Layihə metodlu ekskursiyaların təşkili

Bu gün danılmaz faktdır ki, Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində şagirdlər bir çox mühüm bilik və bacarıqları oxuduqları məktəbdə dərs zamanı alır. Sinif otağında aldıqları bilik və bacarıqlar şagirdlər üçün bəzən cansıxıcı, bəzən anlaşılmaz, bəzən də maraqsız ola bilir.

 

Sinif otağında keçilən standart dərslər zamanı şagirdlərdə idrak fəallığına nail olmaq mümkündür. Qeyri-standart dərslərdə isə şagirdlər həm idraki fəaliyyətdə, həm müxtəlif insanlarla ünsiyyətdə olur, həm də motorik fəaliyyətdə olaraq bildiklərini bacarıq və vərdişlərə çevirmək imkanı əldə edir.

 

Hələ XX əsrin 70-ci illərində məktəblilərin tədris məşğələlərinə marağının azalması kimi qorxulu meyil yarananda müəllimlər şagirdlərin əqli əməkdən üz döndərməsinin qarşısını müxtəlif üsullarla almağa cəhd göstərirdilər. Kütləvi praktikada bu problemə diqqət yetirilərək qeyri-standart dərslər təşkil edilirdi. Məqsəd şagirdlərdə tədris əməyinə maraq oyatmaq və o marağı saxlamaq idi. Qeyri-standart dərslər standart strukturu olmayan dərslərdir ki, bu da, öz növbəsində, müəllimdən yüksək improvizə bacarığı tələb edir.

 

Bu gün qloballaşan dünyada elmi-texniki tərəqqinin inkişafı və innovativ yenilikləri şagirdlərə vaxtında və əyani çatdırmaq üçün sinifdənxaric və məktəbdənkənar tədbirlərin,  xüsusən də qeyri-standart dərslərin təşkili zərurəti meydana çıxır.

 

Müasir təhsilin tərkibi dərsə olan bir sıra tələbləri dəyişdirir: Söhbət məşğələlərin rasional təşkil edilməsindən, əmək və istirahətin düzgün növbələşməsindən və dərsdə müxtəlif pedaqoji metodların tətbiqindən gedir.

 

Müasir dərs ənənəvidən məqsədləri, məzmunu, təşkilati-metodiki tərəfi, şagirdlərin fəallıq səviyyəsi, strukturu və tempi ilə fərqlənir. Belə məsələlərin reallaşdırılması üçün müasir müəllim praktikaya qeyri-ənənəvi dərs növlərini daxil etməlidir. Bunlar: dərs-layihə, tədqiqat tipli dərs, dərs-ekskursiya, dərs-seminar, biliklərin təkmilləşdirilməsi dərsi, birləşdirilmiş və binar dərslər, dərs-oyun, dərs-səyahət, nitq inkişaf dərsi və s. ola bilər.

 

Qeyri-standart dərslər öz məqsədinə, təşkilinə, keçirilmə metodikasına görə qeyri-adi dərslərdir, onlar ciddi strukturu, müəyyən iş rejimi olan gündəlik tədris məşğələlərinə nisbətən şagirdlərin daha çox xoşuna gəlir. Məhz buna görə müəllimlər belə qeyri-standart dərslərdən də istifadə etməlidirlər.

 

Bununla bərabər xüsusi vurğulamaq istərdik ki, qeyri-standart dərsləri başlıca iş formasına çevirmək də olmaz. Dərslər-işgüzar oyunlar, dərslər-mətbuat konfransı, yarış dərsləri, məsləhət dərsləri, kompüter dərsləri, qarşılıqlı təlim dərsləri, yaradıcılıq dərsləri, dərslər-oyunlar, fantaziya dərsləri, dərslər-konsertlər, məqbul dərsləri, dialoq dərslər, dərslər-rollu oyunlar, dərs-seminarlar, inteqral dərslər, “məhkəmə” dərsləri və s. kimi qeyri-standart formalara aludəçilik etmək olmaz. Çox vaxt apardığına, ciddi əqli əmək sərf edilmədiyinə və yüksək nəticə qazanılmadığına görə onları sistem halında tətbiq etmək məqsədəuyğun hesab edilmir.

