“Şagirdlərə həyatı, insanlığı, vətəndaş olmağı öyrətmək lazımdır”

“Məktəb illəri” maraqlı həmsöhbətlə qarşınızdadır. Budəfəki  həmsöhbətim 72 nömrəli məktəb-liseyin direktoru Fərqanə Abbasovadır. O, elə bir ailənin üzvüdür ki, həmişə təhsilə, məktəbə bağlı olublar.

 

Onunla söhbətə bir az ağrılı başladıq da deyə bilərik. Əslən Laçındandır. Uşaqlığı, yeniyetməliyi, bir sözlə, həyatının xeyli gözəl anı indi “əsirlik”dədir, Laçının özü kimi...

 

Sarı aşığın kəndçisi...

 

 

Ziyalı ailəsində doğulmuşam. Müəllim idi atam, anam isə kitabxanaçı. Atam uzun illər rayon partiya komitəsinin beş böyük kəndinin nümayəndəsi idi. 1988-ci ildən isə onu Laçının dağılmış kənd məktəblərindən birinə, mənim də doğulduğum Güləbirddə direktor təyin etdilər. Hamı bilir ki, Güləbird Laçının ikinci böyük kəndidir. Kənd həm də Sarı aşığın vətənidir. O üzdən indi də çox adam Güləbird deyəndə, Sarı aşığın kəndi sözünü də əlavə edir. Biz də əslən Güləbirddənik. Evimiz Sarı aşığın məqbərəsinin yaxınlığında idi. Son dərəcə xoşbəxt uşaqlığım olub. Məndən soruşsalar, mütləq bunu deyərdim.

 

 

Bağımızın atam əkən ağacları...

 

 

Yuxarıda da qeyd etdim ki, sovetlər dönəmi üçün atamın kifayət qədər böyük vəzifəsi var idi. Amma son dərəcə də sadə adam idi. Məsələn, kənddəki bağımızda bütün ağacları özü əkib becərirdi. Bu, onun üçün həm maraqlı idi, həm də bizə zəhməti göstərirdi. Evimizin, hasarımızın daşını belə, özü səliqə ilə ustanın əlinin altına düzərdi. Deyirdi ki, o evin daşına mənim əlim dəyməyib, zəhmətim hiss olunmayıb, ordan adama ev olmaz.

 

Qonaqlarımız çox olardı Güləbirddəki evimizdə. Evimizin tikildiyini görən hər kəs kömək etmək istəyirdi, deyirdilər, Tapdıq müəllim, siz edin, biz ustaya kömək olacağıq. Ona belə icazə verməzdi.

 

İndi də təhsil işçisi olaraq peşəsinə davam edir. Onda necə idisə, indi də elədir. Sumqayıtda yaşayır anamla. 38 nömrəli məktəbdə yerləşən Güləbird məktəbinin direktorudur. Əməkdar müəllimdir. Növbəti ildən işləmək istəmir, yaşı çox olduğu üçün təqaüdə getmək fikrindədir.

 

 

Güləbird...

 

 

Uşaqlıq illərindən danışanda kəndimizin gözəllikləri gözümün önünə gəlir. Klubumuz, restoranımız, xəstəxanamız, üç çörək zavodu, uşaq bağçası, mədəniyyət evi, kitabxanamız var idi. Qəsəbə statusu vardı kəndin. Əhali maldarlıqla məşğul idi. Amma bir problemi vardı kəndin, lazım olan kadrlar kənardan gəlirdi, iş müddətləri başa çatandan sonra çıxıb gedirdilər. Ona görə atam məktəbin yaxşı şagirdlərini özü yönəldirdi. Məzun olacaq uşaqların valideynlərini çağırır, kimin hansı peşə sahibi ola biləcəyini söyləyirdi və xahiş edirdi ki, uşaqlar ali məktəbi bitirəndən sonra məhz kənddə işləməyə dönsünlər. İndi xeyli adam var, düzü, çoxunu tanımıram da, amma bəzən tədbirlərdə məni görəndə deyirlər ki, o vaxt Tapdıq müəllimin sayəsində həkim, müəllim, polis olmuşuq. Əslində, bu cür insanın övladı olmaq çox xoşdur.

 

 

Bilirdim ki, bizim qızlar oxuyacaq...

