Təhsilverənlərin əsas vəzifələri

Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsində hər bir vətəndaşın təhsil almaq hüququnun olması nəzərdə tutulub və dövlət də öz növbəsində ümumi təhsili məcburi hesab edilməklə ödənişsiz əsaslarla həyata keçirməyi öz üzərinə vəzifə olaraq götürüb. Eyni zamanda, daha mütərəqqi hal ondan ibarətdir ki, dövlət istedadı olan vətəndaşların təhsillərini dövlət hesabına davam etdirməsinə dəstək göstərir, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən, imtahanlarda müvəffəqiyyətli olmuş tələbələrə və digər təhsil alanlara təqaüdlər təsis edilməklə onların rifah halının yaxşılaşdırılması istiqamətində davamlı və mütərəqqi addımlar atılır. Bu sahədə ən vacib məsələlərdən biri “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” bitdikdən sonra yenidən təhsil sahəsində müxtəlif dövlət proqramlarının qəbul edilməsini göstərə bilərik.

 

Təbii ki, görülən bu işlər təhsilalanlarla yanaşı, təhsilverənlərin üzərinə məsuliyyətli və şərərli vəzifələr qoyur. Onların bu sahədə üzərlərinə düşən vəzifələrə təhsilalanın tədris proqramını mənimsəməsi, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək aid olsa da, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 33.3-cü maddəsinə əsasən, təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək də təhsilverənin üzərinə əsas vəzifələr olaraq qoyulub. Yəni təhsilalanı forma baxımından savadlı və intellektual şəxs olaraq yetişdirməzdən əvvəl onun milli-mənəvi ruhda formalaşmasını, zorakılığın bütün növlərindən qorumaqla sağlam düşüncəli azərbaycanlı olmasını, onun forma baxımından da əvvəl məzmun baxımından tamamlanmasını təmin etməlidir.

 

Təhsilalana tədris, elm və biliyin vacib olmasına baxmayaraq, ilk növbədə onun şəxsiyyət olaraq cəmiyyətə hazırlanması diqqətdə saxlanılmalıdır. Sosial mediada tez-tez qarşımıza çıxan bir hekayə var ki, İsraildə məktəb direktoru hər ilin əvvəlində öz tələbələrinə məktub yazaraq bildirir ki, ağıllı tələbə yetişdirməmişdən əvvəl vicdanlı insan yetişdirin, çünki soyqırımı zamanı istifadə olunan silahlar ağıllı tələbələr tərəfindən düzəldilmişdir.

 

Təbii ki, cəmiyyətin şəxsiyyətin yetişdirilməsində rolu danılmazdır. Amma fərdin formalaşması ilə bağlı bütün vəzifələrin məktəbin və təhsilverənlərin üzərinə qoyulması ədalətli olmaz. Əksəriyyətin son zamanlarda dediyi bir söz var ki, ailələr evdə iki uşağın tərbiyəsi ilə məşğul ola bilmirsə, məktəb necə məşğul olsun və ya valideynlər niyə tərbiyə prosesini məktəbin üzərində qoymaqla özlərini övladlarının qarşısında olan mənəvi borclardan və vəzifələrdən kənarda tutmağa çalışırlar. Baxmayaraq ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, təkcə təhsilalan və təhsilverən yox, eyni zamanda valideynlər və qanuni nümayəndələr də təhsil prosesinin iştirakçısı hesab olunurlar.

 

Təhsil sözü məhsul, istehsal, hasil kəlmələri ilə kökdaş olmaqla terminoloji mənada “bioloji varlıq olan adamdan insan (şəxsiyyət, sosial varlıq) istehsal etmək” deməkdir. Bu şəxsiyyəti yetişdirərkən təhsilverənlər və valideynlər öz üzərlərinə düşən vəzifələri layiqincə gördüyü halda cəmiyyətdə baş verə biləcək bütün sosial problemlər aradan qaldırılacaq. Zəruri haldır ki, həmin gənclər hər şeydən əvvəl milli-mənəvi dəyərlərimizə, azərbaycançılıq ideyasına bağlı, dilindən, dinindən, əqidəsindən, seçimlərindən asılı olmayaraq, elmli və bilikli olmaqla yanaşı, sağlam düşüncəli Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

 

 

Bəhruz MÜSLÜMOV

 



25.05.2019 | 09:31