İbtidai təhsil pilləsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlığın təsiri | |
Tərbiyə olduqca məsuliyyətli prosesdir. Söhbət məktəb yaşına çatmamış uşaqların tərbiyəsi və məktəb təhsili haqqında getdikdə ikiqat məsuliyyətli olur. Məktəbəqədər tərbiyə və təhsilin məqsədi - hər bir uşağa baza təhsilini, baza mədəniyyətinin əsaslarını (sensorikanın inkişafı, əqli, estetik, əxlaqi tərbiyə) verməkdir. Məktəbəqədər tərbiyənin vəzifələri: - fiziki sağlamlığı; - emosional rifahı; - intellektual (əqli) inkişafı - iradi inkişafı təmin etməkdir. Bundan başqa, məktəb yaşına çatmamış uşaqların inkişafında mühüm rolu təhsil mühiti və onun psixoloji təhlükəsizliyi oynayır. Təhsil mühitinin necə təşkil olunacağından asılı olaraq, uşaqda gələcək təhsildə müvəffəqiyyət hissi yaranacaq və ya əksinə, psixi və fiziki sağlamlıqda pozulmalar baş verəcək. Çox zaman valideynlər öz övladlarının məktəb təhsilinə hazırlığı ilə bağlı bir qədər yanlış fikirdə olurlar. Bu yanlış fikir belə bir valideyn əminliyindən irəli gəlir - əgər uşaq oxuyub, yazıb və hesablaya bilirsə, deməli, o, məktəbə hazırdır. Halbuki çox az valideyn dərk edir ki, hətta bu bacarıqlara yiyələnən uşaq mütləq deyil ki, məktəbdə yaxşı oxusun.
Uşaqlar eyni dərəcədə inkişaf etmir və bir uşaq üçün təbii olan digəri üçün çətin və vaxtsızdır. Lakin bir çox valideyn öz uşaqlarının intellektual (əqli) bacarıqlarının gücləndirilməsini, sürətləndirilməsini mümkün hesab edir. Bizim uşaqlarımız getdikcə daha az ənənəvi oyunlar oynayır (süjet-rol, qaydaları olan inkişafetdirici oyunlar, didaktik), daha az qurma, şəkil çəkmə, applikasiya ilə məşğul olurlar. Uşaq fəaliyyətinin bütün növləri kompüter oyunları ilə əvəz olunur. Valideynlər öz uşaqlarının sistematik təhsilinə ola bildiyi qədər tez başlamağa çalışırlar, bununla yanaşı, uşaq bağçasından başqa onu idmana, musiqi məktəbinə, təsviri studiyaya və s. apara bilərlər. Onların ağlına da gəlmir ki, sadəcə müəyyən sahədə vərdiş və bacarıqların yaranmasına gətirib çıxaran bu cür təlim uşağın psixi inkişafına səbəb olmur.
İlk növbədə, valideynlər başa düşməlidir ki, uşağa onun məktəbdə öyrənəcəyi bilikləri öyrətmək lazım deyil, onda təhsil üçün zəminləri, şərtləri inkişaf etdirmək lazımdır. Buna onun təfəkkür aparatı hazır olacaq, uşaqda təhsil üçün motivasiya və öz hərəkətlərinə nəzarət yaranır.
Çox zaman uşaq yaxşı hesablayır, yazır, oxuyur. Lakin bu cür uşaqla yaxından tanışlıq zamanı məlum olur ki, o, təlimatı demək olar ki, ilk dəfədən qavramır. O, ondan tələb olunanı sadəcə eşitmir. Təkrar zamanı o, təlimatı qismən anlayır, növbəti buraxdığı səhv zamanı isə onu düzəltməyə çalışmır. Bu cür uşaq bir şeyi başa düşmədikdə, tapşırığı eşitmədikdə müəllimə müraciət etmək üçün əlini qaldıra bilmir. Bir qayda olaraq, sinifdə iyirmidən artıq şagird olur və müəllim üçün onların hər birinin davranışında nüanslara nəzarət etmək çətin olur. Əgər sadalanmış problemlərə öz fəaliyyətini planlaşdıra, növbəti tapşırığa hazırlaşa bilməməsini əlavə etsək, o zaman məktəbə psixoloji cəhətdən hazır olmayan uşaq portreti yaranır. Buna görə də müəllim və valideynlər məktəb yaşına çatmamış uşağın tərbiyəsində onun bu böyük dünyada uğurlu ictimailəşdirilməsinə səbəb olacaq əlverişli şərtlər yaratmağa çalışmalıdır. Uşaq böyük həyata öz ilk addımını atmasına baxmayaraq, hələ böyüməyib. O, hələ də valideynlərin sevgisi və dəstəyinə çox ehtiyac duyan həmin açıq, səmimi balaca uşaqdır.
