SABAH tələbələri “Sağlam təhsil” siniflərində

Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU)  SABAH qrupları və “Sağlam təhsil-sağlam millət” layihəsinin əməkdaşlığı çərçivəsində hesabat görüşü keçirilib.

 

ADPU-nun SABAH qruplarında ibtidai sinif müəllimliyi üzrə təhsil alan III kurs tələbələrinin “Sağlam təhsil” siniflərində keçdiyi pedaqoji təcrübənin yekunlarına həsr olunan görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Milli Təhsil Texnologiyaları Mərkəzinin insan kapitalının idarə edilməsi üzrə koordinatoru Vüsal Qasımov, prorektorlar, metodist və psixoloqlar, müəllim və tələbələr iştirak edib.

 

Hesabat görüşündə  bildirilib ki, cari ilin fevral ayında 13 məktəbin “Sağlam təhsil” siniflərində keçirilmiş pedaqoji təcrübədə 29 SABAH tələbəsi iştirak edib. Tələbələr təcrübə dövründə müəyyən olunmuş mövzular üzrə tədqiqat işləri üzərində çalışıblar.

 

Görüşdə seçilmiş ən yaxşı 3 tədqiqat işinə dair təqdimat nümayiş olunub.

 

Tədbirdə təcrübə keçmiş tələbələr, habelə «Sağlam təhsil» siniflərinin müəllimləri sertifikat və təşəkkürnamələrlə təltif olunublar

 

SABAH tələbələrinin “Sağlam təhsil” siniflərində təcrübə proqramı artıq dördüncü dəfədir ki, təşkil olunur.

 



30.05.2019 | 09:00