İnternat məktəbinə mediatur təşkil edilib | |
Mayın 31-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinə mediatur təşkil edilib.
"1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə təşkil olunan tədbirdə media nümayəndələri və qonaqlar öncə internat məktəbinin həyətində şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra mediatur iştirakçıları internat məktəbinin qonağı olan Bakıdakı 230 nömrəli tam orta məktəbin şagirdlərinin Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşa ediblər. 24 nömrəli Onbirillik Musiqi Məktəbinin ansamblının müşayiəti ilə konsert proqramı təqdim edən şagirdlər internat məktəbindəki yaşıdlarına unudulmaz anlar bəxş ediblər.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin şagirdlərinin də bir-birindən maraqlı musiqi, şeir, rəqs nömrələri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin şöbə müdiri Həbib Kərimov ölkəmizdə uşaqların yüksək qayğı ilə əhatə olunduğunu, onların əlverişli mənəvi və sosial mühitdə böyümələri üçün hər cür zəruri şəraitin yaradıldığını vurğulayıb. Qeyd olunub ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
H.Kərimov Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın tez-tez uşaq evləri və internat məktəblərində olduqlarınu bildirərək, uşaqlara göstərdikləri diqqət və qayğıdan söz açıb. Şöbə müdiri sonda bütün uşaqları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib.
Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbinin direktoru Dilarə Məşədiyeva respublikamızda uşaqların sosial müdafiəsinin gücləndirilməsi sahəsində çox böyük işlər görüldüyünü, valideyn himayəsindən məhrum olan, yetkinlik yaşına çatmayan, səhhətində problemlər yaşanan, eləcə də məcburi köçkün ailələrindən olan uşaqlara yüksək həssaslıq göstərildiyini bildirib. Direktor bu gün onlarla birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü bayram edən 230 nömrəli tam orta məktəbin şagirdlərinə və rəhbərliyinə təşəkkür edib.
Bayram şənliyi Əməkdar artist İlqar Sailin ifaları ilə davam edib.
Məlumat üçün bildirək ki, Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 1985-ci ildən fəaliyyət göstərir. İnternat məktəbi 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunub. Burada 224 şagirdin təlim-tərbiyəsi ilə 42 nəfər pedaqoji işçi məşğul olur. İnternat məktəbində təhsil doqquz illikdir, təlim Azərbaycan və rus dillərində aparılır. Məktəbin şagirdləri beynəlxalq miqyaslı idman yarışlarında iştirak edərək uğurlu nəticələr əldə edirlər.
Samirə KƏRİMOVA
|
|
31.05.2019 | 16:50 | |
|
|
|