25 illik sirr | |
Lent.az “Əbədi tələbələr” layihəsini davam etdirir. Bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin əbədi tələbəsi Baxış Hüseynovun doğmalarının, dostlarının yaddaşındakı xatirələri bir araya toplamışıq...
Amma öncə öz yaddaşıma həkk olunan bir məqamı qeyd edəcəyəm. Təxminən bir il öncə idi. Baxışın anası Diləfruz xanım oğlunun universitetin arxivində qorunan şəxsi işini vərəqləyib, onun öz xətti ilə yazdığı cümlələrə, həll etdiyi tənliklərə sükutla sığal çəkəndə mən rəssam olmağı həyatda hər şeydən çox istəmişdim... Onun hərflərə, rəqəmlərə çəkdiyi sığalın rəsmini çizmək üçün... Bilmirəm, gözüm önündə canlanan bu rəsm dünyadakı savaşları durdurardı, yoxsa qadınlar ana olmaqdan imtina edərdi... Amma bu, mənim həyatda gördüyüm və heç unutmadığım ən kədərli mənzərələrdən biri idi...
Onun bu sözləri də yaddaşıma güllə kimi sancıldı:
- Qızım, mən onu iki gün gözlədim... Bax, onda inandım ki, dünyada cənnət də, cəhənnəm də var... (Ağlayır...) Məndən gizlətdilər... Balam harasından yaralanıb, necə həlak olub, demədilər...
Onu torpağa tapşırdığımız gecə evdə hamının yatmasını gözlədim... Gecə yarısı... hamının yatdığından əmin olandan sonra gizlicə həyətə çıxıb, balamın qanlı paltarları basdırılan yeri tapıb, qazdım... Övladımın bir neçə gün öncə əlimlə geydirdiyim maykasını çıxartdım... Sonuncu döyüşündən bir neçə gün əvvəl evə gəlmişdi, paltarlarını yuyub təmizləyib, təzə mayka geydirmişdim... Həmin mayka idi... bircə... bircə sinəsi yox idi... Bildim ki, balamı ürəyindən vurublar... Baxışımın qoxusu hopan, qanı qarışan maykanı o vaxtdan qoruyub saxlayıram... Son günümə qədər də saxlayacağam...
- Sinifdə 29 uşaq idik... Sinif nümayəndəmiz Baxış həm də ən yaxşı oxuyanımız idi. Onun qarşısında çox işıqlı gələcək var idi. Çünki savadı və bacarığı ilə bütün sinifdən seçilirdi... Hamımıza nümunə idi... Kimin ağlına gələrdi ki, bu qədər həyat dolu bir insan cəmi iyirmi il ömür yaşayacaq? Məktəbi bitirən ili Baxış ali məktəbə qəbul olundu... Belə də gözləyirdik, çünki tək sinfin yox, məktəbin əlaçısı idi... Amma təhsilini yarımçıq qoyub, döyüşə yollandı... Nə deyim... Mən onunla bağlı ancaq gözəl günlərimi xatırlayıram, çünki Baxışla birlikdə uşaqlığımızın xoş, qayğısız, unudulmaz günlərini yaşamışıq... Sonra isə yaddaşımda çox qısa-qısa xatirələrim var... Çünki arada bir neçə günlük evlərinə gələndə görüşürdük... Çox vətənpərvər, igid oğlan idi. İştirak etdiyi döyüşlərdən elə şövqlə, ümidlə danışırdı ki... Sonuncu görüşümüz yadımdadır... Söhbət etdik, dedim qardaş, bir-iki gün də qal, dedi, yox, Nurəddin, ürəyim ordadır, getməliyəm...
