Təhsilə yanaşma dəyişməlidir | |
Təhsil Nazirliyi kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlimlər təşkil edib. Təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılması məqsədi ilə təşkil edilən təlim ikigünlükdür.
Bu gün də davam edəcək təlimin ilk günü “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan gözləntilər, “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, “İstedadlı uşaqlarla iş”, “Məktəb tikintisi”, “Ümumi təhsil haqqında” Qanuna dəyişikliklər, “Təhsil haqqında” Qanuna dəyişikliklər”, “Məktəblinin dostu”- təhlükəsiz məktəb, arxayın valideyn”, “Dərsliklərlə təminat - mövcud vəziyyət və əsas hədəflər” və “Ehtiyat dərsliklər” mövzuları ətrafında müzakirələr təşkil edilib.
Mətbuatın gündəmindəki təhsil
Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin mütəmadi təşkil etdiyi bu təlimlərin əhəmiyyətini xüsusi qeyd edib. Təhsil Nazirliyinin işini media ilə sıx əməkdaşlıq şəraitində qurduğunu vurğulayan nazir müavini təlimlərin təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılmasında rolundan danışıb. Onun sözlərinə görə, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılması Təhsil Nazirliyi üçün önəmlidir.
F.Qurbanov təhsil sahəsində tez-tez mətbuatın gündəminə gələn mövzulara da toxunub. O, məktəbdə müşahidə edilən problemlərə diqqət çəkərək bildirib ki, bəzi şagirdlərin və müəllimlərin ailədə formalaşan, ancaq məktəbdə üzə çıxan psixoloji problemləri var: “Ona görə də məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alsaq ki, hazırda 1 milyon 600 min şagird təhsil alır və onların hər birinin də xarakteri ayrıdır, o zaman məktəblərdəki situasiyanı anlamaq çətin olmaz. Məktəbə yüzlərlə ailədən uşaqlar gəlir. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olurlar. Araşdırmalar göstərir ki, uşağın xarakteri 3-5 yaşlarında formalaşır. Ona görə də həmin uşaqlarla düzgün məşğul olmayanda gələcək inkişaflarında problemlər yaranır”. Bunu mətbuatın nəzərə almasının önəmini vurğulayan nazir müavini deyib ki, məktəblərdə hər kəsə eyni cür tərbiyə verilə bilməz: “Odur ki, məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Nazirlik bu kimi gərginliklərin aradan qaldırılması üçün xüsusi addımlar atıb. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər”.
Ancaq təhsilin yeganə məsələsi bu deyil. Ən böyük məsələ təhsilin necə təşkilidir. İnformasiya cəmiyyəti və onun tələbi ilə sürətlə dəyişən proseslər təhsilə təsirsiz ötüşmür. Əksinə, təhsilin qarşısında zamanla ayaqlaşmaq zərurəti qoyur. Təhsil sahəsində aparılan islahatlar məhz bu zərurətdən doğur və bir çox məsələləri əhatə edir: “10 ildən sonra dünyada mövcud ixtisas və peşələrin 80 faizinə ehtiyac olmayacaq. Hansı sahə daha çox inkişaf edəcək, həmin sahələrə görə də qərarlar veriləcək. Bu da iqtisadi strategiya ilə əlaqəlidir”.
Təhsilin haqlı şikayətləri
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da mətbuatda təhsillə bağlı xoşagəlməz məlumatlar paylaşılmasından narahatlığını ifadə edib. Şura sədri medianın cəmiyyətin həyatında roluna toxunaraq jurnalistləri yalan və qərəzli xəbərlər yaymaqdan çəkinməyə çağırıb. Onun sözlərinə görə, təhsil sahəsində bir çox nailiyyətlər əldə olunub: “İl ərzində Azərbaycan Mətbuat Şurasına 600-700 yazılı şikayət daxil olur. Şikayətlərin ən azı 30 faizə qədərini məktəblər, müəllimlər və direktorlar göndərirlər”.
