Bakalavr təhsili almaq istəyən subbakalavrlar üçün uyğun ixtisasların siyahısı müəyyənləşdirildi | |
“Yüksək bal tələb edən ixtisaslara qəbul olunmaq istəyənlər ümumi qaydada ali məktəblərə qəbul imtahanlarında iştirak etməli olacaqlar. Çünki onlar üçün müəyyənləşdirilmiş minimum keçid balı yüksək bal tələb edən ixtisasları tutmaq üçün kifayət etməyəcək”.
Bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq istəyən kollec məzunları üçün keçid balının olub-olmayacağına dair məsələyə münasibət bildirərkən deyib: “Müsabiqədənkənar qəbul hüququndan istifadə edən kollec məzununun seçdiyi hər bir ixtisas üzrə keçid balı müəyyən ediləcək. Onlar yerləşdirmə prosesində həmin balla iştirak edəcəklər”.
Sadəcə keçid balı deyil, ixtisas uyğunluğu da əvvəlcədən müəyyən ediləcək. F.Qədirovun sözlərinə görə, imtahan vermədən ali məktəblərə qəbul olunmaq istəyən kollec məzunları üçün əsas şərtlərdən biri məhz ixtisas uyğunluğudur: “Onlar kollecdə hansı ixtisas üzrə təhsil alıblarsa, ali məktəblərə də həmin ixtisasa uyğun ixtisas üzrə müraciət edə biləcəklər”.
F.Qədirov onu da qeyd edib ki, uyğun ixtisasları siyahısı artıq müəyyənləşdirilib: “Uyğun ixtisasların siyahısı müəyyənləşdirilərkən bir ixtisas deyil, ixtisaslar qrupu müəyyənləşdirilib. Bu da kollec məzunlarının seçim imkanlarını genişləndirir. Həmin siyahı razılaşdırılması üçün Dövlət İmtahan Mərkəızinə təqdim edilib. Müvafiq qaydada razılaşdırıldıqdan sonra Dövlət İmtahan Mərkəzi tərəfindən siyahı xüsusi jurnalda çap ediləcək. Jurnalı əldə etməklə, kollec məzunları siyahı ilə tanış ola biləcəklər.
RUHİYYƏ |
|
06.06.2019 | 15:35 | |
|
|
|