Məhəmməd Hadi irsinin tədqiqatçısı

İslam Qəribli - ədəbiyyatşünas, cənubşünas tədqiqatçı, yazıçı, pedaqoq, “Azərbaycan romantizmi adlı böyük elmi nəzəri təsərrüfatın” (Elçin) banilərindən olan Məhəmməd Hadinin son araşdırıcısı.

 

Filologiya elmləri doktoru, professor İslam Qəriblinin fəaliyyətində pedaqoqluğunun çox çalarlı yaradıcılığının bir komponenti kimi dilə gətiririk ona görə yox ki, o, uzun illər orta və ali məktəblərdə dərs deyib, daha çox ona görə ki, müəllimliyini magistrlərin, doktorantların bir çoxunun sözün müstəqim mənasında rəhbəri - yol göstərəni, məsləhətçisi, bir çox dərsliklərin müəllifidir. Onun müxtəlif illərdə tərtib etdiyi “Azərbaycan dili” (2002, 2003, 2006, 2009) adlı dərs vəsaitləri də pedaqoji aləmdə məmnunluqla qarşılanıb. Alim həmkarımız klassik irsimizin və çağdaş ədəbiyyatşünaslığımızın yorulmadan, bütün günü, saatlarla başını kompüterdən qaldırmadan işləyən araşdırıcılarındandır. Bu yaradıcılıq elmi-nəzəri səviyyəsi, üslubu, sabitliyi, özünəməxsus dəst-xəttə malik olması ilə fərqlənir.

 

Onun həyat yolu çox çətin, enişli-yoxuşlu olub. “Kənddən gələnlər”  siyahısına düşən müəllim, kənddən dönmə şəhərli olanlar tərəfindən açıqcasına sıxma-boğmalara, təqiblərə, süründürməçiliyə məruz qalıb. Bədxahlarla mübarizə apara-apara böyük alim insanların xeyirxahlığı sayəsində (akademiklər Kamal Talıbzadə, Bəkir Nəbiyev, akademiyanın müxbir üzvü Əziz Mirəhmədov, professor X.Məmmədov və b.) məqsədinə nail olub, heç nəyə məhəl qoymadan müəllimliyini, elmi və bədii yaradıcılığını  davam etdirib.

 

Yubilyarımız arxiv sənədləri üzərində ciddi işləyən, faktların pozulmasında bildiyini heç kimə verməyən, müqayisəli təhlillər aparıb məntiqə əsaslanaraq fikrini bildirən, polemikaya yol açan tədqiqatçılardandır. İş otağımızda Məhəmməd Hadi poeziyası üzərində və ya tərcümələrlə, yaxud da Ömər Xəyyam rübailərinin M.Hadi, H.Cavid, M.Müşfiq, M.M.Seyidzadə tərəfindən edilmiş tərcümələri müqayisə edib yekun qərara gəlməsi gözlərimiz önündə baş verən işlərdir. Belə məqamlarda gözlərinin sevinclə dolması, rahat nəfəs alaraq qələmi stolun üstünə qoyub, eynəyini çıxarıb dərindən nəfəs alanda məqsədinə nə dərəcədə nail olduğunu dəfələrlə müşahidə etmişəm. Öz metodologiyasında daim elmi obyektivliyi əsas göstərən İ.Qəribli, eyni zamanda, Məhəmməd Hadini çağdaş ədəbiyyatşünaslıq gerçəkliyində, dövrünün bütün ziddiyyyətləri, yaşadığı tarixi qanunauyğunluqları ilə birlikdə neçə illərdir ki, araşdırır.

 

İslam Qəribli 5 may 1954-cü ildə Lerik rayonunun Mulalan kəndində anadan olub, orta təhsilini qonşu Şingədulan kənd orta məktəbində tamamlayıb. 1975-ci ildə ADPU-nun filologiyi fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1975-1990-cı illərdə Biləsuvar və Lerik rayonlarında müəllim, tədris işləri üzrə direktor müavini və məktəb direktoru vəzifələrində çalışıb. 1990-cı ilin dekabr ayından AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşıdır. “M.Hadinin İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poeması” mövzusunda namizədlik (1990), “M.Hadinin ədəbi-bədii irsi Azərbaycan dövrü mətbuatında (1905-1920)” mövzusunda (2013) doktorluq dissertasiyalarını müdafiə edib.