Ə.Amaşov şikayətlər arasında haqsız olanlara da rast gəlindiyini vurğulasa da, böyük əksəriyyətində şikayətçilərin haqlı olduğunu bildirib. Şikayətlər əsasən müxtəlif saytlarda müəllimlər və direktorlar haqqında qərəzli və düzgün olmayan informasiyaların yayılması ilə bağlı olur: “Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur. Lakin əksər hallarda şikayət verən tərəf daha haqlı olur və o zaman da biz tövsiyələrimizi veririk”.
Ə.Amaşov qeyd edib ki, valideynlər tərbiyə ilə bağlı missiyalarını məktəbdən gözləyirlər: “Halbuki tərbiyəni valideyn verir. Tərbiyə məhz ailəyə xas olan xüsusiyyətdir”.
Jurnalistlərdən təhsilə yanaşmanı dəyişməyi təklif edən Şura sədri təhsillə bağlı qanunlara diqqət çəkib: “Təhsil sahəsində hər il yeni qanun qəbul edilir, mövcud qanunlara müxtəlif dəyişikliklər edilir. Mətbuatda həmin qanunlar, onların təhlili ilə bağlı maraqlı jurnalist yazılarına rast gəlmirəm”.
Xaricdə doktorantura səviyyəsində təhsilə start verilir
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” üzərində qurduğu təqdimatında bu sənədin ölkə təhsilinin inkişafı istiqamətində yaratdığı imkanlara nəzər salıb. O, xaricdə təhsilin əhəmiyyətini dünya təcrübəsindən nümunələrlə izah edib: “Hətta ABŞ-da belə, əmək bazarında işə götürərkən xaricdə təhsil alanlara daha çox üstünlük verirlər. Onların daha rahat adaptə olunduğunu düşünür, insanlarla yaxşı ünsiyyət qurduğunu əsas gətirirlər. Bunlar iş mühiti üçün çox böyük amildir”.
İndiyə qədər azərbaycanlı tələbələrin xaricdə təhsilinə üstünlük verildiyini vurğulayan N.Məmmədli bundan sonrakı prosesdə xaricdən mütəxəssislərin Azərbaycana dəvət ediləcəyini, burada keyfiyyətli təhsil mühitinin qurulacağını, gənclərə ölkədən çıxmadan da yüksək səviyyəli təhsil almaq imkanlarının yaradılacağını deyib. Bununla da Azərbaycanda da keyfiyyətli təhsil verilməsinə nail olunacaq: “İkili diplom proqramlarının təsis edilməsi ilə tələbələr Azərbaycanda dünya standartlarına uyğun təhsil ala biləcəklər və onların təhsil haqqı dövlət hesabına ödəniləcək”.
N.Məmmədli Dövlət Proqramının iki istiqaməti ehtiva etdiyini deyərək bildirib ki, birinci komponentdə ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları, xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsi, yeni akademik mühitin yaradılması nəzərdə tutulub.
Proqramın ikinci komponenti isə ölkəmizin ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi məqsədi ilə milli kadrların hazırlanması üçün xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsini əhatə edir. Bu məqsədlə doktorantura səviyyəsi üzrə seçimin təkmilləşdirilməsi, təhsil nailiyyətlərinin monitorinqi sisteminin yaradılması, müxtəlif sahələr üzrə yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək: “Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi nəzərdə tutulub. Dövlət Proqramı çərçivəsində hazırlanmış normativ-hüquqi aktlar Nazirlər Kabinetinə təqdim edilib. Keyfiyyətli təhsili təmin etmək üçün sözügedən Dövlət Proqramının qeyd etdiyimiz ikinci əsas komponenti üzrə işlərə başlanılır. Belə ki, gənclərin xaricdə doktorantura təhsili alması, yüksək elm sahələrində təhsil alan həmin şəxslərin Azərbaycana qayıdaraq ölkə universitetlərində təhsil vermələri və təhsilimizə yeni nəfəsin gətirilməsi nəzərdə tutulur. Dövlət Proqramının bu komponenti üzrə prosesə növbəti aydan start verilə bilər”.
Bu təhsil sənədi ilə Azərbaycanda əmək bazarına daxil ola bilməzsən!
