III Robot Olimpiadasının qalibləri müəyyənləşib | |
Bakıda 8-19 yaşlı yeniyetmə və gənclər arasında keçirilən III Robot Olimpiadası başa çatıb. Aşağı yaş qrupunda (10-15 yaş) “Qarabağ RC” (sərbəst komanda), yuxarı yaş qrupunda (16-19 yaş) isə Bakı Ali Neft Məktəbinin “TechNoBotics” komandaları qalib olublar. Digər kateqoriyalarda - 8-12 yaş qrupu üzrə Bakı Müasir Təhsil Kompleksinin (BMTK) “Robo-cop”, 13-15 yaş qrupunda “Droger” (BMTK), 16-19 yaşlılarda isə Xəzər Universitetinin “Chicken dönər” komandaları olimpiadanın qalibləri adını qazanıblar.
“INNOFEST” çərçivəsində Gənclər və İdman, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi, Azərbaycan Robototexnika Mühəndisliyi Akademiyasının və “Gənclərin Təhsil, Təlim, Peşə və İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən olimpiada 8-19 yaşlı yeniyetmə və gəncləri əhatə edib və 6 kateqoriya üzrə keçirilib. Qalib komandalar noyabrın 8-10-da Macarıstanda keçiriləcək Dünya Robot Olimpiadasında iştirak hüququ qazanıblar.
2017-ci ildə Azərbaycanda ilk dəfə keçirilən Robot Olimpiadasında 8 ali və orta təhsil müəssisəsindən 22 komanda iştirak edibsə, 2018-ci ildə bu say 22 müəssisə və 54 komandaya qədər yüksəlib. Builki olimpiadada isə 30 müəssisədən 62 komanda iştirak üçün qeydiyyatdan keçib. Bundan əlavə, olimpiadada ilk dəfə Gəncə, Sumqayıt şəhərlərindən və Lənkəran rayonundan olan yeniyetmə və gənclər də iştirak ediblər.
Qeyd edək ki, dünyanın ən böyük robototexnika yarışı olan Dünya Robot Olimpiadası 2004-cü ildən etibarən hər il fərqli mövzular üzrə müxtəlif ölkələrdə keçirilir. İlk dəfə Sinqapurda təşkil edilən bu Olimpiadada 12 ölkə iştirak edib. Hazırda iştirakçıların sayı 70-i ötüb.
Xatırladaq ki, Azərbaycan 2017-ci ilin sonunda Dünya Robot Olimpiadasının həqiqi üzvlüyünə qəbul edilib.
Oruc MUSTAFAYEV
|
|
08.06.2019 | 15:06 | |
|
|
|