Məktəb həyatında sosial-psixoloji treninqlərin rolu | |
Adi həyatda ünsiyyət qurmağı bacarmayan insanlar bir sıra çətinliklərlə üzləşirlər. Ünsiyyətə hazır olmayan şəxslərin hətta psixikasında problemlər yaranır. Ünsiyyət çətinlikləri olan şəxslər lazım gəldikdə ətrafdakı adamlara kömək üçün belə müraciət edə bilmirlər. Bu hal şagirdlərdə də geniş şəkildə rast gəlinən və onların inkişafına mane olan əsas xüsusiyyətlərdəndir.
Son illərdə ümumtəhsil müəssisələrində yeni və maraqlı təlim texnologiyalarından istifadə olunur. Bu aktiv metodlar içərisində sosial-psixoloji treninqlər xüsusi yer tutur. Bəs sosial-psixoloji treninq nədir?
Psixoloqlar bunun qrup işi vasitəsilə psixoloji təsir vasitəsi olduğunu qəbul edirlər. Treninq xüsusi təşkil olunmuş ünsiyyət formasıdır. Onun nəticəsində şəxsiyyətin inkişafı, kommunikativ vərdiş qazanılması və psixoloji yardım həyata keçirilir. Treninq, eyni zamanda, stereotiplərin aradan qaldırılmasına, şəxsi problemlərin həll olunmasına kömək edir.
Sosial-psixoloji treninq aktiv təlim metodu olmaqla qrup formasında həyata keçirilir. O, son nəticədə kommunikativ maneəni, uyğun olmayan stereotipləri aradan götürməyə, şəxsiyyətlərarası münasibətləri optimallaşdırmağa, konfliktli situasiyaları aradan qaldırmağa xidmət edir.
Sosial-psixoloji treninqin məqsəd və vəzifələri cəmiyyətin normalarına uyğun olaraq müəyyənləşdirilir. Burada hər bir şagirdin fərdi xüsusiyyətlərini nəzərə almaq mümkündür.
Sosial-psixoloji treninqlərin daha səmərəli keçirilməsi üçün təşkilatçılar onun məqsədini aydın və dəqiq bilməlidirlər. Treninqin başlıca məqsədi şəxsiyyətin inkişaf etdirilməsi olmalıdır. Bu əsas məqsədlə yanaşı, bir sıra köməkçi məqsədlər də nəzərdə tutulmalı və onlar bir-birləri ilə vəhdətdə olmalıdır. Bunlara aşağıdakılar daxildir: a) iştirakçıların sosial-psixoloji səriştəsinin artırılması və ətrafdakı insanlarla ünsiyyət və münasibətinin yaxşılaşdırılması; b) iştirakçıların sosial fəallığının yüksəldilməsi, onlarda həyat tərzinin daha mənalı və sağlam qurulmasının inkişaf etdirilməsi; c) psixoloji mədəniyyətin səviyyəsinin yüksəldilməsi.
Sosial-psixoloji treninqlərin məqsədinin həyata keçirilməsi üçün bir sıra konkret vəzifələr qarşıya qoyulmalı və həll edilməlidir: 1. Müəyyən sosial-psixoloji bilikləri mənimsəmək;
2. Özünü və başqalarını adekvat şəkildə dərk etmək;
3. Şagird şəxsiyyətinin diaqnostika və korreksiyasını həyata keçirmək, davranış və münasibətlərin, ünsiyyətin qurulmasına mane olan xüsusiyyətləri aradan qaldırmaq;
4. Şəxsiyyətlərarası münasibət və təsirlərin səmərəliliyinin artırılması üçün hər bir iştirakçının fərdi keyfiyyətlərini nəzərə almaq.
Qeyd olunanları nəzərə alaraq, treninqlərin tətbiqində bir sıra məqamlara xüsusi diqqət yetirilməlidir:
1. Şagirdlərin təşəbbüskarlığı və müstəqilliyinin inkişaf etdirilməsi;
2. Müəllim-şagird münasibətlərində ünsiyyət problemi;
3. Özünütənqid.
