Pulunu ver, sonra oxu

2018-2019-cu tədris ili üçün ali məktəblərə sənəd qəbuluna start verilib. Bu da o deməkdir ki, ayrı-ayrı ixtisas qrupları üzrə hazırlaşan, gələcəyini müxtəlif sahələrdə ixtisaslı kadr kimi görmək istəyən gənclər üçün həlledici an yaxınlaşır. İndi onları və ailələrini hansı ixtisasa yiyələnəcəklərindən daha çox, başqa suallar maraqlandırır. Seçdiyi ixtisasa hansı ali məktəbdə yiyələnəcək? Bunun üçün hansı təhsil formasını seçməlidir? Topladığı bal sevdiyi ixtisasa seçdiyi universitetdə yiyələnməsinə imkan verəcəkmi? Bəs, ailəsi maddi cəhətdən onun arzularını gerçəkləşdirmək iqtidarındadırmı?

 

Təhsil haqqı qorxusu

 

Bütün bu suallar ətrafında düşünərkən istər-istəməz ötən ilin acı təcrübəsi yada düşür. Hansı ki, kifayət qədər yüksək bal toplayan bir neçə gəncin təhsildən kənarda qalması bu məsələ ətrafında xeyli müzakirəyə səbəb oldu. “Balı çatmırsa, növbəti il özünü bir daha sınayar”, “Pulu yoxdursa, gələn il daha çox bal toplayıb ödənişsiz oxuyar” deyənlərlə yanaşı, təhsil haqqının ödənilməsində heç bir güzəştə getməyən ali məktəbləri qınayanlar, pula görə gənclərin təhsildən kənarda qalmasının təhsil sistemində həyata keçirilən islahatlara zidd olduğunu iddia edənlər də oldu. Qızğın müzakirələrin sonunda görünən odur ki, bu son bir ildə heç nə dəyişməyib.

 

Təhsil üzrə ekspert Nadir İsrafilovun fikrincə, təhsil haqları ölkə əhalisinin böyük hissəsinin gəliri ilə müqayisədə çox yüksəkdir. Nəinki ölkə əhalisinin gəliri, qonşu dövlətlərin ali təhsil müəssisələrində qüvvədə olan təhsil haqqı ilə müqayisədə də Azərbaycan universitetləri daha bahalıdır: “Ona görə də ali məktəblərdə oxumaq şansı əldə edən, ancaq ödənişsiz təhsil üçün cəmi bir neçə balı çatmayan xeyli gənc maddi çətinlik ucbatından  bu imkandan yararlana bilmir. Bildiyim qədər, Təhsil Nazirliyi ali təhsil müəssisələrinə təhsil haqlarını ödəyə bilməyən tələbələrə ödənişlərini hissə-hissə ödəmələri üçün şərait yaratmaları barədə tapşırıq verib. Hətta ödənişlərin bütöv formada ödənilməsi ilə bağlı hər hansı problemlə rastlaşanlar Təhsil Nazirliyinə müraciət edə bilərlər. Ancaq bu güzəşt ikinci və daha yuxarı kurslarda təhsil alanlara şamil olunur”.

 

Maraqlıdır ki, Azərbaycan universitetləri arasında bu məsələyə münasibət demək olar ki, eynidir. İstər beynəlxalq miqyasda tanınan, dünya universitetləri siyahısına düşməyi bacaran təhsil müəssisəsi olsun, istərsə də Azərbaycan Turizm və Menecment Universiteti kimi yeni yaranan, cəmi bir neçə ildir ki, yerlərin tamamilə dolmasına nail olan universitet olsun, fərq etməz. Ölkə təhsil müəssisələri birinci kursa qəbul olunanlara güzəşt etmir.