Bu dövrdə birinci sinif şagirdi olan uşaqla nə baş verir? O, bütün gücü ilə valideyn himayəsindən qopmağa çalışır, öz müstəqilliyini müdafiə edir, lakin bununla belə yeni həyatından çəkinir - burada yeni qaydalara uyğunlaşmaq və öyrəşmək lazımdır.
O, hələ də oynamağı sevir, onun sosial “Mən” məfhumu fəal inkişaf edir, intellektual səviyyəsi qalxır, bu da yüksək emosional həssaslığın inkişafına, həddən artıq inadkarlığa, valideynlərə müqavimət göstərməyə, altı yaşında təhsildə çətinliklərə gətirib çıxarır - bunların hamısı geniş yayılmış hallardır və uşağın stressdə olması və onu aradan qaldırmaq üçün özündə güc tapmaması ilə bağlıdır.
İbtidai məktəbdə təhsil problemlərinin bir neçə səbəbi var. Bu, zəif məktəbəqədər hazırlıq, oxumağa marağın və daxili motivasiyanın olmaması ola bilər. Oxumaq problemlərindən başqa birinci sinfə gedən uşaqda dərsdə müvəffəqiyyətsizlik uşağın öz yaşıdları ilə ünsiyyət qura bilməməsi, müəllimə qarşı etimadın, tədris prosesində zəruri şəxsi keyfiyyətlərin olmaması (səbr, intizam, müstəqilliyin olmaması) ilə bağlı ola bilər.
Əsasən məktəb təhsilinin çətinlikləri məktəbəqədərki dövrdə idrak qabiliyyətlərinin yetərsiz inkişafı ilə bağlıdır. Bu:
* diqqətsizlik, pis inkişaf etmiş qısamüddətli yaddaş və informasiyanı qulaq asaraq qavramaq qabiliyyəti ilə əlaqədar sözlərdə qrammatik səhvlər və buraxılmış hərflərdir;
* intizamsızlıq, fikir dağınıqlığı, unutqanlıq - diqqətin dəyişkənliyi və zəif özünü təşkil qabiliyyətinin nəticəsində;
* riyaziyyat və digər fənlərlə çətinlik - məntiq, analitik düşünmənin yetərsizliyindən;
* mətnlərin nəql edilməsi ilə çətinliklər təxəyyülün, məntiqi yaddaşın, nitq qabiliyyətinin inkişafında buraxılan səhvlərdən irəli gəlir;
* müəllimin izahatlarının məğzini dərk etmək bacarıqsızlığı (məhdud diqqət həcmi, canlı marağın olmaması);
* səliqəsiz yazı (kifayət qədər inkişaf etdirilməmiş kiçik motorika);
* şeirlərin, vurma cədvəlinin öyrənilməsində çətinliklər - pis inkişaf etmiş mexaniki və uzunmüddətli yaddaş, zəif diqqət toplaması ilə bağlıdır.
Birinci sinfə gedən şagirdin tədris prosesində yaranan bu problemləri aradan qaldırmaq üçün məktəbəqədər təhsilin səviyyəsinə diqqət yetirmək, eləcə də uşağın fiziki, psixi və sosial inkişaf səviyyəsini nəzərə almaq lazımdır.
Yaş xüsusiyyətləri - müəyyən həyat dövrü üçün səciyyəvi olan anatomik - fizioloji və psixi keyfiyyətlərdir. Yaş xüsusiyyətlərinin nəzərə alınması əsas pedaqoji prinsiplərdən biridir. Bunun sayəsində uşaq üçün ən əlverişli gün rejimini, müxtəlif fəaliyyət növlərini, tədris - tərbiyə işinin forma və metodlarını müəyyən etmək olar. Məktəbəqədər dövr - 3 yaşdan 7 yaşa qədər dövr hesab olunur. Kiçik yaş (3 - 4 yaş) - məktəb yaşına çatmamış uşağın inkişafında mühüm dövrdür. Bu dövrdə uşaqda böyüklərə, yaşıdlarına, əşya dünyasına qarşı yeni münasibət yaranır.