Şagirdlərlə treninqlə bağlı proqram hazırlanan zaman, ilk olaraq, anket sorğusu keçirilir. Məhz bu sorğu vasitəsilə onların ünsiyyət prosesində hansı çətinliklərlə qarşılaşdığı aşkara çıxarılmış olur. Təcrübə göstərir ki, anket sorğusunda iştirak edən yuxarı sinif şagirdləri ünsiyyət çətinliklərinin səbəbini daha çox özlərində deyil, başqalarında görürlər. Yuxarı sinif şagirdlərinin neqativ situasiyaları daha çox valideynlər və müəllimlərlə bağlı olur. Bu vəziyyət özünü, xüsusilə avtoritar üslublu müəllim və valideynlərlə göstərir. Şagirdlər hesab edirlər ki, yaşlılar onlarla hesablaşmaq, onların fikirlərinə hörmətlə yanaşmaq istəmirlər.
Digər bir mövqe isə şagirdlərdə özünütənqidlə bağlıdır. Bu vəziyyətdə onlar baş verən hər bir halın səbəbkarı kimi özlərini görürlər. Bu mövqe vərdişə çevrildikdə özünə haqq qazandırmaq metodu formalaşır. Uğursuzluq yalnız insanlarla münasibət və ünsiyyətdə deyil, həm də fəaliyyətdə öz əksini tapır.
Burada daha çevik yol fəaliyyətdə özünü günahkar görməmək, özünün konkret çatışmazlıqlarını müəyyənləşdirmək və onları aradan qaldırmağa çalışmaqdır. Bu, o vaxt baş verir ki, şagirdə öz davranışı üzərində düşünmək tapşırılsın. Məsələn: “Gərək bir qədər fəal olam”. “Mən öz yaxınlarıma az diqqət yetirirəm” və s.
Qeyd olunanlara əsaslanaraq, sosial-psixoloji treninqdən istifadə daha faydalı olar. Sosial-psixoloji treninqi keçirərkən qarşıya aşağıdakı məqsəd qoyulur:
- Ünsiyyət prosesində yaranan çətinliklərin səbəbini təyin etmək, onları aradan qaldırmağa çalışmaq, yeni ünsiyyət vərdişi qazanmaq, mövcud çatışmazlıqları korreksiya etmək.
Eyni zamanda, bir sıra tərbiyəvi vəzifələri də həll etmək lazım gəlir:
1. Şagirdlərdə ünsiyyət səriştəsi formalaşdırmaq;
2. Çevrəsindəki insanlara qarşı şagirdlərdə maraq yaratmaq, dinləmək mədəniyyəti formalaşdırmaq, digərlərinin emosional vəziyyətini, yaşantılarını öz vəziyyəti kimi hiss etmək, özünü həmsöhbətinin yerinə qoya bilmək bacarığı yaratmaq;
3. Ünsiyyət zamanı öz məsuliyyətini anlamaq, özünün çatışmazlıqlarını görmək və onu aradan qaldırmaq;
4. Şagirdin özü və yoldaşları barədə təsəvvürlərini genişləndirmək.
Sadalanan bu vəzifələr şagirdlərdə özünü inkişaf etdirmək, ətrafda baş verənlərə çevik reaksiya vermək, sosial əməkdaşlığa hazır olmaq, şəxsi cavabdehlik daşımaq kimi keyfiyyətləri formalaşdırır. Göstərilən bu keyfiyyətlərin şagirdlərdə təşəkkül tapması müasir dövrdə xüsusilə aktuallıq kəsb edir. Bəs, bu treninqlər təlim-tərbiyə prosesində istifadə olunan metodlardan, təlim texnologiyalarından nə ilə fərqlənir?
Birincisi, sosial-psixoloji treninq şagirdlərin tələbatlarının ödənilməsinə xidmət edir. İkincisi, treninq digər metodlara qarşı qoyulmur, əksinə, onları inkişaf etdirir. Üçüncüsü, treninqlər zamanı müəllim və şagirdlər bərabərləşirlər. Tədris prosesində isə bu vəziyyət mümkün deyil. Şagirdlər treninqlərdə müəllimlə əməkdaşlıq şəraitində çalışırlar. Müəllim hər şeyi bilən, yol göstərən funksiyasında öz mövqeyini göstərirsə, bu, bir çox hallarda ona qarşı neqativ münasibətin yaranmasına səbəb olur. Nəhayət, şagirdlər müxtəlif məqamlarda hansı davranış nümunəsini göstərməyin məqsədəuyğun olduğunu öyrənmiş olurlar. Bu isə sərbəst şəkildə ünsiyyət və qarşılıqlı münasibət qurmaq sahəsində vərdiş yaradır. Treninqin gedişində aparıcı, eləcə də digər iştirakçılar bir-birlərinin davranışını müzakirə edir, qiymətləndirirlər.