 

Sənədlərinin arasında birillik təhsil haqqını ödədiyinə dair qəbzi görmədən gənci universitetə qəbul etmirlər. Məsələn, “Round University Ranking” Beynəlxalq reytinqinin (RUR-2018) nəticələrinə əsasən, dünya universitetləri siyahısında 686-cı yerdə qərarlaşan Bakı Dövlət Universitetində ödəmədə çox ciddi nəzarət var. BDU-da rektorun maliyyə müşaviri Məzahir Sultanovun sözlərinə görə, ödənişli ixtisaslar üzrə birinci kursa qəbul olunanların sənədləri təhsil haqqını ödəmədən götürülmür. Növbəti kurslarda isə təhsil haqqının iki dəfəyə, birinci yarımili yanvar semestrinədək, qalanını da təhsil ilinin sonunadək ödəməyə şərait yaradılır.

 

Ölkədə 100 yaşını qeyd edəcək daha bir universitet - Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov “Azərbaycan müəllimi”nə müsahibəsində deyir: “Tələbə ödənişi iki hissədə verir. Dekanlıqların təqdimatı ilə hətta iki hissəyə bölünmüş məbləğin də hissə-hissə ödənilməsinə şərait yaradırıq”.

 

Ancaq birinci kursda oxuyacaq gənc mütləq təhsil haqqını bəri başdan ödəməlidir: “Dünyada da qayda belədir ki, əvvəlcə ödəniş olur, sonra tələbə dərsə başlayır. Elektron qaydada həyata keçirilən bu prosesdə heç bir səbəb qəbul edilmir. Ödəniş yoxdursa, tələbənin adı qeydiyyata düşmür”.

 

C.Cəfərovun fikrincə, maddi çətinliklər ali təhsil müəssisələrinə də başqa çıxış yolu buraxmır: “İmkansız tələbələrə Tələbə Həmkarlar Təşkilatının köməyi olur, yeməkxanadan pulsuz istifadəyə də imkan yaradılır. Bu yolla tələbələrə kömək etməyə çalışırıq. Ancaq kaş elə bir fondumuz olardı ki, ehtiyac sahibi olan tələbələrin təhsil haqqını həmin fonddan ödəyərdik”.

 

Ancaq fərqlənənlər də var. 1973-cü ildə yaransa da, əvvəlki təhsil sistemindən tamamilə imtina edərək Avropaya inteqrasiya yoluna üstünlük verən, dünyanın qabaqcıl ali məktəblərinin ən yeni metodlarının tətbiqinə nail olan Azərbaycan Dillər Universiteti bir çox məsələdə olduğu kimi, bu məsələdə də fərqli mövqe nümayiş etdirir. ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Abdullayev hesab edir ki, ali məktəbə daxil olan şəxslərə  “Birinci kursun pulunu ver, sonra sənədlərini qəbul edim” prinsipi ilə yanaşma doğru deyil: “Təhsil haqqını sonradan ödəyəcəyinə dair çox müraciət olur. Universitet rektorlarına edilən belə müraciətlər müsbət cavablandırılmalıdır. Təhsilalan onsuz da bu vəsaiti ödəyəcək. Bir də ki, insan götürdüyü fənnin pulunu verməlidir. Axı tələbə universitetə bir il əvvəldən niyə pul ödəməlidir? Bəlkə heç ilin sonunadək təhsil almayacaq, birinci semestrdən sonra çıxıb getmək istəyəcək. Belə faktlar da var. Birinci kursun ikinci semestrindən xaricə çıxıb gedən tələbə ödədiyi təhsil haqqının yarısının geri qaytarılmasını tələb edib. Tələb etməkdə də tamamilə haqlıdır. Çünki oxumadığı fənlərin pulunu ondan əvvəlcədən alıblar. Ümumiyyətlə, qeydiyyat hər semestrdə aparılmalıdır. Tələbə qeydiyyatdan keçərkən həmin semestrdə hansı və neçə fənni oxumaq istədiyini bildirməlidir. Biz bütün birinci kurslara 6 fənn təklif edirik. Ancaq onların hamısı 6 fənni oxumaya da bilər. Tutaq ki, 4 fənn götürüb ancaq onun pulunu ödəmək istəyini bildirər və bu istəyində tam haqlıdır”.