 

Təlim prosesinin təşkilinin köməkçi forması olaraq ekskursiya-dərslərin dərs ili ərzində 1 və ya 2 dəfə keçirilməsi şagirdlərdə tədris əməyinə marağı artırar. Ümumilikdə isə şagirdlərin mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, istedad və qabiliyyətlərinin, potensial imkanlarının inkişafı istiqamətində effektiv təsir gücünə malikdir.

 

Bu baxımdan şagirdlərin bilik və bacarıqlarını təkmilləşdirmək və məlumatlılıq səviyyəsini artırmaq, əşya və hadisələri onlara əyani surətdə öyrətmək məqsədilə ekskursiyaların təşkili vacibdir.

 

Bir çox valideynlər ya maddi çətinliklər, ya vaxt çatışmazlığı, ya da  məhdud dünyagörüşünə sahib olması və ya hər hansı bir digər səbəbdən övladlarını muzeyə, kinoya, teatra, idman yarışlarına, tarixi məkanlara apara bilmir. Məktəblərimizdə də bu cür imkanlar  məhduddur.

 

Bəs necə etmək olar ki, şagirdlər üçün ekskursiyalar təşkil olunsun? Daha maraqlı, daha cəlbedici, daha səmərəli, daha yaddaqalan ola biləcək qeyri-standart dərslər keçirilsin?

 

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planının 5.1.2. bəndinə əsasən dövlət təhsil müəssisələri üçün nəticəyönlü büdcə planlaşdırılması, büdcədənkənar mənbələrdən vəsaitlərin cəlbi və onlardan istifadə mexanizmlərinin yaradılmasını əsas tutaraq təhsil menecerləri, məktəb direktorları, o cümlədən pedaqoji işçilər müasir dövrün tələbi olan ekskursiyaların təşkili və qeyri-standart dərslərin keçirilməsi üçün müxtəlif şirkətlərlə əməkdaşlıq edərək, bu işi təşkil edə bilər. Xeyriyyəçiliklə məşğul olan şirkətlərlə tərəfdaşlıq edərək məktəblər ekskursiyaların təşkili və qeyri - standart dərslərin keçirilməsi üçün vacib olan maliyyə resursunu əldə edə bilər.

 

Şagirdlərə sinifdən və məktəbdən kənarda  ekskursiyaların təşkili yolu ilə elmi araşdırmalar üzrə ilkin vərdişlər, öyrəndikləri məlumatları layihə formasında hazırlama bacarıqları  istiqamətində tədbirlər təşkil etmək mümkündür. Qeyd edim ki, sinifdən və məktəbdən kənarda öyrənmə probleminin həlli yolunda  işlərin görülməsi artıq təhsildə dövrün və zamanın vacib bir tələbinə çevrilmişdir.

 

Ekskursiya-dərslərin keçirilməsi ilə şagirdlərdə hansı bilik və bacarıqlar formalaşdırmaq  mümkündür?

 

Şagirdlər bu işin təşkilindən araşdırma aparacaqları mövzular üzrə daha dərin biliklər əldə edə bilər. Həmçinin layihə planının tərtibi, mövzuya inteqrativ (multidissiplinar) yanaşma, səmərəli məlumat toplama, layihə tərtibetmə, təqdimat hazırlama, layihəni peşəkar təqdimetmə, ünsiyyət qurma, komandada işləmə, müstəqil qərarvermə kimi mühüm bacarıqlar əldə etmək imkanına sahib ola bilərlər. Şagirdlərdə ekskursiyalar zamanı müvafiq mövzular istiqamətində elmi araşdırmalar üzrə ilkin vərdişlər formalaşdırmaq mümkündür. Ən vacib məsələlərdən biri də həmin ekskursiyalar zamanı şagirdlərin hazırladığı layihələrdir ki, bu layihələr onların yaradıcı təfəkkürünün inkişafına böyük təkan verə bilər.

 

Layihələr metodu elə bir texnologiyadır ki, burada şagird sərbəst olaraq yeni ideyanı fikirləşir, işləyib hazırlayır, redaktə edir, tətbiqetmə ilə bağlı işləri həyata keçirir.

