“Bu peşəni mənə elə təsviri incəsənət müəllimim sevdirib”

Nazlı Əhmədli 1994-cü ildə Qax rayonunda doğulub. 2011-2015-ci illərdə ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində təsviri incəsənət ixtisası üzrə təhsil alıb. 2017-ci ildə  Müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 45 bal toplayıb. Zərnə kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Gənc müəllim az müddətdə həm pedaqoji kollektivin, həm də  şagirdlərin rəğbətini qazana bilib.

 

- Nazlı xanım, müəllimlik peşəsi haqqında çox sözlər söylənilib,  fikirlər də müxtəlifdir. Siz nə düşünürsünüz bu barədə?

 

- Bu peşəni seçməyi məktəb illərindən qərar vermişəm. Rəsm çəkməyə böyük həvəsim var idi, müəllimliyi mənə elə təsviri incəsənət müəllimim sevdirib.

 

Ondan nümunə götürmüşəm və gələcəkdə mütləq mən də təsviri incəsənət müəllimi olacağımı düşünmüşəm. Müəllim şagirdlər üçün, eləcə də hər bir insan üçün örnəkdir. İnsan gələcəyi barədə ilk xəyallarını məhz müəlliminə baxaraq qurur, onun kimi olmağı, onun kimi davranmağı, hətta geyinməyi və sevməyi də düşünür. Bu gün müəllimlikdən daha böyük bir peşə tanımıram.

 

- Nəzərə alsaq ki, tədris etdiyiniz fənni qavramaq üçün bütün şagirdlərin qabiliyyəti olmur. Təsviri incəsənət sırf istedadlı şagirdlər üçün maraqlıdır. Hazırda şagirdlərlə işləmək çətinlik törətmir ki?

 

- Uşaqlarla işləmək çox gözəldir, onların bu fənnə olan marağı məni daha da həvəsləndirir. Əksinə, deyərdim ki, bu sahədə istedadı oldu-olmadı bu fənn bütün şagirdlərin sevdiyi bir fəndir. Şərt deyil ki, hamının bu sahədə istedadı olsun, əsas odur ki, ağ kağız və rəngli qələmlər hər bir şagirdin sevimlisidir. Ürəyindən keçən fikirləri peşəkar və ya qeyri-peşəkar səviyyədə ağ kağıza köçürməyi hamı sevir.

 

Onların ən kiçik uğuruna belə onlar qədər sevinirəm. Şagirdlərim arasında bu sahədə istedadı ilə fərqlənən şagirdlər də var.

 

- VI sinifdə “açıq dərs”iniz təşkil olunub. İlk dəfə “açıq dərs” keçmək sizdə hansı təəssüratları oyatdı?

 

- Düzdür, çox həyəcanlı idim. İlk dəfə “açıq dərs”im olacaqdı. Amma həm də sevincliydim. Şagirdlərimin bacarığını digər fənn müəllimləri də görəcəkdi. VI sinifdə dərsin mövzusu “Təsviri sənət əsərlərində məzmun” idi. Dərsin məqsədi şagirdləri təsviri sənətin janrları haqqında daha geniş məlumatlandırmaq və rəssamların hansı janrda əsərlər çəkdiklərini göstərmək idi. Mən dərsə kifayət qədər əsərlərdən nümunələr gətirmişdim və şagirdləri müxtəlif janrlarda çəkilmiş əsərlərlə tanış etməyə çalışdım. Şagirdlərə portret, natürmort, mənzərə, məişət, animalistik janrlarda müxtəlif rəssamların əsərlərini və öz əl işlərimi göstərdim.

 

Onlarla janrlar arasında fərqin nədən ibarət olduğu, janrların nəyi əks etdirdiyini müzakirə etdik. Dərsin sonunda şagirdlər təsviri sənətdə “janr” anlayışı, əsərdə “nə təsvir olunmalıdır” sualını cavablandırdığını anladılar. Eyni zamanda rəssamın tamaşaçıya təqdim etdiyi ideya “əsərin məzmunu” adlandığını öyrəndilər. Qarşıma qoyduğum məqsədə nail oldum. Dərsdə iştirak edən müəllimlər, məktəb rəhbərliyi ilə birlikdə dərsin müzakirəsi təşkil olundu. İlk “açıq dərs”im olduğu üçün dərsin müsbət xüsusiyyətləri daha çox vurğulandı. Gələcək dərslərimi daha məzmunlu və keyfiyyətli quracağımı düşünürəm.

 

- Şagirdlərdə dərsə maraq oyatmaq üçün, sizcə, müəllim nə etməlidir?

 

- Şagirdlərdə dərsə maraq hissi oyatmaq üçün öncə müəllim öz ixtisasını sevməlidir. Onu tədris etməkdən, şagirdlərinə bu sahədə nələrisə öyrətməkdən zövq almalıdır. Eyni zamanda müəllim, həm də psixoloq olmalıdır. Şagirdlərinin üzünə baxdığı an onların hansı psixoloji durumda olduğunu anlamalı, onlarla davranışın düzgün üsulunu tapmağı bacarmalıdır. Öncə şagirdlərin hər birinə həssaslıqla yanaşmalıdır. Bu gün pedaqoji prosesi uğurla başlamaq və başa çatdırmaq müəllimin şagirdə yanaşma tərzindən çox asılıdır. Müəllimini sevən şagird onun fənnini də sevməyə başlayacaq.

 

- Siz necə düşünürsünüz, şagirdlərdə öz fənninizə qarşı maraq oyada bilmisinizmi?

 

- Bunu söyləmək, məncə, hələ tezdir. Amma mən çox çalışıram bunun üçün...

 

Hər dərsimi maraqlı qurmaq, dərsdə şagirdlərin hər birinin iştirak etməsi, həvəslənərək yeni məlumatlar əldə etməsi üçün əlimdən gələni edirəm. Hər dərsdə həm azərbaycanlı, həm də xarici rəssamların əsərləri haqqında, həyatlarından maraqlı epizodlar danışmaqla şagirdlərimin diqqətini toplamağa çalışıram. Onlarla daha çox dost kimi münasibət qurmaqla qəlblərini ələ ala bilmişəm.  Təsviri incəsənət dərsinin olacağı günü həvəslə gözlədiklərini bilirəm. İnsan göstərdiyi sevginin yüz faiz olmasa da, əlli faizinin həmişə ona qayıdacağını düşünməlidir. O zaman böyük uğurlar əldə edə bilər. Mən də buna inanıram.

 

- Nazlı xanım,  pedaqoji fəaliyyətində sizə uğurlar arzulayırıq. Həmişə peşənə belə həvəslə və sevgi ilə davam et. Uğurlarınız bol olsun!

 

Günay MAHMUDOVA,

Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi

 



13.04.2018 | 14:00