 

Universitetlərdə qiymətlər

 

Dünyada bahalı universitetlər çoxdur. Məsələn, Harvard Universiteti. “Round University Ranking” Beynəlxalq reytinqinin (RUR-2018) 2018-ci il üzrə nəticələrinə əsasən, dünyanın birinci ən reytinqli bu universiteti dünyanın ən bahalı universitetlərindəndir. Azərbaycanda da bahalı universitetlər var. Amma bahalı ixtisaslar daha çoxdur. Üstəlik, qiymətlər heç də ali məktəbin dövlət, ya da özəl universitet olması ilə də əlaqəli deyil. Məsələn, ölkəmizdə ən nüfuzlu ixtisas - hüquq üzrə kadr hazırlığı Bakı Dövlət Universitetində 4300 manat, Naxçıvan Dövlət Universitetində 3000 manat, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 3500 manat, Milli Aviasiya Akademiyasında 2500 manatdır. Eyni ixtisaslar üzrə müxtəlif qiymətlər, demək olar ki, bütün universitetlərdə qarşımıza çıxır. Belə ki, tarixçi kimi Bakı Dövlət Universitetində yetişmək ildə 2800 manatdırsa, Gəncə Dövlət Universitetində 1900 manatdır. Bakı Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 2500 manatdırsa, Azərbaycan Dövlət Pedaqoji Universitetində bu ixtisas üzrə təhsil haqqı 1600 manatdır. Fərqli təhsil haqları regionşünaslıq ixtisasları üzrə kəskin nəzərə çarpır. Belə ki, Bakı Dövlət Universitetində 1900-2500 manat arasında dəyişən təhsil haqqı, Azərbaycan Dillər Universitetində 1000 manat, Bakı Slavyan Universitetində 1600 manat, Avrasiya Universitetində isə 1700 manatdır. Əgər Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisası üzrə təhsil haqqı 3000 manatdırsa, bu ixtisas Azərbaycan Texniki Universitetində 2000 manat, Gəncə Texnologiya Universitetində isə 1400 manatdır. Əgər Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Dünya iqtisadiyyatı ixtisasının təhsil haqqı 2300 manatdırsa, bu ixtisas Bakı Slavyan Universitetində 1900 manat, Xəzər Universitetində 4500 manatdır. Ölkəmizdə ixtisaslar üzrə ən yüksək təhsil haqqı Azərbaycan Turizm və Menecment Universitetində müşahidə olunur. Burda kadr hazırlığı aparılan bütün ixtisaslar üzrə formalaşmış təhsil haqları eyni ixtisaslar üzrə tədris aparılan bütün dövlət universitetlərindən yüksək hesab edilir.

 

Onları kim, nəyə əsasən müəyyənləşdirir?

 

Kiçik sorğudan sonra öyrənirik ki, ali məktəblərdə təhsil haqqını dekanlıqlar müəyyənləşdirir. Azərbaycan Dillər Universitetinin prorektoru Əfqan Abdullayevin sözlərinə görə, hər ixtisas üzrə hazırlığın qiymətini həmin sahənin mütəxəssisləri müəyyənləşdirir. Onların qərarı universitetin Elmi Şurasında müzakirəyə çıxarılır. Elmi Şuranın verdiyi qərar Təhsil Nazirliyinə göndərilir. Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinə və Dövlət İmtahan Mərkəzinə təqdim olunur: “İxtisasın dəyərinin müəyyən olunması həmin ixtisasların əmək bazarında lazımlılıq dərəcəsinə görə müəyyənləşir. Elə ixtisaslar var ki, onun qiyməti Azərbaycan Dillər Universitetində başqa ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir. Tutaq ki, ingilis dili müəllimliyinə görə Azərbaycan Dillər Universitetində təhsil haqqı yüksəkdir. Çünki ADU ənənəvi olaraq ingilis dili müəllimi hazırlayan universitetdir. Ona görə də hesab edirik ki, bizim müəllimlərimiz bu sahə üzrə daha kamil mütəxəssislərdir. Proqramımız daha mükəmməldir. Xarici əlaqələrimiz başqa təhsil müəssisələrindən daha yaxşıdır. Bunları nəzərə alanda, bizim hazırladığımız kadrlar daha keyfiyyətli hesab oluna bilər”.