 

Layihələr metodu yaradıcı, aktiv fəaliyyət göstərən şəxsiyyətin inkişafına kömək etməklə şagirdlərdə intellektual bacarıqların formalaşmasına imkan verir. Bu metod müəyyən nəticələrə əsaslanan layihənin təqdim olunması və müdafiəsi yolu ilə şagirdlərin yaradıcı, məntiqi təfəkkürünün inkişafına, müstəqil düşüncə, təhliletmə və əqli nəticə çıxarma qabiliyyətlərinin təşəkkülünə zəmin yaradır.

 

Layihəli tədris fəaliyyəti şagirdlərin yaradıcılıq fəallığının inkişafı üçün daha böyük imkanlar açır. Şagirdlərin layihəli fəaliyyəti tədris prosesinin ən əhəmiyyətli tərkib hissələrindən biri olmaqla məsələnin strukturu haqqında bilik və bacarıqlar formalaşdırır. Layihəli fəaliyyət metodu müasir tədris prosesinin elementi kimi çox səmərəlidir. Belə ki, müxtəlif məsələlərin reallaşdırılmasında şagirdlərə maksimum azadlıq verir, bu da onlarda şəxsiyyətin yaradıcı inkişafını təmin edir.

 

Müasir pedaqoji praktikada daha geniş tətbiq olunan şəxsiyyətyönümlü-inkişafetdirici pedaqoji texnologiyalar aşağıdakılardır:

 

1) Əməkdaşlıqla təlim texnologiyası;

 

2) Layihələr metodu ilə təlim texnologiyası;

 

3) Modulla təlim texnologiyası.

 

Layihələr metodu pedaqogikada əslində yeni metod deyil. Lakin bu metoddan sürətlə dəyişən tələb və ehtiyaclara uyğunlaşmağa kömək edən vasitə kimi istifadə etmək olar. Məhz bu uyğunlaşma layihələr metodunu XXI əsrin pedaqoji texnologiyalarına aid edilməsinə ciddi əsas verir.

 

Qeyd etdiyimiz fikirlər sadəcə fərziyyə, ehtimal deyil. Bu fikirləri imkan düşdükcə gənc müəllim olaraq reallıqda tətbiq etməyə çalışıram.

 

Pedaqoji işçilərin yeni və kreativ ideyalarının dəstəklənməsi istiqamətində həyata keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqə fikrimdə canlandırdığım ideyanı real olaraq həyata keçirməyimə imkan verdi.

 

I qrant müsabiqə çərçivəsində Göygöl rayonunun 7 məktəbinin  şagirdlərinin, həmçinin pedaqoji fəaliyyətimi davam etdirdiyim Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin şagirdlərinin də qoşulduğu “Gəzək, görək, öyrənək” adlı layihəni icra etdik. Layihə çərçivəsində şagirdlərə araşdırma, məlumat toplama, təqdimat hazırlama və təqdimetmə barədə qısamüddətli təlimlər keçirilmişdir. Həmçinin şagirdlərə səfər olunacaq  məkanların araşdırılması barədə tapşırıq verilmiş və onların təqdimatları toplanmışdır. Səfər ediləcək məkanlar haqqında məlumat guşəsi və məlumat kitabçası hazırlanmışdır.

 

Təqdirəlayiq haldır ki, layihəyə məktəb icması, xüsusən valideynlər çox böyük maraq göstərirdilər. Onlar layihə çərçivəsində işimizi daim izləyir, kömək və dəstəyə hazır olduqlarını bildirirdilər. Biz də öz növbəmizdə layihə  barədə ictimaiyyəti daim məlumatlandırır, o cümlədən layihə barədə press relizləri, video və fotoşəkilləri Göygöl Rayon Təhsil Şöbəsinin rəsmi internet saytında və digər saytlarda, youtube kanalında və bu iş üçün yaradılmış “Gəzək, görək, öyrənək” adlı  facebook səhifəsində mütəmadi olaraq yerləşdirirdik.

 

Sinifdənxaric və məktəbdənkənar tədbirlər istiqamətində layihə metodlu ekskursiyaların təşkili ümumi təhsildə keyfiyyətin yaxşılaşdırılması üçün mühüm vasitədir.

 

Elnur HACIYEV,

Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi



13.04.2018 | 11:13