Bir statik təsvir əsasında neyroşəbəkə portretləri “canlandırır”

 Rusiyanın Skolkovo Elm və Texnologiya İnstitutunun mühəndisləri və “Samsung AI Center-Moscow” Süni İntellekt Mərkəzinin mütəxəssisləri cəmi bir neçə statik kadr əsasında insanın sifətinin real animasiyalaşdırılmış təsvirini yaradan sistem hazırlayıblar. Bu zaman adətən təsvirlərdən ibarət böyük məlumat bazalarından istifadə tələb olunur, lakin istehsalçılar tərəfindən təqdim edilən nümunədə sistemə cəmi 8 statik kadrdan insan sifətinin animasiyalaşdırılmış təsvirini yaratmağı öyrədiblər.

 

www.hi-news.ru saytının məlumatına əsasən, “Fewshot learning” adlı sistem insanların danışan başlarının və hətta portret şəkillərinin real modellərini yarada bilir. Sistemin öyrədilməsi üçün istehsalçılar tanınmış simaların videotəsvirlərindən ibarət geniş məlumat bazasından istifadə ediblər. İnsanların başlarının statik təsvirlərinin emalı və animasiyalaşdırılması üçün 3 neyroşəbəkədən istifadə olunub: “Embedder” (tətbiqetmə şəbəkəsi), “Generator” (generasiya şəbəkəsi) və “Discriminator” (diskriminator şəbəkəsi).

 

İstehsalçılar söyləyirlər ki, yeni sistem təsvirdəki hər bir insan üçün fərdi şəkildə, generator şəbəkəsi və diskriminator şəbəkəsinin parametrlərini inisializasiya edə bilir. Buna görə də təlim prosesi cəmi bir neçə təsvirə əsaslanır. Bu da milyonlarla parametrin seçilməsi ehtiyacına baxmayaraq, sistemin sürətini artırır.

 

 

Samirə KƏRİMOVA

 



07.06.2019 | 17:57