İnteraktiv dərsi 218 məktəbin şagirdləri izləyib

AMEA Naxçıvan Bölməsində təşkil olunan “Həyatını elmə həsr edən görkəmli alim: Məmməd Cəfər Cəfərov” mövzusunda interaktiv dərsi muxtar respublikanın 218 ümumtəhsil məktəbinin şagirdləri izləyib. AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsinin məlumatına görə, interaktiv dərsi bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılova aparıb.

 

Bildirilib ki, bu ilin may ayında görkəmli ədəbiyyatşünas və tənqidçi alim Məmməd Cəfər Cəfərovun 110 illiyi tamam olur. Prezident İlham Əliyevin “Akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinin qeyd edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Sərəncamı görkəmli alimin irsinin öyrənilməsinə və təbliğinə geniş şərait yaradıb.

 

Vurğulanıb ki, Azərbaycan ədəbiyyatşünaslıq tarixində özünəməxsus yeri olan Məmməd Cəfər Cəfərov 1909-cu ildə Naxçıvan şəhərində anadan olub. Alim əvvəlcə Naxçıvan xeyriyyə məktəbində, sonra şəhərdəki rus-tatar məktəbində, savad kurslarında, 1928-1931-ci illərdə Naxçıvan Pedaqoji Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsində təhsil alıb. O, təhsilini davam etdirməklə yanaşı, “Gənc işçi”, “Maarif işçisi” qəzetlərinin redaksiyalarında ədəbi işçi, sonralar isə Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Universitetində Rus ədəbiyyatı kafedrasında dosent, həmçinin “Ədəbiyyat qəzetinin” redaksiyasında şöbə müdiri və digər məsul işlərdə çalışıb. Daha sonra fəaliyyətini Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, direktoru, eləcə də Azərbaycan Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi kimi davam etdirib.

 

Akademik Məmməd Cəfər Cəfərovun elmi yaradıcılığına nəzər salan gənc tədqiqatçı şagirdlərin diqqətinə çatdırıb ki, həyatını elmin inkişafına həsr edən alimin Azərbaycan və Avropa klassik ədəbi irsi, dərsliklər, ədəbiyyat tarixləri, ali məktəblər üçün dərs vəsaiti və mühazirə mətnləri bu gün də öz aktuallığını qoruyub saxlayır. Görkəmli elm xadimi Məmməd Cəfər Cəfərovun “Xalqımızın ədəbiyyat tarixi”, “Klassik şeirimizdə Nizami yaradıcılığının motivləri”, “Ədibi düşüncələr”, “Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri”, “Hüseyn Cavid”, “Cəlil Məmmədquluzadə” və bu kimi tədqiqat əsərləri Azərbaycan ədəbiyyatşünaslığına bəxş etdiyi xüsusi töhfələrdir.

 

Nərgiz İsmayılova qeyd edib ki, görkəmli elm xadimi yalnız Azərbaycan ədəbiyyatı ilə bağlı məsələlərlə məşğul olmayıb, o, həm də dünya ədəbiyyatında, xüsusilə rus ədəbiyyatında gedən proseslərə diqqət yetirib. Onun “Azərbaycan-rus ədəbi əlaqələrinin tarixindən”, “Rus klassikləri”, “Puşkin və Azərbaycan mədəniyyəti”, “Böyük rus yazıçısı” və digər kitab və məqalələri deyilənlərin əyani sübutudur. Alim təhsil illərində həm də rus ədəbiyyatı tarixi və estetika tarixi fənlərindən dərs deyib. Bu pedaqoji fəaliyyəti sayəsində rus ədəbiyyatı tarixinə bələdçiliyi artan Məmməd Cəfər Cəfərov sonralar estetikaya dair fundamental əsərlərin müəllifi kimi öz adını tarixə yazıb. “Estetik zövq haqqında”, “Estetik tərbiyə, ailə və məktəb” əsərləri qeyd olunan sahədə vacib vəsaitlərdəndir.

 

Açıq dərsdə bildirilib ki, ömrünün 60 ilini ədəbiyyatımızın inkişafına həsr edən akademik Məmməd Cəfər Cəfərov elmi fəaliyyətinin 40 illik bir dövrünü AMEA ilə bağlayıb. Bu gün AMEA-da, eyni zamanda Naxçıvan Bölməsində alimin irsi dərindən öyrənilir və təbliğ edilir.



18.05.2019 | 13:54