Xaricdə təhsil gənclərin inkişafında mühüm amil olsa da, problemlərə də yol açır. Xüsusən, kor-koranə xaricdə təhsil almaq istəyi bir çox baxımdan həm gənclərə, həm onların ailələrinə, həm də dövlətə bəzən ciddi problemlər yarada bilir. Bu problemlərdən isə Təhsil nazirinin müşaviri, Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli danışıb: “Son illər xaricdə təhsil alan gənclərin sayı artır. Lakin bəzən xaricdə təhsillə bağlı müəyyən sui-istifadə halları da olur. Bəziləri ölkədən çıxmadan həkimlik dərəcələri alır, yaxud 4 il təhsil aldığı ölkənin dilini bilmir. Təbii ki, belə şəxslərin sənədləri saxtadır. Gələcək həkimlər, müəllimlər, mühəndislər sağlam və keyfiyyətli iqtisadiyyatın formalaşmasında xüsusi rol oynamalıdır. Əmin olmaq lazımdır ki, bu işlərdə bərabərlik prinsiplərinə ciddi əməl olunur”.
H.Həsənli qeyd edib ki, bu gün ictimaiyyətdə işəgötürən diploma, sertifikata yox, biliyə, bacarığa səriştəyə diqqət göstərir: “Təhsilin əlçatanlığı ilə yanaşı, keyfiyyətə də diqqət etməliyik”.
Onun sözlərinə görə, gənclər təhsil aldıqları müəssisənin diplomlarının həmin ölkənin özündə tanınıb-tanınmadığına diqqət etməlidirlər. Əks halda, həmin təhsil müəssisələrindən aldıqları təhsil sənədi ilə Azərbaycanda əmək bazarına girmələri mümkün olmaya bilər.
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin şöbə müdiri Turan Topalova təhsil sənədinin tanınması üçün müraciətlərin daha çox MDB ölkələrindən, əsasən Rusiya, Ukrayna, Gürcüstan, Türkiyə və Avropa ölkələrində təhsil almış şəxslərdən daxil olduğunu bildirib. O qeyd edib ki, xaricdə təhsilini bitirən şəxslərin diplomlarının tanınması ilə bağlı İdarəyə bu il artıq 1245 müraciət daxil olub. Ötən il bu rəqəm 3637, 2017-ci ildə isə 3665 olub.
Ümumi təhsildə yeni qanun
Təhsil nazirinin müavini İdris İsayev yeni qəbul olunan “Ümumi təhsil haqqında” Qanunda yer alan ayrı-ayrı məqamlara aydınlıq gətirib. O, sənəddə məktəblilərin geyimindən tutmuş sinifdə şagirdlərin sayına qədər hər ayrıntıya yer verildiyini deyib.
Onun sözlərinə görə, yeni qəbul edilən qanunda məktəblilərin geyim formalarının eyni olması ilə bağlı müddəa da yer alıb. Həmin müddəaya görə, bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi isə bunlardan birini seçib tətbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməyəcək.
Şagird sıxlığı müşahidə olunan məktəblərin bu probleminə gəlincə, qanunvericiliyə edilmiş son dəyişikliyə əsasən, hər bir sinifdə şagird sayı 20 olmalıdır. Siniflər üzrə şagird sayı 30-dan çox olmamalıdır. Odur ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu məsələ ilə bağlı qərar qəbul edilməlidir: “Bu, siniflərin komplektləşdirilməsi baxımından mühüm addım olacaq”.
Nazir müavini qeyd edib ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır, 150 minə yaxın müəllim pedaqoji fəaliyyətlə məşğul olur, ölkədəki təhsil müəssisələrinin sayı isə 4500-dür: “360-a yaxın müəssisədə təhsilalanlara ümumi təhsil, 800-ə yaxın müəssisədə ümumi-orta (IX illik) təhsil verilir. Beləliklə, əhalinin 16 faizi bu və ya digər formada bu sahə ilə bağlıdır”.
