Hər kəs idmançı, şahmatçı olmaq arzusundadır

“Təhsil” Respublika İdman Mərkəzi 11 nömrəli Uşaq-Gənclər İdman Məktəbi Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən 02.08.2017-ci il tarixində təşkil olunub və fəaliyyətə başlayıb.

 

Məktəb Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşir. Məktəbdə 681 idmançı-şagird, 34 məşqçi-müəllim, 21 texniki işçi fəaliyyət göstərir. Şahmat, stolüstü tennis və boks idman növlərinin əsas yer tutduğu məktəbdə  mütəmadi olaraq yarış və turnirlər təşkil olunur. Nəticə əldə edən idmançılar diplom, medal və hədiyyələrlə təltif edilirlər.

 

Şahmat bölməsində 44 qrupda 18 məşqçi-müəllim, 573 nəfər idmançı-şagird, boks bölməsində 5 qrupda  3 məşqçi-müəllim, 58 idmançı-şagird, stolüstü tennis bölməsində isə 5 qrupda 4 məşqçi-müəllim, 60 idmançı-şagird təmsil olunur.

 

Eyni zamanda məktəbdə lazımi şəraitin olduğunu nəzərə alaraq yeni idman növlərinin açılması üçün müvafiq işlər görülür. Qəsəbə sakinlərinin, eləcə də uşaqların hansı idman növünə üstünlük vermələri, maraq dairələri öyrənilir. Qəsəbədə mövcud olan orta ümumtəhsil məktəblərinin şagirdlərini idmana cəlb etmək üçün lazımi təbliğat işlərı aparılır. Məktəbdə tədris prosesi Uşaq-Gənclər İdman Məktəblərinin əsasnaməsinə uyğun qurulur. Uşaqların dərsə davamiyyəti təşkil olunmuş qrupların, eyni zamanda məşqçi-müəllimlərin, o cümlədən digər işçilərin fəaliyyəti gündəlik olaraq nəzarətdə saxlanılır. Şagirdlərin məşqə mütəmadi gəlməsi üçün müxtəlif həvəsləndirici üsullar tətbiq olunur, nizam-intizam qaydalarına ciddi  əməl olunaraq dərsə  davamiyyətdə yüksək nəticə  əldə edilir.

 

Qrupların komplektləşdirilməsi tez bir zamanda uğurla həyata keçirilir. Məktəbdə ilboyu  təqvim planına əsasən kütləvi tədbirlər nəzərdə tutulub.

 

Məktəbin təqvim planına uyğun 15 sentyabr “Bilik Günü”nə həsr olunmuş IV dərəcə uğrunda məktəbdaxili dairəvi sistem üzrə şahmat təsnifat turniri keçirilib, turnirin qalibləri mükafatlandırılıb.

 

20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr edilmiş müəllimlər arasında şahmat turniri, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və “Yeni il” münasibəti ilə əlaqədar şahmat üzrə III və IV dərəcə uğrunda   İsveçrə sistemi üzrə təsnifat turniri keçirilib. Turnirdə 163 şagird iştirak etmiş və 27 idmançı-şagird mükafata layiq görülərək diplom, medal və digər qiymətli  hədiyyələrlə  təltif olunub.

 

Məktəbə mütəmadi olaraq yüksək ixtisaslı şahmatçı mütəxəssislər dəvət edilir, müəllimlərlə seminar məşğələlər təşkil olunur. Məktəb rəhbərliyinin qısa zaman kəsiyində səmərəli fəaliyyəti sayəsində görülmüş işlərin nəticəsi olaraq artıq Qaradağ rayon Sahil qəsəbəsində hər kəs idmançı, şahmatçı olmaq arzusundadır.

 

Məktəbdə mütəmadi olaraq şagirdlər arasında tərbiyə və təbliğat işləri sistemli şəkildə aparılır. Şagirdlərin nəzəri bilikləri və praktik bacarıqlarının üzə çıxarılması ətrafında lazımi tədbirlər görülür. Eləcə də şagirdlərə ümummilli liderimiz Heydər Əliyev və onun siyasi kursu ilə bağlı ətraflı məlumatlar verilir. Hal-hazırda ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin, eləcə də Birinci vitse-prezident xanım Mehriban Əliyevanın idmana göstərdiyi diqqət və qayğısı nəticəsində əldə olunmuş nailiyyətlərlə şagirdlər məlumatlandırılırlar. Dövlət siyasətinə uyğun olaraq müəssisəmizdə uşaqların asudə vaxtının səmərəli təşkil olunması və onların gələcəkdə yüksək dərəcəli idmançı, eyni zamanda cəmiyyətimiz üçün faydalı övlad olmaları istiqamətində lazımi işlər aparılır.

 

Əlövsət ƏLİYEV,

11 nömrəli UGİM-in direktor müavini

 



15.04.2018 | 12:33