NDU-da mövsümi infeksion xəstəliklər mövzusunda seminar | |
Naxçıvan Dövlət Universitetində (NDU) “Mövsümi infeksion xəstəliklər, yayılma vəziyyəti, müalicəsi və profilaktikası” mövzusunda elmi-nəzəri seminar keçirilib. Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin məlumatına əsasən, tədbiri giriş sözü ilə açan rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov mövsümi infeksion xəstəliklərin müalicəsi üçün ölkəmizdə hər cür şərait yaradıldığını qeyd edib. Vurğulanıb ki, bu cür tədbirlərin keçirilməsi nəinki Tibb fakültəsində təhsil alan tələbələr, eyni zamanda digər ixtisas tələbələrinin də maariflənməsi baxımından olduqca əhəmiyyətlidir.
Tibbi klinik fənlər kafedrasının müəllimi Abbas Əliyev “Mövsümi infeksion xəstəliklər haqqında məlumat” mövzusunda çıxış edib. Bu xəstəliklərin törətdiyi fəsadlar və onlardan qorunmağın yolları xüsusi diqqətə çatdırılıb.
Müalicə işi ixtisası üzrə V kurs tələbələri Amil Qasımov qızılca, Samirə Həsənzadə pnevmaniya-sətəlcəm, Bənövşə Qasımova isə suçiçəyindən bəhs edərək xəstəliklər haqqında ümumi məlumat veriblər. Eyni zamanda xəstəliklərin ilkin əlamətləri, epidemiologiyası, yoluxma yolları, patogenezi, müalicəsi və profilaktikasıdan söhbət açılıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.
|
|
16.05.2019 | 12:34 | |
|
|
|