Ən çox müzakirələrə səbəb olan dərsliklərlə bağlı məsələlərə də yeni qanunda toxunulub. “Bu gün dərsliklərlə bağlı normativ baza olsa da, onlar səpələnmiş formadadır”, - deyən nazir müavini bildirib ki, müəyyən tələblər müəyyənləşməlidir: “Tələblər müxtəlif də ola bilər. Təbii ki, tədris proqramlarına uyğun tələblər müəyyən olunmalıdır. Dərsliklərdə yer alacaq faktlar mötəbər mənbələrdən əldə edilməli, müasir olmalıdır. Dərsliklər tərtib edilərkən yaş səviyyəsi nəzərə alınmalıdır”.
İ.İsayev qeyd edib ki, dərsliklər tərtib edilərkən orada milli-mənəvi və bəşəri dəyərlərə zidd fikirlər yolverilməzdir: “Məlumatlar məntiqli və sadə olmalıdır. Bununla bağlı Təhsil Nazirliyi müvafiq qaydalar hazırlayır və güman ki, yaxın vaxtlarda təsdiq ediləcək”.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov isə “Təhsil haqqında” Qanuna edilən dəyişikliyə toxunub. O, təhsialanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində müvafıq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mühafizə xidmətinin təşkilindən danışıb: “Təhsil müəssisələrinin mühafizəsi hamını düşündürür. Yeni qanunda birbaşa göstərilib ki, məktəblərin mühafizə xidmətinin təşkili ilə bağlı qaydalar 6 ay müddətində tərtib olunub təqdim ediləcək”.
F.Qədirov qeyd edib ki, qanunda məktəbəhazırlıq ümumi təhsilin səviyyəsi kimi göstərilib: “Beləliklə, ölkədə ümumi təhsilin müddəti 12 il edir. Şagird ümumi təhsil pilləsində 12 il ərzində təhsil alacaq”.
50 modul tipli məktəb tikiləcək
Təhsil Nazirliyinin Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov isə yataqxanalarla bağlı yeniliklərdən danışıb. O, təlimə qatılan jurnalistlərə məlumat verib ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 800 yerlik yeni yataqxanası artıq istismara hazırdır: “Yeni tədris ilində yataqxananın istifadəyə verilməsi planlaşdırılır. Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik üç yataqxanasının əsaslı təmir-tikinti işlərinə başlanılıb. Bundan əlavə, Lənkəran Dövlət Universitetinin 156 yerlik yataqxanası istifadəyə veriləcək. Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri ilə bağlı layihə-smeta sənədləri hazırlanır”.
Bu il həmçinin 24 rayonda 3 520 şagird yerlik 50 modul tipli məktəb tikiləcək.
Yeni ehtiyat dərsliklər istifadəyə veriləcək
Təhsil İnstitutunun “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev isə 2020-ci ildə I sinif şagirdləri üçün Azərbaycan dili və Riyaziyyat fənlərindən yeni ehtiyat dərsliklərin istifadəyə veriləcəyini deyib. Onun sözlərinə görə, hazırda layihə sınaq prosesindədir: “Bu ilin sentyabr ayından etibarən ölkənin 97 məktəbinin 123 sinfində 3 244 şagird üçün sınaq prosesi keçirilir. Nəticələr bu ilin yay ayında müzakirə edilərək, müxtəlif təkmilləşmə işləri aparılacaq və dərsliklərin gələn il istifadəyə verilməsi planlaşdırılır”.
Z.İsayev qeyd edib ki, həmin dərsliklər iki hissəli olacaq: “Yəni birinci hissə I yarımil, ikinci hissə isə II yarımildə tədris olunacaq. Bu da I sinif şagirdlərinin çantasını yüngülləşdirəcək. Həmin dərsliklər Təhsil Nazirliyinin nəzarəti altında hazırlanacaq. Dərsliklər həm Azərbaycan, həm də rus dillərində olacaq”.
O həmçinin əlavə edib ki, pilot layihə uğurlu olacağı təqdirdə mərhələli şəkildə ibtidai siniflərin hamısı üçün tədricən tətbiq olunacaq.
Ruhiyyə DAŞSALAHLI
|
|
31.05.2019 | 15:58 | |
|
|
|