Salyan, Neftçala və Biləsuvar təhsil işçiləri ilə görüş | |
Mayın 25-də Salyan rayonundakı Heydər Əliyev Mərkəzində Salyan, Neftçala və Biləsuvar rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər.
Öncə qonaqlar ulu öndər Heydər Əliyevin mərkəzin qarşısında ucaldılmış abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri qoyublar.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən, aparılan islahatlardan danışıb. Nazir müavini ümumi təhsil müəssisələrinin qarşısında duran vəzifələrə toxunub, müəllim-şagird-valideyn münasibətlərinin düzgün tənzimlənməsi, şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəblərdə sağlam psixoloji mühitin yaradılması kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyini nəzərə çatdırıb.
Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan nazir müavini qeyd edib ki, tam orta təhsilin təmayülləşməsi zamanı şagirdlərin yaradıcılıq qabiliyyəti aşağı siniflərdən müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalıdır.
Məhəbbət Vəliyeva təhsil müəssisələrinin pedaqoji əməkdaşlığının vacib olduğunu deyib, həmçinin məktəb rəhbərlərinə bir sıra göstəriş və tövsiyələr verib.
Daha sonra Salyan, Neftçala və Biləsuvar rayonlarının təhsil şöbələrinin müdirləri 2018-2019-cu tədris ili ərzində görülən işlərə dair hesabatlarla çıxış ediblər.
Sonda təhsil işçilərini maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Hesabat tədbirindən sonra Salyan rayonundakı Sarvan kənd tam orta məktəbinin əsaslı təmirindən sonra açılış mərasimi keçirilib. Mərasimdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, ictimaiyyət nümayəndələri, şagirdlər və pedaqoji heyət iştirak edib.
Məktəbin direktoru Müstəcəb Səmədov qonaqları təhsil müəssisəsi ilə tanış edib.
|
|
25.05.2019 | 19:29 | |
|
|
|