ADAU və "Elektron kənd təsərrüfatı" informasiya sistemi

ADAU-da ölkədə yaradılan "Elektron kənd təsərrüfatı" informasiya sisteminin mövcud vəziyyəti, qarşıda duran vəzifələr, layihənin icrasında bu ali təhsil müəssisəsinin potensial imkanlarından istifadə ilə bağlı tədbir keçirilib. ADAU-nun mətbuat xidmətindən verilən xəbərə görə, tədbiri rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb.  Rektor deyib  ki,  universitetin maddi-texniki bazasının müasirləşdirilməsi tədbirləri çərçivəsində informasiya texnologiyaları avadanlıqları, proqram və sürətli internetlə təminat, müvafiq ixtisaslar, o cümlədən “yerquruluşu, torpaq və şəhər kadastrı”, “informasiya texnologiyaları” ixtisasları üzrə mütəxəssis hazırlığının aparılması  universitetdə  bu sahədə böyük imkanların olduğunu deməyə əsas verir. Xüsusilə “Yeqruluşu” və “İnformasiya texnologiyaları” kafedralarının müasir avadanlıqlarla və proqramlarla təminatı, elmi-pedaqoji kadrların mövcudluğu, beynəlxalq səviyyəli layihələrin icrası qeyd olunan sahə üzrə kifayət qədər təcrübənin formalaşmasına səbəb olub. Bütün bu imkanlardan səmərəli istifadə etməklə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin komponentlərinin uğurla icrasına dəstək universitetin qarşısında duran ən mühüm vəzifələrdən biridir.

 

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri  İlham Bayramov tədbirdə    "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yaradılması prioritetləri, komponentləri və layihə çərçivəsində görüləcək işlər barədə məlumat verib.

 

Sonra "Elektron kənd təsərrüfatı" sisteminin məlumat bazasının formalaşdırılması üçün tələblər, bu istiqamətdə universitetlə əməkdaşlıq imkanları, o cümlədən müvafiq sahə üzrə mütəxəssislərin, bakalavrların, magistrantların, doktorantların prosesə cəlb edilməsi və onlara təlimlərin keçirilməsi məsələləri müzakirə olunub.



13.04.2018 | 13:00