Respublika çempionatının qalibi müəyyənləşib

“Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında keçirilən məktəblər arasında respublika çempionatının şahmat idman növü üzrə yarışların final mərhələsinə yekun vurulub.

 

Çempionatın proqramına uyğun olaraq, final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 məktəb komandası mübarizə aparıb.

 

Yarışların nəticəsi olaraq, I yeri Bakı şəhəri 60 nömrəli tam orta məktəb, II yeri Bakı şəhəri 6 nömrəli məktəb-lisey, III yeri isə Abşeron rayonu Saray qəsəbə 2 nömrəli tam orta məktəbin komandası tutub.

 

2018-2019-cu tədris ili ərzində keçirilən çempionatda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən rayon və şəhər ümumtəhsil müəssisələrinin komandaları şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-cu siniflər), basketbol (oğlanlar, 9-11-ci siniflər) idman növləri üzrə mübarizəyə qatılıb. 2018-ci ilin oktyabr ayından başlanılan şahmat idman növü üzrə yarışlarda 675 orta məktəb üzrə 17 000-ə yaxın şagird iştirak edib.

 

Qeyd edək ki, məktəblər arasında respublika çempionatı Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir.



28.05.2019 | 15:05