Treninq zamanı yaxşı olar ki, iştirakçıların sayı 15 nəfərdən çox olmasın. Təcrübə göstərir ki, treninqdə iştirakçıların həm oğlan, həm də qız olması daha məqsədəuyğundur. Treninqlər əsasən 30 saat, hər biri 1,5 saat olmaqla həftədə bir dəfə keçirilir.
Sosial-psixoloji treninqin proqramına “Tanışlıq və ilk təəssürat”, “Əlaqə yaratmağın yolları”, “Dinləmək və fikrini çatdıra bilmək” kimi mövzuları aid etmək olar. Məşğələlərdə ünsiyyət çətinlikləri və əlaqə qurmağın sistemli şəkildə təşkili öz əksini tapır, yekunda nəticələr təhlil olunur. Daha çox rast gəlinən çətinliklər seçilir. Adətən bunların bir çoxu treninq iştirakçılarının özləri tərəfindən irəli sürülür. Bəziləri isə kinofilmlərdən, qəzet səhifələrindən, bədii əsərlərdən seçilir. Məsələn, əks cinsdən olan şəxslə tanışlıq, valideynlərlə, həmyaşıdlarla ünsiyyət, tanış olmayan məclisdə özünü necə aparmaq, iştirakçılar qarşısında çıxış etmək, həmsöhbətini dinləmək qabiliyyəti və s. barədə treninqləri aparılan fəaliyyətlərə aid edə bilərik. Sonra treninqin gedişinin, əldə olunan nəticələrin iştirakçılar tərəfindən təhlili aparılır. İştirakçılar oxşar situasiyada özlərinin və digərlərinin davranışını müzakirə edirlər. Onlardan hər biri müxtəlif rolları - yaşlı, müəllim, rəhbər işçi rolunu yerinə yetirirlər. Bu, şagirdlərdə çətinliklərin səbəbini araşdırmağa və aradan qaldırması yollarını tapmağa kömək edir.
Treninqdə məşğələlər kiçik məşqlərlə başlayır. İlk növbədə, treninqə psixogimnastik tapşırıqlar daxildir. Yəni qeyri-verbal ünsiyyət, qrup fəaliyyəti, şəxsiyyətlərarası münasibətlər, diqqətin inkişafı və s. bura aiddir. Bütün bunlar həm də psixoloji gərginliyin aradan qalxmasına xidmət edir. Sonra aparıcı məşğələnin mövzusunu elan edir, qrup müzakirəsi başlayır. Rollu oyunun süjeti, iştirakçıları, rollar müəyyənləşdirilir. Rollu oyunlar iki iştirakçı və bir müşahidəçinin iştirakı ilə nəzərdə tutulur. Bu zaman iştirakçıların istək və arzuları nəzərə alınır. Treninqin nəticələri qrup halında müzakirə olunmaqla məşğələnin əsas hissəsini əhatə edir. İştirakçılar arasında qarşılıqlı müzakirə, fikir mübadiləsi aparılır. Müşahidəçi isə müxtəlif situasiyalara münasibət bildirir.