Nurəddin “Baxışın məktəbdən sonrakı həyatı haqda sinif yoldaşımız Nazim daha ətraflı danışa bilər, cəbhəyə birlikdə getmişdilər”, - deyir. Nazim Ərəbov isə xatirələrini bir döyüşçü dəqiqliyi ilə gününə, ayına, ilinə qədər danışır:
- 1980-ci ildə 1-ci sinfə getdik... 1990-cı ildə məktəbi bitirdik... Baxış bütün fənləri yaxşı oxuyurdu, rus, alman dillərində sərbəst danışırdı, amma riyaziyyat sahəsində fitri istedadı var idi. Atası, böyük qardaşı Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişdilər, anası mühasib idi, Baxış da mühasib olmaq istəyirdi... Ancaq müharibə o illərin çox gənci kimi Baxışın da arzusunu yarımçıq qoydu... 1992-ci il mayın 4-də biz Milli Ordunun ilk əsgərləri kimi birlikdə döyüşə yollandıq... Sinif yoldaşından döyüş yoldaşına çevrildik... Baxış necə ki, sinfin ən yaxşı şagirdi idi, şəhid olduğu günə kimi də batalyonun ən nümunəvi əsgəri oldu...
Beyləqanın Şərq kənd tam orta məktəbinin müəllimi Ülkər Mirzəliyeva isə tək onu yox, bütün şəhid şagirdlərini xatırlayır:
- Uzun illər kənd məktəbində ədəbiyyat dərsi demişəm. Yüzlərlə məzunumuz olub, ancaq o oğulların... ömrü yarıda qırılmış o balaların üzünü bu gün də unutmuram... Neçə-neçə məzunumuz şəhid oldu... İndi o illəri yenidən xatırlayıram... Kəndimizin müəllimləri üçün bu əsl dəhşət idi... Təsəvvür edin, körpəliyindən əlindən tutub yazmağı öyrətdiyimiz uşaqlar cəmi bir neçə ildən sonra bizi qorumaq üçün döyüşə yollandılar... Onlar müharibəyə gedəndə də hələ bizim üçün uşaq idilər... Amma... amma kəndimizə tabutlarına sığmayan balalar kimi qayıtdılar...
Baxış altı uşaqlı ailənin beşinci övladı olub. Kiçik bacısı dünyaya gələnə qədər, on il ərzində hamı ona sonbeşik kimi yanaşıb, əzizləyib. Baxış sevgi içində böyüyüb. Atası müharibədən qayıtmayan atasının adını verib ona - Baxış... Adı ilə bir yerdə taleyini də verdiyinin fərqində olmadan...
Baxışın bacısı Afət xanım onu belə xatırlayır:
- Çox cılız, cansız bir uşaq idi... Məktəb şəkillərinə fikir verin, uşaqların çoxundan balacadır... Sonra qəfil boy atdı... Düz qamətli, yaraşıqlı, alagözlü oğlan idi və görkəmi ilə diqqəti cəlb edirdi... Daxili aləmi də çox zəngin idi, kəndimizin kitabxanasında oxumadığı kitab qalmamışdı... Dostluq etməyi bacarırdı, sinif yoldaşları ilə çox mehriban idi... Hətta Nurəddinlə o qədər yaxın idi ki, indi hərdən düşünürəm yəqin Baxış bizə demədiyi sözləri onunla bölüşüb... Yəqin Nurəddin Baxış haqqında bizdən çox bilir...
Qəribə idi, məndən yeddi yaş kiçik olsa da onun yanında özümü çox rahat, arxayın hiss edirdim. Bilirdim ki, nə baş versə, Baxış həll yolunu tapacaq... Sonralar o, dünyadan köçəndən sonra bildim ki, Baxış bu güvən hissini tək mənə yox, bütün ətrafına verirmiş. Rəhmətə gedəndə onu tanıyanlar, dostları, kənd camaatı deyirdi ki, sanki iyirmi yaşlı oğulu deyil, qırx yaşlı bir kişini itirdik... O, hər kəsin xatirəsində belə qalmışdı...