 

 

Çox adam bilir, bizim illərdə daha çox oğlanlar oxumağa gedirdi. Amma bizim evdə də, kənddə də atam əlindən gələni edib ki, qız uşaqları da oxuyub, təhsilli olsunlar. Bizim ailədəki qız övladlarına gəlincə, bilirdik oxuyacağıq, özü də Bakıda. Baxmayaraq ki, o illərdə bizim rayondan çox adam gedib Xankəndində də təsil ala bilirdi. Atamın arzusu bizi Bakıda oxutmaq idi. Ailədə beş uşaq olmuşuq, üç qız, iki oğlan. Hamımızı oxudublar. Təhsil bizim ailə üçün həmişə prioritet olub və biz oxuduq, mən ingilis dili müəllimi, bacım rus dili müəllimidir.

 

 

Kəndin ingilis dili müəllimi

 

 

Arzum Tibb Universitetinə qəbul olmaq idi. Ancaq bayaq da dedim ki, atam uşaqların dəqiq istiqamətlənməsində maraqlı adam idi. Günlərin birində müəllimlərlə söhbətdən öyrənmişdi ki, ingilis dilini yaxşı oxuyuram. Müəllim də dedi ki, bu ixtisas üzrə getsə, uduzmaz. Atam da mənə baxıb dedi ki, sən oldun bizim kəndin ingilis dili müəllimi. Onsuz da fizikadan zəifsən, gedib müsabiqədən keçə bilməzsən birdən. Düzdür, pis oldum, amma razılaşdım. Çünki o bizi həmişə doğru yönəldib. Ona görə indi də özüm şagirdlərə qarşı beləyəm. Yəni valideyn artıq qiymət yazılmasını istəyir bəzən. Yol verməməyə çalışıram. Çünki yalançı qiymət sabah o uşağa zərər vuracaq. Bu pisliyi də valideyn zərərini görəndə anlayacaq. Mən illərdir bu sahənin adamı kimi, təcrübəyə əsaslanıb gələcəkdə nəyin pis, nəyin yaxşı olduğunu anlayıram. O üzdən inciyən olsa da, bu məsələdə məktəbimizin prinsipləri dəyişilməzdir.

 

 

Xarici dillərdə fərqlənmə diplomu

 

 

Xarici dillərdə ona görə fərqlənən qrup idik ki, bizə bu ali təhsil ocağının öndə gedən müəllimləri dərs deyirdi. Zeydulla Ağayev, İsmixan Rəhimov, Kifayət Hacıyeva, Mənsurə Abdullayeva, Həcər Nağıyeva, Dünyamin müəllim, tələbələrin Amerikan Faiq dediyi sevimli bir müəllimimiz də var idi. Onu savadına görə institutda hər kəs belə çağırırdı. Fərman müəllimin, Rəşid müəllimin, Amil müəllimin də adını çəkməsəm olmaz. Qrupda altı nəfər idik, dördümüz fərqlənmə diplomu ilə bitirdik institutu. Bizim qrup imtahana girirdi, bileti çəkib danışıb, çıxırdıq. Bəzi fənlərdən hətta texniki “əla” yazırdılar bizə, danışmağa ehtiyac qalmırdı.

 

 

Ali məktəbi bitirəndən sonra...

 

 

...Məni yaxşı nəticələrə görə yeni açılmış Qafqaz Universitetinə işə dəvət edirdilər, institut da buraxmaq istəmirdi. Mən isə getmək istəyirdim. Uzun mübahisələrdən sonra imtina etdim, atamı çağırdılar. O da dedi ki, mən israr edə bilmərəm, siz də icazə verin getsin. Bir müddət Qafqaz Universitetində işlədim. Sonra ailə qurdum, gedib-gəlmək çətinləşdi.

 

 

İlk məktəbim

 

 

Kəndimizin Sumqayıtda yerləşən qaçqın məktəbində bir xeyli işlədim. Ora müəllim kimi ilk iş yerim oldu. Sonra Sabunçunun 215 nömrəli məktəbində direktor oldum. Mən həmişə özümə şanslı müəllim deyirəm. Çünki son dərəcə uğurlu və seçmə şagirdlərim olub. Çoxu da diplomatik nümayəndəliklərdə fəaliyyət göstərir. Aralarında səfir olanlar da var, beynəlxalq təşkilatlarda işləyənlər də. Bakıda olanda yanıma gəlirlər. Adam qürur hissi keçirir.

