NDU-da 28 May Respublika Günü qeyd olunub

Naxçıvan Dövlət Universiteti (NDU) İncəsənət fakültəsində 28 May Respublika günü” nə həsr olunmuş tədbir keçirilib.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Vurğulanıb ki, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun cəsarəti sayəsində Azərbaycanın müstəqilliyinin qorunmasına və möhkəmləndirilməsinə, xalqımızın firavanlığına və ölkənin davamlı inkişafına xidmət edən siyasi kursun həyata keçirilməsinə başlanılmaqla Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə siyasi-hüquqi qiymət verilib, həmin dövrün dövlət rəmzləri və himni bərpa olunub. Rektor tarixi gün münasibətilə konfrans iştirakçılarını təbrik edib və tariximizi tanıtmaq istiqamətində gəncləri daha fəal istiqamətdə fəaliyyətə səsləyib.

 

Tarix üzrə fəlsəfə doktoru Abdulla Mustafayev isə çıxışında Azərbaycan Xalq Cümhuriyyəti tarixini xalqımızın şərəf səlnaməsi adlandıraraq, ilk demokratik respublikamızın yaradılmasından süqutuna qədər olan tarixi mərhələlər, Cümhuriyyətin qurucularının fəaliyyəti barədə ətraflı məlumat verib. 

 

Tədbir İncəsənət fakültəsi tələbələrinin ifasında konsert proqramı ilə davam edib.

 



23.05.2019 | 13:14