 

Ə.Abdullayevin fikrincə, universitetin özünün də cəmiyyətdə reytinqi qiymətlər müəyyənləşdirilərkən mühüm rol oynayır: “Reytinqə görə, ADU dil hazırlığı üzrə ölkədə aparıcı yerə sahibdir. Ancaq Regionşünaslıq kimi ixtisaslar da var ki, bizdə onun qiyməti 1000 manat dəyərində hesablanıb”.

 

Buna baxmayaraq, prorektor ADU-da ödənişli yerlərə görə təhsil haqqının o qədər də yüksək olmadığını iddia edir və bunu belə əsaslandırır: “Ümumiyyətlə, universitetimizdə ödənişli ixtisaslar üzrə qiymətlər 1000-2500 manat arasında dəyişir. Bilirsiniz ki, dövlət sifarişi əsasında olan yerlərin qiymətləri dövlət tərəfindən 1700-2300 AZN müəyyənləşdirilib. Həmin məbləğ eyni ixtisas üzrə ödənişli təhsil alan tələbənin təhsil haqqından cüzi aşağıdır”.

 

BDU-da da təhsil haqqı müəyyənləşdirilərkən tələb və təklif nəzərə alınır. Ancaq inflyasiya, Tarif Şurasının qərarları da qiymətlərdən yan keçmir. Beləliklə, 19 ildə bəzi ixtisaslarda az-az, bəzi ixtisaslarda hiss ediləcək qədər böyük qiymət artımı müşahidə olunub. Nəticədə BDU-da ən aşağı təhsil haqqı 1700 AZN fizika ixtisası üzrə, ən yüksək təhsil haqqı isə 3800-4000 civarında hüquqşünaslıq ixtisası üzrə müəyyən edilib. Rektorun maliyyə müşaviri, dosent Məzahir Sultanov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə BDU-ya maliyyə müstəqilliyi verilməsindən sonra hər tələbəyə çəkilən xərc müəyyənləşdirilib: “Dövlət sifarişli yerlər üçün təhsil müəssisəsinin büdcəsinə hər tələbəyə görə ixtisasından asılı olaraq 1320-1620 AZN vəsait daxil olur. Ödənişli təhsil üçün 1700-2400 AZN civarında qiymətlər dəyişir. Yalnız hüquqşünaslıq ixtisası üzrə təhsil haqqı 3800-4000 AZN civarındadır”.

 

M.Sultanovun sözlərinə görə, hər tələbəyə çəkilən real xərc 3200-3500 manatdır: “Kimya fakültəsində təhsil alan bir tələbənin xərci 4000 manatdır. Amma biz bu qədər təhsil haqqı tələb etmirik. Bu mövqeyimizdə tələb və təklif də öz rolunu oynayır. Tutaq ki, hüquqşünaslıq ixtisası üzrə təhsil almaq istəyənlərin çoxluğunu, tələb və təklif arasında proporsiyanı, ixtisaslar üzrə qəbul balını nəzərə alırıq”. 

 

M.Sultanov onu da deyib ki, hüquq fakültəsindən savayı, digər ixtisaslar üzrə hazırda qüvvədə olan qiymətlər artıq çoxdandır ki, dəyişmir.

 