Burada uşağın həyatında “üç yaş böhranı” adlandırılan mühüm dövrü ayırd etmək vacibdir. Bu dövr bir neçə ay ərzində davam edə və müxtəlif intensivlik dərəcəsi ilə keçə bilər. Böhranın səciyyəvi əlamətləri aşağıdakılardır: - Neqativizm. - İnadkarlıq, tərslik. - Qəddarlıq. - Qiymətdən salma. - Höcətlik. - Şuluqluq. - Müstəqillik. Böhran sosial münasibətlər, yaxın böyüklərdən ayrılma böhranı kimi keçə bilər və uşağın özünü düşünməsinin təşəkkülü ilə bağlıdır.
Üç yaşındakı uşaq ailədəki psixoloji mühitə kəskin reaksiya verməyə başlayır. Buna görə də valideynlər ailənin ən kiçik üzvü böhran yaşına çatanda mütləq öz aralarında harmoniyanı qorumalıdır.
4 - 5 yaşına çatanda uşaqlarda fiziki imkanlar artır. Hərəkətlər daha inamlı və müxtəlif olur. Hərəki fəaliyyət daha dərk edilmiş, məqsədyönlü və müstəqil olur. Buna görə də bu dövrdə uşaqlarla ola bildiyi qədər çox hərəkətli oyunlar oynamaq, rəqs hərəkətlərini öyrənmək, xorovod oyunları oynamaq lazımdır. Uşaqlar emosional cəhətdən daha sabit olur, daha az şıltaqlıq edir, öz yaşıdlarına qarşı maraq göstərməyə başlayırlar. Bu yaşda, heç bir yaşda olmadığı kimi, uşaqlar sehrli nağıllara məmnuniyyətlə qulaq asırlar.
5 - 6 yaşında uşaq öz davranışını, eləcə də diqqət və yadda saxlama proseslərini, emosional reaksiyaları sərbəst idarə edə bilir. Təxəyyülün inkişafı mühüm yer tutur. Bu yaşda uşaqlarda gözəl, estetik dəyərli şeylərə qarşı maraq yaranır.
6 - 7 yaşında bədən proporsiyaları dəyişir, ətraflar uzanır, bədənin uzunluğu və başın çevrəsinin nisbəti yaş dövrü parametrlərinə yaxınlaşır, sistematik məktəb tədrisi üçün intellektual zəminlər yaranır. Bu, əqli fəaliyyətin artan imkanları ilə təzahür edir.
Uşaqların məktəbəqədər tərbiyəsini onun şəxsiyyətinin - xarakterinin, qabiliyyətlərinin, vərdişlərinin gələcək inşası və inkişafının başladığı özünəməxsus fundament, əsas hesab etmək olar. Buna görə də məktəb yaşına çatmamış uşaqların tərbiyəsi bu qədər vacibdir, çünki uşağı gələcək həyata hazırlamaq, əqli və psixoloji cəhətdən elementar biliklərə, ünsiyyət vərdişlərinə, ən əsası isə sevgi və qayğıya öyrətmək lazımdır. Məktəb yaşına çatmamış uşaqda böyüklərə hörmət, yaşıdları ilə mehriban münasibət, başqa insanların kədəri və sevincinə müvafiq cavab vermək bacarığı kimi mənəvi keyfiyyətləri formalaşdırmaq lazımdır. Uşaqların əqli tərbiyəsi hərtərəfli inkişafı, psixoloji adaptasiya qabiliyyəti, ünsiyyət bacarığını nəzərdə tutur. Tərbiyə ilk növbədə uşaqları sosiumda yaşamağı öyrətməyə, zəruri ünsiyyət və ətrafdakı insanlarla qarşılıqlı əlaqə vərdişlərini formalaşdırmağa yönəlib. Məktəbəqədər uşaqlar üçün öz yaşıdları ilə ünsiyyət - həmahəng inkişafın zəruri elementidir. Bir çox valideynlər uşağın məktəbdə uyğunlaşma prosesindən çəkinirlər. Lakin müəllimlərin savadlı, düzgün davranışı bu prosesi yumşaltmağa və onu məktəb kollektivində daha ağrısız həyata keçirməyə imkan verir. Oyun zamanı və başqa uşaqlarla ünsiyyət prosesində uşaq ilk müstəqillik vərdişlərini qazanır, onlar da uşağın məktəbdə özünü təşkilinin əsasında yer alır. Məktəbəqədər müəssisədə tərbiyənin məqsədlərinə həmçinin