 

İslam müəllim bu gün də M.Hadi yaradıcılığı ilə ciddi məşğul olur. Bugünkü demokratik şərait ədəbiyyatşünaslar qarşısında yeni, ciddi vəzifələr qoymuşdu; artıq ədəbi irsə marksist-leninçi münasibət yox, müstəqilliyin tələblərini elmi şəkildə aydınlaşdırmaq, bu irs - konsepsiyadan istifadə yollarını göstərmək vəzifələrini qoyur. Bu illərdə, bütövlükdə ədəbiyyatımızın inkişafı üçün geniş şərait yaranıb. Ustadı Əziz Mirəhmədovun M.Hadi haqqında yazdığı fundamental monoqrafiyaya (1985) həssaslıqla, elmi səriştə ilə yanaşır, sadəcə zaman - məkan nöqteyi-nəzərindən mövzunun daha dərindən, plüralizm işığında, müstəqilliyin bəxş etdiyi fikir dünyasında ehtiyac duyulduğundan İslam müəllim alim həmkarım Mətanət Vahid demişkən “...müxtəlif zamanlarda bu mövzuya təkrar-təkrar qayıtmış, xüsusən, “Məhəmməd Hadi və mətbuat (1905-1920)” (2011) və “Məhəmməd Hadinin publisistikası və poetik tərcümələri” araşdırmalarını sənətkarın yaradıcılığının sırf bu sahələri üzərində aparmışdır”. Sevimli müəllimimiz, görkəmli tənqidçi - ədəbiyyatşünas, akademik Bəkir Nəbiyev (qəbri nurla dolsun) İslam müəllimin “Məhəmməd Hadi və mətbuat (1905-1920)” monoqrafiyasını “Hadişünaslığa yeni töhfə” adlandırmış və bildirmişdir ki, “bu əsərdə hadişünaslıqla yeni bir mərhələ başlandı”. Bütün dövrlərdə M.Hadi haqqında çox xəsisliklə yazılmışdır. Səbəbi aydındır... Lakin sonrakı illər Hadiyə   ədəbi prosesdə münasibətdə İslam Qəribli sanki işığa - bir övliya övladına doğru min əzaba qatlaşaraq irəliləməsi, özünəməxsus hadişünaslıq xəttini yaratmağa nail olması, onun romantik şairə vurğunluğundan xəbər verir. Hər məqalə, kitabında araşdırmalarının yeni məzmun kəsb etməsi, ən əsası da sonuncu “Məhəmməd Hadinin publisistikası və poetik tərcümələri” əsəri Hadi yaradıcılığının qaranlıq səhifələrinə işıq salır. Həyatda, ədəbiyyatda da bəxti gətirməyən sənətkarın publisistik yaradıcılığında şəxsiyyət və mətbuat azadlığı, qadın azadlığı, din və dil, elm və təhsil, ədəbi nəzəri düşüncələri və s. məsələlərlə əlaqədar İ.Qəriblinin gəldiyi nəticə - qənaətləri ümumilikdə Azərbaycan romantizmi, publisistikası və tərcüməçilik sahəsinin incəlikləri ilə əlaqədar mülahizələrə də mətnlərdən çıxış edərək hasil olan tanışlıq oxucu qarşısında geniş üfüqlər açır.

 

İslam Qəribli ədəbiyyatşünas alim kimi yaradıcılığının bütün dövründə var qüvvəsini ədəbiyyatın qarşısında duran mühüm vəzifələrin yerinə yetirilməsinə həsr etmişdir. Ötən illərdə onun yaradıcılığında diqqəti cəlb edən fraqmentlər bunlardır: “XIX əsrin 90-cı illərindəki realist Azərbaycan nəsri barədə bəzi mülahizələr”, “Mirzə Məhəmmədtağı Qumru”, “H.Cavid: İttihad - ən böyük ideal”, “Abbasqulu ağa Bakıxanov”, “Xurşudbanu Natəvan və onun poetik irsi”, “H.Cavid və M.Hadi  lirikasında Birinci Dünya müharibəsinə münasibət”, “Didərgin şairə ədəbi abidə”, “Müdriklik səlahiyyəti”, “Məsləkim tərcümeyi halımdır”, “Tədqiqlər və tərcümələr”, “Cabbarşünaslıq yeni töhfə”, “H.Mirələmovun “Xəcalət” povesti barədə bəzi mülahizələrim”, “Novruz Nəcəfoğlunun poeziyası barədə düşündüklərim” və başqa məqalələrində ədəbiyyatşünas klassiklər və müasirlərimizin sənətkarlıq nailiyyətlərini ümumiləşdirir.  Ədəbiyyatımızı, onun ənənələrini dərindən mənimsəmək məqsədilə oxucuların ideya-bədii cəhətdən kamilləşməsi üçün ən mühüm, zəruri şərtləri göstərir. Professor Elman Quliyevin təbirincə desək “...sadalanan məqalələrdə təxminən 120 illik ədəbi epoxanın yaradıcılıq problemləri tədqiqata  cəlb edilmişdir”.

 

İslam müəllim araşdırmalarında öncə problemlərin kökünə bələd olur, sonra mətndən çıxış edir. Bu prinsip  tədqiqatçı üçün düzgün yanaşmadır. Portret xarakterli yazılarında daha çox vurğunu olduqlarının eskizlərini sanki rəssam fırçası ilə, qədirşünaslıqla ətə-qana gətirir. O, akademik Bəkir Nəbiyev, müxbir üzv Azadə Rüstəmova, professor Xeyrulla Məmmədov kimi elm fanatlarının həyat və yaradıcılığının ən zəruri detallarını fərəhlə, sevinclə belə yaratmışdır.