Azərbaycan Texniki Universiteti həm təhsil verərək, həm də əldə etdiyi patent, yaxud da istehsalatla əməkdaşlıq əsasında maliyyə resursu yarada bilir. Təhsil müəssisəsi həmin vəsaitlə müəllimlərə, köməkçi işçilərə əməkhaqqı verir, eləcə də inzibati təsərrüfat xərclərini ödəyir. Ona görə də burada ödənişli təhsilin qiyməti dövlət sifarişli yerlərin qiymətindən kəskin fərqlənmir. Universitetin mətbuat xidmətinin rəhbəri Nicat Abdullayevin sözlərinə görə, təhsil haqları arasındakı fərqləri universitetlər yaradır: “Dövlət ali təhsil müəssisələrində dövlət sifarişli təhsilə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğ 1620 manatdır. Azərbaycan Texniki Universitetində ödənişli əsaslarla təhsil də təxminən bu qiymətədir. Ümumiyyətlə, ödənişli əsaslarla təhsilin qiymətini universitet özü müəyyən edir. Bu, dövlət sifarişli yerlər üçün müəyyən edilən rəqəmlə eyni olmaya bilər. Yəni az da ola bilər, çox da... Məsələn, bizim universitetdə əhalinin sosial-iqtisadi vəziyyəti nəzərə alındığı üçün ödənişli təhsilin qiyməti dövlətin müəyyən etdiyi rəqəmlə, demək olar ki, eynidir. Yeri gəlmişkən qeyd edim ki, ödənişlərdə çətinliyin yaranmaması üçün Azərbaycan Texniki Universitetində rektorun əmri ilə təhsil haqqının hissə-hissə, aylar üzrə ödənilməsinə icazə verilir. Hesab edirik ki, bütün bunlar gənclərin təhsilə cəlb olunması, tələbələrin tədrisdən uzaqlaşmaması üçün vacib addımdır”.

 

Ölkəmizin yeni olsa da, artıq ən bahalı universitetlərindən biri kimi tanınan Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) qiymətlər 2500-3000 manat arasında dəyişir. Universitetin tədris metodiki şöbəsinin müdiri Nərminə Abdullayevanın sözlərinə görə, təhsil müəssisəsində 10 ixtisas - Turizm və otelçilik, Menecment, Marketinq, Regionşünaslıq (regionlar üzrə), Nəqliyyat servisi (nəqliyyat növləri üzrə), Muzeyşünaslıq-Arxiv işi və diyarşünaslıq, Tərcümə (ingilis- Azərbaycan) (ingilis-rus), Sosial iş, Beynəlxalq münasibətlər, Qida mühəndisliyi, Maliyyə, Biznesin idarə edilməsi üzrə kadr hazırlığı həyata keçirilir. Bakalavr pilləsində 4 ixtisas üzrə 2500 manat, 4 ixtisas üzrə 3000 manat, 2 ixtisas üzrə 2800 manat təhsil haqqı tələb edilir. Magistratura pilləsi üzrə hazırlığın qiyməti ixtisasdan asılı olmayaraq, 2000 manatdır. Qiymətlərin yüksək olmasına baxmayaraq, son 2 ildə bütün ixtisaslar üzrə yerlər dolur. N.Abdullayeva bunu universitetdə son bir neçə ildə təhsilin keyfiyyətinin artması ilə izah edib: “Qiymətdən asılı olmayaraq, bütün ixtisaslar üzrə yerlərimiz dolur. Bu, təhsilin keyfiyyətinin yaxşılaşması ilə bağlıdır. Məzunlarımız universiteti bitirdikdən sonra yaxşı yerlərdə işləyirlər. Onlar da universiteti reklam edirlər. Məzunlarımızın hazırlıqlı olması, yaxşı yerlərdə iş tapması universitetin nüfuzuna müsbət təsir göstərir”.

 

Təhsil haqqının yüksək olmasına gəlincə, N.Abdullayevanın sözlərinə görə, hər tələbənin hazırlığı üçün tələb olunan vəsait hesablanır. Həmin məbləğə müəllimlərin əməkhaqqı, tədris olunan fənlər, hər fənnin hazırlığında istifadə olunan avadanlıq, laboratoriya və tətbiq edilən proqramların qiyməti daxildir: “Turizm və otelçilik ixtisası üzrə tələbələrə AMADEUS proqramı öyrədilir. Həmin proqram Nəqliyyat servisi ixtisası üzrə təhsil alan tələbələrə də keçilir. Bu və digər amillər təhsil haqqında öz əksini tapır”.

 

Əlçatan təhsil hədəf, güzəştsiz ödəmə tələbdir, bəs, təhsil krediti çıxış yoludurmu?

 

Beləliklə, adı dünya universitetləri siyahısına yenicə düşən Azərbaycan ali təhsil müəssisələrində əhalinin imkanları ilə tərs mütənasib - yüksək dəyərləndirilən təhsil haqqı özlüyündə bir çox problemə yol açır. Məsələn, yüksək təhsil haqqı ixtisas seçiminə təsirsiz ötüşmür. Gənclərin qonşu ölkələrdə fəaliyyət göstərən daha ucuz ali məktəblərə üz tutmasına səbəb olur.