uşağın əqli, fiziki, mənəvi və estetik inkişafı daxildir. Burada tərbiyəçinin əsas vəzifəsi uşaqlara ən müxtəlif məşğələlərin təklif olunmasından ibarətdir. Bu, musiqi, applikasiya, rəsm çəkmə, bədən tərbiyəsi ola bilər. Beləliklə, uşaqda beş əsas şəxsiyyət (şəxsi) potensial - idrak, kommunikativ, qiymət, bədii və fiziki potensialları inkişaf edir. Müxtəlif tərbiyə metodlarının tətbiqi istənilən nəticəni əldə etməyə və məktəbdə uşağın fərdi xüsusiyyətlərini nəzərə almağa imkan verir. Məsələn, uşağın yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki inkişafı və ya ətraf mühitin və təbiətin öyrənilməsi üzrə təhsil proqramları mövcuddur. Hər bir halda tədris üçün müxtəlif materiallardan, əyani vəsaitlərdən və digər elementlərdən istifadə olunur. Bu cür yanaşma, informasiyanın keyfiyyətli mənimsənilməsini təmin edərək, uşaqlara bilikləri daha aydın və əlçatan üsulla ötürməyə imkan verir.
Məktəb yaşına çatmamış uşaqlarla iş zamanı tətbiq olunan metodların təsnif edilməsi müəyyən parametrlər üzrə həyata keçirilir. Üç böyük əsas qrup mövcuddur:
1. Təhsilin əyani üsulları və metodları;
2. Söz texnikaları;
3. Praktiki metodlar
Uşağın məktəbəqədər dövrdə keyfiyyətli inkişafı üçün bütün metod növlərindən ibarət olan tədbirlər kompleksindən istifadə olunur. Bu zaman hər bir yaş qrupu üçün uşaqların tərbiyə xüsusiyyətlərini nəzərə alan xüsusi proqram tətbiq olunur. Bu cür sisitem effektivdir, eləcə də uşağın məktəbdə yüksək təhsil və inkişaf səviyyəsini təmin etməyə imkan verir. Bir çox metodların əsası uşaqlarda əl motorikasının inkişafından ibarətdir. Bu proses zəruridir, çünki barmaqlarda impulsları baş beyinə ötürən və nitqin inkişafına səbəb olan çox sayda reseptorlar cəmləşib. Bu zaman əllərlə hərəkət uyğunlaşdırılmış xarakter alır. Əllərlə hərəkət prosesində əlaqə nitqinin inkişafına cavabdeh olan beyin şöbələri fəallaşır. Bu məqsədlər üçün istənilən tip müxtəlif metodlardan istifadə olunur, məsələn, model yapma, rəsm çəkmə, fiqurlarla və ya konstruktor ilə iş. Əyani tədris metodu nümayişçilik, müxtəlif əyani vəsait və metodlarının istifadəsini nəzərdə tutur. Məsələn, məktəb yaşına çatmamış uşaqlarla iş zamanı təbiət və heyvanlar haqqında filmlərin baxılması metodundan istifadə etmək, baxışdan sonra isə təbiətə ekskursiyaya getmək olar - burada uşaqlar baxdıqları filmdə gördüklərini canlı şəkildə görə bilərlər. Həmçinin ekskursiya zamanı əşyaların, peyzajın və ya hadisələrin ardıcıl təsvirini izah edərək və göstərərək, uşağa rəsm çəkməyi kifayət qədər effektiv şəkildə öyrətmək olar. Məsələn, müəllim ardıcıl şəkildə rəsmi nümayiş etdirir, uşaqlar isə bütün hərəkətləri təkrarlayır. Bu metod effektivdir, çünki uşaq böyüyü təqlid edir, yamsılayır. Bu halda bilik və bacarıqların ötürülməsi xüsusi asanlıqla fərqlənir, lakin müəyyən mühüm məqamlar mövcuddur. Bu metod gələcəkdə uşağa təsviri incəsənət və həyat bilgisi fənlərində kömək edəcək. Söz texnikası metodu - müəyyən mövzu və strukturu olan söhbətlər, nağıllar, təlimatlardır.
Sevda BABAYEVA, “Ankara məktəbi” məktəb-liseyin ibtidai sinif müəllimi
|
|
02.06.2019 | 11:03 | |
|
|
|