Növbəti mərhələdə şagirdlərin özünüdərki təhlil olunur, özünün və yoldaşlarının davranışı müzakirə edilir. Şagirdlər şəkil çəkir, bir-birlərinə məktub yazırlar. Bəzi məşğələlər bütövlükdə qrup diskussiyasına həsr olunur. Məktubların müzakirəsi bu nöqteyi-nəzərdən çox əhəmiyyət daşıyır. Belə ki, müzakirədə şagirdlər diskussiya aparmaq vərdişlərinə yiyələnir, öz fikirlərini sərbəst, məntiqi və rabitəli şəkildə ifadə etməyi öyrənirlər. Rollu oyunlar bir çox hallarda 4-5 nəfərlə təşkil olunur, digərləri müşahidəçi rolunda olurlar. Gərginlik yaranan vaxtlar musiqiyə qulaq asılır, qrup halında mahnı ifa edilir. Yekunda müəllim treninqin nəticələri barədə hər bir şagirdlə ayrılıqda söhbətlər aparır, bəzi hallarda şagirdlərə öz fikirlərini yazılı şəkildə təqdim etmək təklif olunur.
Treninqin məqsədi yeni tanışlıq zamanı meydana çıxan çətinliklərin aradan qaldırılmasını təmin etməkdir. Bu məqsədlə də sonda şagirdlərin ünsiyyət prosesində qarşılaşdıqları çətinlikləri aşağıdakı kimi qruplaşdırırıq:
1. Ünsiyyətdə olduğun insanı tanımasan belə, əgər onun xarakteri səninki ilə uyğun gəlirsə (yəni inansan ki, söhbət normal keçəcək), onda heç bir çətinlik baş vermir. Əgər xarakter və inam başqadırsa, fərqlidirsə, onda söhbət alınmır.
2. Qarşındakı insana yaxınlaşanda artıq onun səninlə danışmaq istədiyini və ya istəmədiyini bilirsən. Bir sözlə, emosional halət vəziyyəti idarə edir.
3. Mənə elə gəlir ki, həmişə səmimi olmalısan. Əgər özün səmimisənsə, qarşındakı da səmimi olacaq. Başqa cür olsa, qarşındakı söhbətdən yayınacaq.
4. Əsas olanı odur ki, elə mövzu tapasan ki, söhbətə başlayasan. Səmimiyyət sonra öz-özünə yaranacaq.
Göründüyü kimi, iştirakçıların fikirlərindən də belə qənaətə gəlmək olur ki, tanış olmayan adamla ünsiyyətə girmək çətindir. Çətinliyin səbəbini onlar ya özlərində axtarırlar, yaxud da situasiya ilə bağlayırlar.
Aparıcı növbəti olaraq “Mövzunun tapılması kimdən asılıdır?” sualı ilə müraciət edir. Bu zaman iştirakçıların cavablarını nəzərdən keçirərək belə bir ümumiləşmiş rəyi görmək olur: “Həm məndən, həm də ondan asılıdır”.
Bundan sonra iştirakçılara təklif olunur ki, tanışının və ya dostunun dəvət etdiyi məclisdə özünü necə aparmağı oynasınlar. Oyunda əsas rolu bir şagird öz üzərinə götürür. Onun özünəinamı yüksəkdir. Özünü ünsiyyətcil hesab edir. Demək olar ki, özünün heç bir çatışmayan cəhətinin olmadığına inanır.
Oyun 15 dəqiqəyə yaxın bir müddəti əhatə edir. Bu zaman ərzində özünəinamı yüksək olan bu şagird ümumi söhbətə qoşula bilmir. Tədricən özünə qapanır və oyundan çıxır. Sonra oyunun gedişi müzakirə olunur. İştirakçılar növbə ilə öz mülahizələrini bildirirlər.
Oyunu tərk edən və buna inanmaq istəməyən şagird öz uğursuzluğunu belə izah edir: “Heç gözləməzdim ki, belə alınar. Mən bu vəziyyətdə heç nə edə bilmədim. Mənə elə gəlir ki, heç kim mənimlə tanış olmaq istəmirdi. Yalnız bir nəfər mənimlə danışmaq istəsə də, o da məktəblə bağlı nəsə soruşurdu. Mənə elə gəldi ki, o, sual vermək xatirinə bunu etdi. Mənim cavabım onu maraqlandırmırdı. Özümü itirmişdim, nə deyəcəyini də bilmirdim”.
Belə nəticəyə gəlmək olur ki, oyunu tərk edən şagird öz uğursuzluqlarını ya situasiyada, yaxud da başqalarının ona qarşı münasibətində axtarır. Bununla belə, onun düşüncələri ilə digər iştirakçıların fikirləri üst-üstə düşmür.