 

Çıxış yolunu təhsil kreditlərində görən ekspert Nadir İsrafilovun qənaəti belədir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda tələbə kreditləri məsələsinə önəmli yer verilməsi problemin ciddiliyini bir daha qaçılmaz edir: “Düzdür, problemin həlli istiqamətində müəyyən addımlar atılıb. Ali təhsilə çıxış imkanlarının genişləndirilməsi, təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi məqsədilə 2016-cı ildə Təhsil Nazirliyinin təşəbbüsü ilə 10 dövlət ali təhsil müəssisəsi tərəfindən “Maarifçi” Tələbə Kredit Fondu təsis edilib və fəaliyyətə başlayıb. Lakin təəssüf ki, bu Fond o qədər də geniş dairəni əhatə etmir. Ən başlıcası isə kreditə daha çox ehtiyacı olan birinci kurs tələbələrinin bundan istifadə imkanı yoxdur. Halbuki onların buna daha çox ehtiyacı var. Çünki bütün ali təhsil müəssisələri tələbə adı qazananların birinci kursun təhsil haqqını birdəfəyə ödəməsi barədə şərt qoyub. Bu da o deməkdir ki, onlara ikiqat zərbə olur. Ali məktəblər təhsil haqqını ödəmədən onları birinci kursa qəbul etmir, kredit fondu ancaq ikinci kursda oxuyan və təhsildə yaxşı göstəriciləri olan aztəminatlı ailələrin uşaqlarına kredit verir”.

 

N.İsrafilovun fikrincə, tələbə krediti haqqında qanun layihəsini hazırlamaq artıq zərurətə çevrilib. Bu istiqamətdə işlərə başlanılıb. Milli Məclisin Elm və təhsil komitəsindən “Tələbə kreditləri haqqında” qanun layihəsinin hazırlanacağı barədə açıqlama verilib. Komitə sədri bəyan edib ki, yaxın perspektivdə bu layihəni hazırlamağı düşünürlər. Artıq bununla bağlı dünya təcrübəsi öyrənilir”.

 

N.İsrafilovun fikrincə, Boloniya sisteminə qoşulan ölkələrin əksəriyyəti ali məktəb tələbələrinə çox geniş spektrdə tələbə kreditləri ayırırlar: “Kreditlər 3-4 faiz, ən yüksək halda isə 5-7 faizlə 15-20 illik müddətə verilir. Azərbaycanda ödənişli təhsil alan kifayət qədər tələbə var. Ayrı-ayrı ixtisas üzrə təhsil haqlarının təxminən, 1500-6500 arasında dəyişdiyini nəzərə alsaq, vəziyyətin nə qədər ciddi olduğu göz önünə gəlir. Beynəlxalq təhsil sisteminə inteqrasiyadan söhbət gedirsə, dünyada bu sahədə geniş təcrübə və müxtəlif mexanizmlər var. Tələbə götürdüyü kreditlə oxuduğu universitetdə təhsil haqqını ödəyir. Təhsilini bitirib işlədikdən sonra həmin pulu qaytarır. Qaytarma şərti qarşılıqlı müqaviləyə əsasən, 5, 10, 15, hətta 20 ilə qədər müddəti əhatə etməklə, aşağı faizlərlə ola bilər. Azərbaycanda da belə bir qanunun qəbul edilməsi ona imkan yarada bilər ki, tələbələr heç olmasa, təhsil haqqı ilə bağlı sosial qayğılardan müəyyən qədər uzaqlaşarlar. Təhsilini bitirib işlədikcə isə borclarını qaytarmaq imkanı əldə edərlər. Buna görə də hesab etmək olar ki, təhsil krediti bazarının formalaşması mərhələsində dövlət himayəsi və dəstəyi mütləqdir”.

 

Ruhiyyə DAŞSALAHLI



13.04.2018 | 13:27