Elmi tədqiqat və kadr hazırlığı üzrə Razılaşma Memorandumu imzalanıb

Lənkəran Dövlət Universiteti (LDU) ilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu və AMEA-nın Lənkəran Regional Elm Mərkəzi arasında elmi tədqiqat və kadr hazırlığı üzrə əməkdaşlıq barədə Razılaşma Memorandumu imzalanıb.

 

Sənədə əsasən tərəflər ərzaq təhlükəsizliyi, ekologiya, biomüxtəliflik və təhsil sahəsində innovativ layihələrin həyata keçirilməsi, elmi kadr hazırlığı, tədris  sahəsində əməkdaşlığın qurulması və gələcəkdə genişləndirilməsi barədə razılığa gəliblər.

 

Razılaşma Memorandumu çərçivəsində tərəflər Lənkəran təbii ovalığında yabanı və mədəni bitki örtüyünə abiotik və biotik stress amillərinin mənfi təsirini, bu təsirə qarşı mühafizə yollarının fizioloji, biokimyəvi və molekulyar-bioloji tədqiqatlarla öyrənilməsi, sitrus bitkilərin biotexnoloji yollarla çoxaldılması metodlarının işlənib hazırlanması prosesini həyata keçirəcəklər. Həmçinin, tələbə, magistr, doktorantların hazırlanması və elmi-texniki sahələrdə mütəxisslərin mübadiləsi, gənclərin elmi tədqiqatlara cəlb edilməsi, birgə seminarların təşkili nəzərdə tutulur.

 

Razılaşma Memorandumu 5 il müddətinə qüvvədə olacaq.

 



23.05.2019 | 16:58