Məsələn, treninqdə iştirak edən digər şagird isə hesab edir ki, hər bir məclisdə kiminsə tək qalması yaxşı hal deyil. Məktəb həyatından başlayıb daha maraqlı mövzuya keçmək olardı. İştirakçılar bu şagirdi başa salmaq istəyirlər ki, o, yaranmış imkandan istifadə edə bilmədi, fəal deyildi. Bununla belə, o, yenə də özünə haqq qazandırmağa çalışır və qeyd edir ki, yoldaşları sadəcə, onunla danışmaq istəmirdilər.
Aparıcı təklif edir ki, həmin oyun başqa oyunçularla təkrar keçirilsin. İndi məclisdəkilərlə digər şagird tanış olmalı idi. İştirakçılara qarşı göstərilən mehribanlıq, tezliklə yad adamlarla ünsiyyət qurmaq, özünü sərbəst hiss etmək bacarıqları bu şagirdi oyundan kənarlaşan şagirddən tam fərqləndirirdi. Aparıcının təklifi ilə oyunçuların çıxışları müqayisəli şəkildə təhlil olundu. Oyundan kənarlaşan şagird yalnız indi, situasiyanı kənardan müşahidə etməklə konkret olaraq öz səhvlərini qəbul edir, ilk dəfə olaraq, günahkar qismində başqalarını yox, özünü görürdü.
Göründüyü kimi, özünütəhlil xeyli mürəkkəb bir prosesdir. Oyun prosesində hər kəs özünü tanıyır, hərəkətlərini təhlil edir. Alınan nəticələri aşağıdakı kimi qruplaşdırırıq:
- Mən, adətən, tez qərar qəbul edirdim. Özüm də bilmədən qarşıdakıları dinləməyi bacarmıram. Nəzərə ala bilmirdim ki, qarşımdakı mən özüm deyil, başqasıdır.
- Mən müşahidəçi kimi başa düşdüm ki, yad məclisdə adam özünü necə narahat hiss edirmiş. Əlbəttə, burada onun özündən də çox şey asılıdır.
- Mən özümü başqasının yerinə qoymaqla özümü tanıdım. Mən də tez-tez günahı başqalarında görür, özümə qapanırdım. Deməli, ünsiyyətə girmək üçün nə qədər yollar var imiş. Bunu kənardan görmək daha asan olur.
Beləliklə, treninqlərdə tədricən şagirdlər ünsiyyət qurmağa yiyələnir, ünsiyyət zamanı yaranan çətinlikləri aradan qaldırırlar. Nümunədən də göründüyü kimi, iştirakçıların çıxışlarının təhlili, aparılan fikir mübadiləsi müşahidəçilərin özünə və başqalarına qarşı münasibətini dəyişdirir. Eyni zamanda, ünsiyyət qurmağı və dinləməyi öyrənirlər.
Məşhur Amerika psixoloqu D.Karnegi ünsiyyət qurmaq zamanı dinləməyi bacarmağın necə vacib olduğunu öz nümunəsində göstərir. Məclislərdən birində Karnegi məşhur bir bioloqla üzbəüz oturur. Bioloq bitkilər aləmindən, heyvanlardan elə maraqla danışır ki, Karnegi böyük həvəs və heyrətlə onu dinləyir. O, heç bir söz demir, sadəcə, dinləyir. Məclis başa çatdıqdan sonra bioloq ev sahibinə bildirir ki, Karnegi çox gözəl həmsöhbətdir. Halbuki, söhbət müddətində Karnegi sadəcə, yaxşı dinləyici olmuşdu.
Treninq prosesində iştirakçıların özünüqiymətləndirməsi də dəyişir. Beləliklə, sosial-psixoloji treninqlər vasitəsilə şagirdlərin özünüqiymətləndirməsi ya enir, yaxud da yüksəlir. Bununla da özünüqiymətləndirmənin harmoniyası yaranır.
Diqqəti çəkən vacib cəhət ondan ibarət idi ki, şagirdlər müxtəlif situasiyalarda ünsiyyət qurmağa yaradıcı şəkildə yanaşa bilirlər. Şagirdlərin özləri, eləcə də müəllimləri qeyd edirlər ki, treninqin iştirakçıları ətrafdakı insanlara qarşı daha yüksək diqqət nümayiş etdirirlər. Eyni zamanda ətrafda baş verənləri səbr və təmkinlə qarşılayırlar.