Baxışın həyat eşqi çox güclü idi... Çox zəhmli baxışları var idi... Ciddi, amma yaxınlaşıb danışanda çox zarafatcıl idi... Sinif yoldaşları ilə daima zarafat edir, onlara gülməli şeirlər həsr edirdi... Yumor hissi çox güclü idi və istedadlı zarafatları olurdu... Bəlkə elə buna görədir ki, onu üzümdə təbəssümlə xatırlayıram...
Universiteti bitirib kəndimizə yeni qayıtmışdım. Məktəbdə alman dilindən dərs deyir, Baxışgilin müəllimləri xəstələnəndə onu mən əvəz edirdim. Bir dəfə soruşdu ki, bacı, elə bilirsən uşaqlar dərsdə sənə görə sakit otururlar? Dedim, bəs necə? Cavab verdi ki, yox, mənə görə sənə hörmət edirlər...! (Gülür...) Bax, Baxışı düşünəndə xatirələri onun yoxluğunu unutdurur və üzüm gülür... Özüm güləndə onun gülüşünü də xatırlayıram... Soğan oğlan Çippolinoya necə gülürdü, o yadıma düşür... Sevinirəm, elə bilirəm yanımdadır, indi əlindən tutacam. Sonra anlayıram ki, Baxış artıq 25 ildir yoxdur...
Könül bacısı da Baxışı təbəssümü ilə xatırlayır:
- Qardaşım çox zarafatcıl, həyat dolu insan idi. Onu ancaq üzündə təbəssümü ilə xatırlayıram... Tələbə olmaq ən böyük arzularından biri idi, ancaq bu sevinci sonuna qədər yaşaya bilmədi. “Müharibə qurtarandan sonra oxuyaram. İndi əsas məsələ odur ki, torpaqlarımızı düşməndən qoruyaq. Əgər torpaqlarımızı qoruya bilməyəcəyiksə, onda bizim oxumağımızın, ali təhsil almağımızın nə mənası var” deyirdi... İl yarım ən ağır döyüşlərdə iştirak etdi... Odun, alovun içindən bir neçə saatlığa vaxt tapıb evimizə gələndə də öz zarafatlarından qalmır, mütləq nəsə bir söz deyib üzümüzü güldürürdü... Onunla birlikdə bizim həyatımızdan o sevinc, o gülüş də getdi...
Ailənin sonbeşiyi Aynur:
- Əsgər Baxışı necə xatırlayırsınız?
Könül: Çox qorxmaz, cəsur insan idi. Arada imkan edib evə gələndə də döyüşdən danışmaz, daha çox şən əhvalda görünməyə cəhd edər, ürəyimizi sevindirməyə çalışardı. Onun döyüşdə etdiyi qəhrəmanlıqları ancaq cəbhə dostlarından eşidib öyrənərdik... Biz döyüşlər haqda soruşanda narahatlığını büruzə verir, “axı niyə biz torpaqlarımızı itirməliyik”, deyirdi... Bir neçə günlük məzuniyyətində kənddə camaatın sakit həyatına davam etməsinə əsəbiləşirdi. Deyirdi, “bu saat bütün ölkə bu barədə düşünməlidir ki, biz torpağımızı itiririk...”.
Söhbətimizə böyük bacısı Məhruzə xanım qoşulur:
- Baxış Xocavənd rayonu ərazisində Ağburun yüksəkliyində xidmət edirdi. Bir dəfə möhkəm atışma oldu. Səs bizim kəndə qədər gəlirdi... Bilirdik ki, atəş o olan istiqamətdədir... O döyüşdən sonra Baxışı bir günlük evə buraxmışdılar, onu sağ-salamat görməyimizə elə sevindik ki... O isə çox qayğılı idi. Heç unutmuram, dedi ki, “bacı, bilirsən, Ağburun alınsa, Beyləqan da gedəcək...”.
Baxış məndən 9 yaş kiçik idi... Biz böyüdük, yaşa dolduq... O isə elə 20 yaşında qaldı... Düz 25 ildir ki, onunla bağlı qəlbimdə ancaq Ramiz Rövşənin bu misraları səslənir:
Mən elə bilirdim sənsiz ölərəm, Mən sənsiz ölmədim, məni bağışla...
