Dilimizə sevgi ilə

Hər bir  millətin, xalqın dili onun milli təfəkkürünün, həyat tərzinin,  ağıl və düşüncəsinin,  ruhunun sözlərlə ifadəsidir. Ona görə də insanlar mənsub olduqları millətin, xalqın dilində bir-birləri ilə ünsiyyətdə olanda, danışanda, fikir mübadiləsi edəndə  arzu və istəklərini  daha rahat və  dolğun  ifadə  edə bilirlər.

 

Dünyada hər bir  millətin, xalqın özünəməxsus ana dili olduğu kimi, bizim də doğma ana dilimiz Azərbaycan dilidir. Yaşı minillikləri geridə qoyan,  “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidəyə,  zəngin klassik ədəbiyyata, Şərqin  bütün elmi-fəlsəfi, dini biliklərini özündə ehtiva edən  Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi  və  Şah İsmayıl Xətai kimi dünyaşöhrətli  söz-sənət korifeylərinə sahib olan  Azərbaycan türklərinin dili dünyanın ən zəngin və   inkişaf  etmiş dilləri  sırasında öz layiqli yerini tutmaqla, Qafqazda  və Orta Şərqdə,  təxminən, 50 milyon insanın ünsiyyətdə olduğu çox  geniş bir arenada yayılmış  və yüksəlmişdir.

 

Ana dilimizi sevmək, qorumaq, onun qayğısına qalmaq  hər bir Azərbaycan vətəndaşının ümdə   borcudur. Dilimizin inkişafının təmin edilməsi, saflığının, təmizliyinin qorunması ümummilli liderimiz Heydər Əliyevin və ölkə Prezidenti İlham Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmana əsasən avqust ayının 1-nin ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi  buna real sübutdur.

 

Dərs dediyim tələbələrə ensiklopediyalardan, müxtəlif kitablardan, internet səhifələrindən  istifadə etməklə, bu tarixi günlər haqqında  geniş məlumat verirəm. Onlar öyrənirlər ki,  dünyada bir çox əlifbalar var:  ərəb, latın, kiril, hind və s. Bir çox Avropa  xalqları, o cümlədən türk qardaşlarımız da  latın əlifbasından istifadə edirlər.

 

Dərs prosesində tələbələrimə bildirirəm ki, ilk dəfə dil açanda “ana” kəlməsi söyləyirik,  bizim ilk  dərsliyimiz də “Ana  dili” adlanır. Analarımız bizə layla çalanda bu  dilin şirinliyini damla-damla ruhumuza hopdurub. Ulu babalarımızın bizə qoyub getdiyi  ən qiymətli miras da ana  dilimizdir. Bu dili gözlərimiz tək qorumalı, bizdən sonra gələn nəsillərə ötürməliyik.

    

Sonra “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə  ulu  öndər Heydər Əliyevin  imzaladığı 2 yanvar 2003-cü il tarixli Fərmanından onlara danışıram. Həmçinin  21 fevral-Beynəlxalq Ana Dili Günü və 1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü  ilə əlaqədar  tarixi günlərin  qeyd olunma  səbəblərini   şərh edirəm.  Dərs dediyim  qruplarda yeri gəldikcə  “Mənim  ana dilim” mövzusunda inşa  yazı yazdırır və qiymətləndirmə aparıram.

 

Tələbələrimlə “Mənim  ana dilim” mövzusunda  debat, yaxud diskussiya keçirirəm. Bildirirəm ki, bəzən elə azərbaycanlılarla rastlaşırıq ki, onlar öz doğma ana dilində düzgün  danışa bilmirlər. Hətta  danışmaq üçün  cəhd  də etmirlər.

 

Dil bilmək yaxşıdır. Bu baxımdan hər bir kəs  istədiyi xarici dili öyrənə və ondan yeri düşəndə istifadə edə bilər. Bu, insanın intellektinin yüksək olmasına dəlalət edir. Lakin xarici dilləri bilmək heç də öz ana dilimizə laqeyd qalmaq, ondan istifadə etməmək üçün əsas ola bilməz.  İnsan nə qədər dil bilməsindən asılı  olmayaraq öz vətənində,  onu əhatə edən soydaşları  ilə ünsiyyətdə olanda doğma dilində danışmalıdır. Bu fikirləri tələbələrimə  çatdırmaqla bir tərəfdən  onlarda dilimizə sevgi, digər tərəfdən də  ana dilinə  xor baxanlara  qarşı barışmazlıq hissi aşılayıram.

 

Dilimizi tələbələrə  sevdirməyin  yolu, fikrimcə, dili onlara mükəmməl öyrətməkdir. Mən bunu  nəzərə alıb tədris etdiyim Azərbaycan dili dərslərində tələbələrə dilimizin qayda-qanunlarını, xüsusən  orfoqrafiya və orfoepiya qaydalarını da dərindən öyrətməyə çalışıram.

 

Həm də ana dilimizi sevmək, onun qayğısına qalmaqla əlaqədar görkəmli söz ustalarının, mütəfəkkirlərin  ibrətamiz fikirlərini tələbələrimin  diqqətinə çatdırıram. Məsələn, Nəriman Nərimanovun “Ana  dili! Nə qədər rəfiq və nə qədər ali  ürək hissləri  oyandıran bir kəlmə! Nə qədər möhtəşəm, müqəddəs, nə qədər uca bir qüvvə!... türk (azərbaycanlı) balası  heç vaxt razı olmaz ki, ana dilinə  xəyanət etsin”, Ömər Faiq Nemanzadənin 1909-cu ildə  yazdığı “Məhəbbətlərimizin ən  üst qatına  dil məhəbbətini çıxarmalıyıq.  Dilimizi sevmək hamımızın ən birinci   müqəddəs  borcu olmalıdır”   kimi  fikirlərini deməklə yanaşı, böyük şairimiz Bəxtiyar Vahabzadənin məşhur “Ana  dili” şeirindən bir parçanı misal çəkirəm.

 

Dil açanda ilk dəfə

 

“Ana” söyləyirik biz.

 

“Ana dili” adlanır

 

Bizim ilk dərsliyimiz.

 

Bu dil bizim ruhumuz,

 

Eşqimiz, canımızdır,

 

Bu dil-bir-birimizlə

 

Əhdi-peymanımızdır.

 

Görkəmli söz ustalarının fikirlərini, şeirlərini söyləyən  zaman  bir filoloq kimi  ilk öncə dərsdə özümün  natiqlik  məharətimi   göstərirəm. Sonra  yüksək  pafosla, emosionallıqla  bir aktyor kimi obraza girərək, daxili ruhi və mənəvi hissləri  yaşadaraq, qarşımdakı auditoriyaya təsir  göstərir,  tələbələrimin qəlbinə  nüfuz edirəm. Həm də müxtəlif əsərlərdən bədii  parçaları, şeir nümunələrini  ifadəli şəkildə oxutdurmaqla, onlara  Azərbaycan dilini  daha dərindən   öyrətməyə səy göstərirəm.

 

 

Şakir CƏFƏROV,

filologiya üzrə fəlsəfə doktoru, ADPU-nun nəzdində Azərbaycan  Dövlət Pedaqoji Kollecinin müəllimi

 



01.06.2019 | 13:00