 

İslam müəllim uzun illər Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində çalışıb. 2014-cü ildə nəşr olunan “Ədəbiyyat sərhəd tanımır” kitabına Cənubi Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı  22 məqalə, 1 oçerk daxil edilmişdir. Kitabla tanışlıq prosesində elmi-publisistik məqalələr və oçerkdə gözlərimiz qarşısında XIX-XX yüz illiklərin Cənubi Azərbaycan ədəbi-mədəni hadisələrinin mənzərəsi canlanır. Kitabda tədqiqat obyekti olan şəxsiyyətlər və onların ədəbi təsərrüfatları haqqında səhih, obyektiv ədəbiyyatşünas yanaşmasının şahidi olmaqla,  alim həm də təkrar olunan yanlış fikirləri, tarixi faktları dəqiqləşdirməyə cəhd etmişdir. Professor Teymur Əhmədov yazır: “İslam Qəriblinin həyatda “tale ulduzu tez parlayıb, tez sönən” nakam Firudin İbrahimi, Məmmədbağır Niknam, Məhəmməd Biriya, Əlirza Nabdil Oktay kimi öz əməlləri və əsərləri ilə əbədiyyətə qovuşan fədailərin xatirəsinə həsr etdiyi ədəbi oçerklər kitabın siqlətini daha da artırmışdır”.  “Ədəbiyyat sərhəd tanımır” kitabında yer alan “Heyran xanım”, “S.Ə.Nəbati”, “M.Xalxali və onun “Sələbiyyə” məsnəvisi”, “Məşrutə  dövrü  ədəbiyyatı”, “Səid Səlmasi”, M.Möcüz, Ş.M.Xiyabani, Biriya və s. məqalələr Cənubi Azərbaycan ədəbiyyatı haqqında geniş təsəvvür yaratmaqla yanaşı tarixi faktların müqayisəli, mənbələrə istinadən dəqiqləşdirdiyini də görmək mümkündür.

 

İslam Qəribli 2013-cü ildə nəşr etdirdiyi “Mən bir kitab, hər vərəqim min kitabdır” əsərinə 1985-2012-ci illərdə M.Hadidən bəhs olunan 36 məqaləsini daxil etmişdir. Bu məqalələr “XX əsrin əvvəllərində öz yaradıcılığı ilə Azərbaycan poeziyasının romantik qolunun başında duran Məhəmməd Hadinin” (B.Nəbiyev) çoxşaxəli yaradıcılıq irsinə yeni ədəbiyyatşünaslıq prizmasına novator baxış kimi səciyyələndirilməlidir.

 

İslam Qəribli keçmişi yaşadan alimlərdəndir. Ədəbiyyat, mədəniyyət, mənəviyyat onun kredosudur. İşgüzarlığından, on illiklərlə arxiv - kitabxanalarda çalışması nəticəsində gəldiyi elmi qənaətlərdən ümumiləşdirilmiş şəkildə bir məqalə həcmində danışdıq. O, insan kimi təvazökar, səmimi, qələm dostlarının halına yanan tipik azərbaycanlı xarakterinə malik bir şəxsdir.

 

Tədiqqatçı - ədib İ.Qəribli 15 kitabın müəllifdir. Tərtib etdiyi və ön söz yazdığı 12 kitabı, redaktə etdiyi, əsas redaktoru olduğu  kitabları da siyahıya daxil etsək ömrü boş yerə xərcləməyən ziyalı, qeyrətli bir Azərbaycan vətəndaşının özünə öz əli ilə, ədəbi, qranitdən bir heykəl ucaltdığının şahidi oluruq.

 

XX əsr Azərbaycan ədəbiyyatının  böyük romantiklərindən olan Məhəmməd Hadi yaradıcılığı professor İslam Qəriblini çox məşğul etmiş, pərvanə şəmin ətrafından kənarlaşa bilmədiyi kimi yubilyar dostumuz da Hadi işığının çevrəsində dolanmaqdadır. Hal-hazırda alim Hadinin seçilmiş əsərlərini nəşrə hazırlayır.

 

1985-2019-cu illər arasında İ.Qəribli M.Hadi haqqında 5 kitab və 50-dən çox məqalə yazıb çap etdirmişdir.

 

Ad günün mübarək, zəhmətkeş dost!

 

Bu nə yaşdı ki, hələ yazılası çox hekayələr qarşıda səni gözləyir.

 

Yetmişində mövzuya qayıtmaq arzusu ilə!

 

 

Baba BABAYEV,

filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına  Ədəbiyyat İnstitutunun baş elmi işçisi



25.05.2019 | 15:15