Ölmədik... Böyük qardaşımız Azər də avtomobil qəzasında həlak oldu... Bu gün ailəmizdən kənddə qalan yalnız mənəm... İndi onun gəzdiyi yollarda, cığırlarda dolaşıram... Bilirsiniz, mən bu torpaq üzərində hələ də Baxışın mətin addımlarını hiss edirəm. Bəzən mənə elə gəlir ki, mən Baxışın ayaq izləri ilə yeriyirəm... Tək təsəllim odur ki, qardaşımın ölümü ən şərəfli ölümdür... O, canını vətən üçün, torpaq üçün fəda edib. Anam da, biz də Baxışla qürur duyuruq!
Və... Baxışın son döyüşü haqqında sinif və silah yoldaşı Nazim danışır:
- 23 sentyabr 1993-cü il... Biz öz mövqeyimizdə 8 nəfər idik... Tank səsini qəfil eşitdik... Komandir İsim Tapdıqov, mən və başqa bir əsgər səs gələn tərəfə getdik... Komandir digər uşaqları Baxışa tapşırdı... Biz təpəyə qalxanda mühasirəyə düşdük... Onda Baxış döyüşə atılıb, atəş açdı... Böyük məharətlə bizi mühasirədən çıxartdı... Özü isə... özü isə son damla qanına qədər döyüşdü... Gözümüzün qarşısında qəhrəmanlıqla həlak oldu...
Və sonda yenə Diləfruz xanımla söhbət edirik...
- Əvvəlcə dəqiq bir söz demədilər... İki gün axtardılar... Sən demə, ermənilər şəhidlərin nəşlərinin döyüş meydanından çıxarılmasına imkan vermirmiş... Balam iki gün, iki gecə çöldə qaldı... İki gündən sonra, sentyabrın 25-də tapıb gətirdilər, sevindim... Bir gecə qaldı, səhər apardılar... Mən elə bilirdim artıq balam evinə gəlib... Sağ-salamatdır... Amma dəfn etməyə aparırdılar... Rayonun “Şəhidlər Xiyabanı”nda dəfn etdilər, özüm də getdim... Qızım, inan ki, istəyirdim yorğan-döşək aparıb gecələri balamın yanında yatam... İyirmi yaşlı oğulu soyuq torpağın altında qoyub, gəlib isti yorğan-döşəkdə necə yatmaq olar axı...?
Bax, həmin gecə... balamı torpağa tapşırdığımız gecə axtarıb tapdım onun paltarlarını... Onda bildim ki, balam sinəsindən yaralanıbmış... Tək Baxış yox, mən də... Biz ikimiz də yaranı ürəyimizdən almışıq... Qızım, mənim ürəyimdə düz 25 illik Baxış adlı yara var... 20 yaşlı oğul bilirsən nə deməkdir...? Nə arzularla böyüt, tələbə adını qazanan kimi döyüşə yollansın... Sinəmdə 25 ildir məni yandıran bu yara ancaq torpaqlarımız işğaldan azad olunandan sonra sağalacaq...
Əgər mən o günü görməsəm, siz, qızlarım getsin o torpaqlara və mən onda dünyada olmasam da bunu hiss edəcəm. Bax, o zaman ürəyimdəki nakam oğul yarası sağalacaq... Biləcəyəm ki, Baxışımın uğrunda həlak olduğu torpaq artıq erməni tapdağı altında deyil...
*** ...Bu, 20 yaşlı bir gənc haqqında yaddaşlarda qalan xatirələr idi... Əgər sizin də ailənizdə, yaxınlarınızda təhsilini yarımçıq qoyub könüllü döyüşə yollanan və şəhid olan varsa, redaksiyamızla əlaqə saxlayın. Gəlin onların hekayəsini birlikdə yazaq...
Vüsalə MƏMMƏDOVA |
|
13.04.2018 | 17:00 | |
|
|
|