Gənc bəstəkarlar arasında “Nəsimi Romans” müsabiqə-festivalı keçirilib

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) gənc bəstəkarlar arasında “Nəsimi Romans” müsabiqə-festivalı keçirilib. Müsabiqə-festivalın bədii rəhbəri Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, layihənin ideya müəllifi  və təşkilatçısı  Xalq  artisti, BMA-nın beynəlxalq əlaqələlər  üzrə propektoru, professor  Yeganə  Axundovdur.

 

Müsabiqənin münsiflər heyətinin sədri isə Azərbaycanın görkəmli bəstəkarı,  Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor  Firəngiz  Əlizadədir. Bundan başqa, münsiflər  heyətində Əməkdar incəsənət xadimləri Aydın Əzimov, Sərdar Fərəcov, Ceyhun Allahverdiyev, Nazim Mirişli, Cəlal Abbasov, humanitar fənnlər kafedrasının müdiri, professor nəsimişünas Tərlan Quliyev kimi görkəmli sənət  adamları təmsil olunub.

 

Münsiflər  BMA-nın  tələbə və məzunlarının  Nəsiminin sözlərinə yazılmış  yeni 17 romansı dinləyərək qalibləri müəyyən ediblər. Qaliblər I, II, III  yerləri tutaraq  diplomlarla mükafatlandırılıblar.

 

Tamaşaçılarda xoş ovqat yaradan festivalın keçirilməsində əsas məqsəd perspektivli və yaradıcı istedadlı bəstəkarları üzə çıxarmaq, Nəsiminin qəzəllərinə romansların yazılması ilə Nəsimi irsinin müasir gənc bəstəkarların yaradıcılığına təzahürünü artırmaq, eyni zamanda Azərbaycan xalqının  dünya  mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan Nəsimi poeziyasının gənc nəsil musiqiçiləri tərəfindən öyrənilməsidir.

 

Xatırladaq ki, bu ilin 11 yanvar tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2019-cu ilin "Nəsimi ili" elan edilməsi haqqında müvafiq sərəncam imzalayıb.

 

 

Sifai  SƏFƏROVA



30.05.2019 | 18:51