Nəzərə almaq lazımdır ki, sosial-psixoloji treninqlər heç də bütün sahələri əhatə etmir və yeganə metod deyil. Bununla yanaşı, şagirdlərlə həmin mövzularda söhbətlərin aparılması, disput və diskussiyaların keçirilməsi təlim-tərbiyə, şəxsiyyətin inkişafı baxımından faydalıdır.
Treninqlərdə uğur qazanılması eyni zamanda aparıcıdan çox asılıdır. Təcrübə göstərir ki, aparıcı yalnız proqram hazırlamaq, onu həyata keçirməklə kifayətlənməməlidir. Lazım gəldikdə proqramın gedişində, situasiyadan asılı olaraq onu dəyişdirməyi bacarmalıdır. O, iştirakçıların əhvali-ruhiyyəsini başa düşməli, onları narahat edən məsələləri ayırmağı bilməlidir. O da vacibdir ki, aparıcı rollu oyunları təşkil etməyi, diskussiya aparmağı bacarmaqla yanaşı, həm də özü lazım gəldikdə iştirakçı ola bilsin.
Treninqlərdə isə iştirakçıların özünə və qrup üzvlərinə inamı artır. Məşğələlər zamanı hər kəs özünə qarşı diqqət və hörmət görür. Eləcə də özü başqalarına qarşı bu cür davranır. Qrup üzvləri aktiv şəkildə müxtəlif növ ünsiyyəti sınaqdan keçirir, əvvəlcə çətinlik çəkdiyi kommunikativ ünsiyyət sahəsində vərdiş və bacarıq qazanır. Bununla da psixoloji rahatlıq və müdafiə qazanmış olur. Başqa sözlə, treninqlər vasitəsilə şagirdlər cəmiyyət həyatının aktiv üzvü olmaq imkanı əldə edirlər.
İlk növbədə, qarşılıqlı təsir baxımından dialoqun qurulması vacibdir. Başqa sözlə, qarşılıqlı ünsiyyət prosesində, şəxsiyyətlərarası münasibətlərin qurulması zamanı tərəflərin bərabərliyi qorunmalıdır. Bunlar isə qarşılıqlı inama və hörmətə əsaslanmalıdır. Əgər iştirakçılardan birinin və ya bir neçəsinin üstünlüyü baş verərsə, onda əsl dialoq baş tutmur və bu, əsasən, monoloqla əvəz olunur. Bu isə treninqin məqsəd və mahiyyətinə ziddir.
Digər bir məsələ treninq iştirakçıları arasında əks əlaqənin yaranması ilə bağlıdır. Başqa sözlə, çalışmaq lazımdır ki, iştirakçılar öz aralarında informasiya mübadiləsi aparsınlar. Məhz əks əlaqə vasitəsilə hər bir iştirakçı öz davranışı barədə məlumatlandırılır, onların təsiri ilə özünü korreksiya edə bilir. Qrupda elə mühit yaradılmalıdır ki, iştirakçılar bir-birləri ilə ünsiyyət qura bilsin, özləri barədə yoldaşlarının fikrini dinləsin. İşin belə təşkili öz davranış və düşüncələrinə şüurlu nəzarəti təmin edir, son nəticədə şəxsiyyətin inkişafına təsir göstərir.
Sosial-psixoloji treninqlərin keçirilməsi şagirdlərin özünü tanıması, özü üçün vacib hesab etdiyi problemlərin konkretləşməsinə xidmət göstərir. Məşğələlərin gedişində və məzmununda özünüdərk, öz şəxsi keyfiyyətlərini tanımaq elementləri əksini tapmalıdır. Hər bir qrup üzvü müxtəlif situasiyalarda özünütanıma elementləri ilə üzləşməli və onu sınaqdan keçirmə imkanı qazanmalıdır. Burada yalnız verbal ünsiyyətdən deyil, həm də praktik işdən istifadəyə diqqət yetirilməlidir. Treninqləri təlim məşğələlərindən fərqləndirən başlıca vəzifələrdən biri də bundan ibarətdir.
