Respublika Günü ilə bağlı məktəblərdə silsilə tədbirlər keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 101 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.

 

Belə ki, təhsil müəssisələrində 28 may-Respublika Gününə həsr olunan konfranslar, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri, idman yarışları təşkil edilib.

 

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilib. Ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilib.

 

Tədbirlərdə Azərbaycan Xalq  Cümhuriyyəti dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğu bildirilib, ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, respublikamızın inamla irəlilədiyi, regionda və dünyada lider dövlətə çevrildiyi nəzərə çatdırılıb.

 

"Bir kərə yüksələn bayraq bir daha enməz!", "Cümhuriyyət tariximizin qızıl səhifəsidir", "Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır", "Azərbaycanın dünəni və bu günü", “Müstəqil dövlətimiz Xalq Cümhuriyyətinin varisidir” adlı tədbirlərdə şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Bundan əlavə, tədbirlərdə AXC-nin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx və filmlər göstərilib. Həmçinin fotostendlərə, şagirdlərin əl işlərindən ibarət sərgilərə baxış keçirilib.       

 



29.05.2019 | 10:52