablandırıblar. İkinci mərhələyə müvəffəqiyyətlə keçən 108 şagirdin yazı və dinləmə bacarıqları qiymətləndirilib.

 

Olimpiadada paytaxtdakı 10, 82, 257 nömrəli tam orta məktəblər, 287 nömrəli Zəkalar liseyi və Məktəb-Lisey Kompleksi fərqlənib.

 

Olimpiada qaliblərinin mükafatlandırılma mərasimində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov iştirak edib. Qalibləri təbrik edən müdir müavini olimpiada iştirakçılarının hər birinin təşəbbüskarlığını yüksək dəyərləndirib.

 

Olimpiadada I yerin qalibi Böyük Britaniyada yerləşən “Stonar School” məktəbində bir həftəlik ingilis dili kursunda ödənişsiz iştirak etmək hüququ, II yerin qalibi noutbuk və ADA Universitetinin İngilis Dili üzrə Yay Məktəbində təhsil haqqına 75 faiz güzəşt, III yerin qalibi isə planşet və ADA Universitetinin İngilis Dili üzrə Yay Məktəbində təhsil haqqına 50 faiz güzəşt qazanıb.

 

 



12.06.2019 | 11:25