 

 

Həyat dərsim

 

 

Hərdən şagirdlərə sual verirəm ki, məndən nəyi öyrənirsiniz, nəyi öyrənmək istəyirsiniz? Bir dəfə biri dedi ki, həyata yaxın danışırsınız. Əslində, bu gün məktəblərimizdə şagirdlərə həyatı, insanı, insanlığı, vətəndaş olmağı öyrətmək lazımdır. Bunları öyrənən şagirdin yaxşı oxumaması mümkün deyil. O, özünün də, məktəbinin də, müəlliminin də qədrini mütləq biləcək. Qaldı problemlərə, onlar iş olan yerdə həmişə var. Məsələn, baxırsan ki, problemli ailələrdən problemli uşaqlar gəlir. Uşaqla işləyir, aylar sonra baxırsan ki, məktəbdə davranışı düzəlib. Evə gedəndən sonra yenə də problemli münasibətlərlə rastlaşır. Ancaq sonra insident olanda ittiham obyekti müəllim, məktəb olur. Düzgün yanaşma deyil. O üzdən bizim məktəbdə xırda bir narahatlıq halı olan kimi ailəyə gedirik. Bəlkə də inanmazsınız, bəzən ailələrdə niyə gəlmisiniz sualı ilə qarşılaşdığımız da olub. Ancaq yenə də gedib, tədbirimizi görmüşük, real vəziyyəti öyrənib, aidiyyəti instansiyalara məlumatlar vermişik.

 

 

Evimizin ən gözəl otağı

 

 

Bir də uşaqları, ailələri kitaba alışdırmaq lazımdır. Xatırlayıram, anam kəndimizin kitabxanasında çalışırdı. Bizim evimizin ən yaxşı otağı kitabxana idi. Evdə çox böyük kitabxanamız vardı. Bakıda, Xankəndində oxuyan uşaqlar kəndə gələndə mütləq bizə baş çəkir, anamın kitablarından oxumağa aparırdılar yay boyu. Gedəndə də gətirib qaytarırdılar. İndi bilmirəm evlərdə, ümumiyyətlə, uşaqları kitaba alışdırmaq üçün balaca da olsa bir kitab guşəsi varmı? Əminəm, çox azdır.

 

 

Bizim üçün təhsil həmişə öndə olub

 

 

Laçın artıq işğal olunmuşdu, vəziyyət çox gərgin idi. Həmin il Laçından çox az uşaq ali məktəbə qəbul olmuşdu. Biri mənim qardaşım idi. Bilirsiniz niyə olmuşdu? O zaman nə boyda problem olursa-olsun, atam bizim adımızı hansı rayona getmişdiksə məktəbə yazdırmışdı. Yəni ail məktəbə qəbul üçün sənədlər hazırlananda mənim qardaşımın sənəd problemi olmamışdı. Atamın həmişə bir sözü yadımdadır. Təhsil udduğun hava, içdiyin su qədər vacibdir. O bizim beşimizin də təhsil alması üçün çox uzun müddət yataqxanada yaşamağa üstünlük verdi. Çünki təhsil məsrəfləri var idi. Kimsənin onun uşağına əl tutmasını sinirə bilməzdi. Çünki bunu həmişə özü başqalarına edən adam olub. İndi də belədir, kimdənsə nəsə ummaz, amma lazımdırsa kiməsə nəsə edər, təbii ki, imkanlar daxilində. Bizə də həmişə həyat dərsi kimi bunu öyrədib.

 

 

SON: Hər şeydən danışdıq, uşaqlıq illərindən, məktəbdən, məktəblilərdən, bir qədər də valideynlərdən. Amma ən çox Laçından, Güləbirddən danışdıq. Və bu danışıqlarda qarşımdakı hansısa mənsəbə çatan məmur yox idi, kövrək, vətən ağrılı, uşaqlıq, gənclik, yeniyetməlik xatirələrini ermənilərin işğal etdiyi bir insan dururdu, kövrək bir insan. Belə adamların təhsil mütəxəssisi olması həm də sevindiricidir. Demək ki, vətən, vətəndaş, insanlıq dərsləri məktəblərdə hələ keçilir... Və demək ki, bizim bu günümüzə də, gələcəyimizə də ümid var...



31.05.2019 | 14:26