Vacib olan məsələlərdən biri də inkişafın optimallaşdırılması prinsipidir. Aparıcıdan tələb olunur ki, hər bir iştirakçının, eləcə də bütövlükdə qrupun psixoloji vəziyyətinə diqqət yetirsin, onu nəzərə alsın və lazım gəldikdə bura aktiv şəkildə müdaxilə etsin. Xüsusi tapşırıqlardan istifadə etməklə aparıcı iştirakçıların özünüinkişafını stimullaşdırmalı, lazımi istiqamətə yönəltməlidir.
Sosial-psixoloji treninqlər zamanı intellektual və emosional inkişafın vəhdətinin təmin edilməsi vacib amillərdəndir. Baxmayaraq ki, bir tərəfdən treninqlər zamanı yüksək emosionallıq tələb olunur. İştirakçılar qrupda baş verənlərlə bağlı dərin həyəcan keçirirlər. Bu, onlara tərəfdaşına etimad göstərməkdə, bir-birlərinə qarşı daha çox humanist olmaqda kömək edir. Digər tərəfdən, treninqlər intellektual inkişafı aktivləşdirir. İntellektual fəaliyyətin vacib forması isə qrup halında diskussiyalardır. Qrup diskussiyaları isə, demək olar ki, bütün treninqlərdə aparılır.
Sosial-psixoloji treninqlərin keçirilməsi zamanı, eləcə də onun ayrı-ayrı məşğələlərində iştirak könüllülük əsasında təşkil edilməlidir. İştirakçının treninqlərdə iştirakı onun daxili istəyi ilə olmalıdır. Belə olduqda o, özündə olan neqativ cəhətləri aradan qaldırmağa səy göstərir.
Təbii ki, bir treninq vasitəsilə bu deyilənlərin aradan qaldırılması mümkün deyil. Bununla bərabər, treninqlər vasitəsilə psixikada, davranışda, ünsiyyətdə bir çox neqativ vəziyyəti dəyişmək mümkündür. Burada ünsiyyətlə bağlı pozitiv nəticələrə nail olmaq mümkündür.
Sosial-psixoloji treninqlər sistemli şəkildə keçirilməlidir. Aydındır ki, bu imkan fənn müəllimlərində və məktəb psixoloqunda olur. Treninqlərin keçirilməsində onun müəyyən qaydalara əməl olunması vacibdir. Belə ki, iştirakçı inanmalıdır ki, treninq vaxtı deyilənlər sonra problem yaratmayacaq. Treninqlərdə iştirakçıların hamısının razılığı ilə audio və video çəkilişləri aparıla bilər.
Nəticə onu deməyə əsas verir ki, şagirdin fərdi inkişafında, ünsiyyət mədəniyyətinin formalaşmasında, müəllim-şagird münasibətlərinin qurulmasında yeni təlim texnologiyalarının tətbiqi böyük səmərə verir.
Təbii ki, treninqlər də tədris prosesində müasir təlim texnologiyalarından biridir. Onun şəxsiyyətin intellektual inkişafı, şagirdin davranışının korreksiyası baxımından əhəmiyyəti böyükdür. Bunu treninqlərdə iştirak edən şagirdlərin yazdıqları fikirlərdən də aydın görmək mümkündür.
Qeyd olunanlara əsaslanaraq, belə bir nəticəyə gəlmək olur ki, treninqlərin həyata keçirilməsinin başlıca məqsədi şagirdlərin ünsiyyət çətinliklərinin aradan qaldırılmasıdır. Şagirdlərin özünə qarşı inamsızlığının aradan qaldırılması isə treninqin xüsusi məqsədidir.
Yuxarıda deyilənlərdən də göründüyü kimi, təlim-tərbiyə prosesində sosial-psixoloji treninqlərdən istifadə həm qarşılıqlı münasibətləri tənzimləyir, şəxsi keyfiyyətləri yaxşılaşdırır, həm də təlimin səmərəliliyini yüksəldir.
Hüseyn MİRZƏYEV, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin böyük məsləhətçisi
|
|
17.05.2019 | 10:43 | |
|
|
|