Bakı məktəbliləri beynəlxalq rəqs çempionatında

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri Rusiyanın Moskva şəhərində 53 ölkədən 5 mindən artıq rəqqasın iştirak etdiyi yarışın nəticələrinə görə ilk beşlikdə qərarlaşıb.

 

Çempionatda 145 nömrəli tam orta məktəbin şagirdi Emilya Məmmədova və 236 nömrəli tam orta məktəbin şagirdi Zəhra Quliyeva qrup tərkibində etdikləri rəqsə görə II yerə layiq görülüblər. Həmçinin, Zəhra Quliyeva fərdi proqramda da uğurla çıxış edib.

 

Yarışda duet rəqslər üzrə 283 nömrəli tam orta məktəbin şagirdi Ayla Güləlizadə II, 160 nömrəli Klassik Gimnaziyanın şagirdi Nərgiz Məmmədova III yerə sahib olub. Klassik Gimnaziyanın digər şagirdi Nuray Hüseynli isə fərdi çıxışına görə II yerə layiq görülüb.

 

Çempionatda, həmçinin, Klassik Gimnaziyanın şagirdləri Nərgiz Məmmədova ilə Nuray Hüseynli, eləcə də 1 nömrəli tam orta məktəbin şagirdi Fidan Əzizova, 157 nömrəli tam orta məktəbin şagirdi Aysu Nəsirli, 164 nömrəli tam orta məktəbin şagirdi Aylin Əliyeva, 189-190 nömrəli tam orta məktəbin şagirdi Xədicə İsrafilova, 20 nömrəli məktəb-liseyin şagirdləri Selin Hüseynli ilə Aylin Hüseynli qrup rəqsləri üzrə V yeri tutublar.

 

Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılıb.



13.04.2018 | 15:17