ADMİU-da “Batalyon” sənədli filmi nümayiş olunub | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tanınmış rejissor, Əməkdar incəsənət xadimi Nizami Abbasın çəkdiyi “Batalyon” sənədli filmi nümayiş olunub. Film 1991-ci ildə yaranmış, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlər aparmış əfsanəvi Tərtər batalyonu haqqındadır və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi “Yaddaş” studiyası tərəfindən hazırlanıb. Filmin çəkilişləri Ağdərə rayonunun düşmən işğalından azad olunmuş ərazilərində aparılıb. ADMİU-nun professor, müəllim və tələbə heyətinin toplaşdığı filmin nümayişində rejissor və ssenari müəllifi Nizami Abbas da iştirak edib.
Müəllif hər bir azərbaycanlı üçün ağrılı bir mövzuya çox dəqiqliklə, həssaslıqla yanaşıb. Bu da, əlbəttə ki, Nizami Abbasın Qarabağ müharibəsi iştirakçısı olmasından irəli gəlir. 90-cı illərdə Tərtər batalyonunda döyüşən mərd oğullarımız, o vaxtın kadrları, bu gün sağ qalanların bir araya toplaşaraq o günləri xatırlamaları, canlı döyüş səhnələri gənclərimizə, tələbələrimizə həqiqətən də bir qəhrəmanlıq örnəyidir. Film vətənpərvərlik hissini pafosla deyil sadə, çox təsirli şəkildə, səmimiyyəti ilə tamaşaçılara çatdırır. Nümayişdən sonra müəllimlərin, tələbələrin ayaq üstə sürəkli alqışları “Batalyon” filminin uğurunun, yaşından aslı olmayaraq hər bir kəsə öz güclü təsirinin göstəricisi idi. Rejissor və filmin müəllifi Nizami Abbas sanki o vaxtları bir daha yaşayaraq, qəhərdən danışa bilməsə də, Kino və televiziya fakültəsinin dekanı, dosent Mübariz Məmmədli, “Kino-televiziya sənətləri” kafedrasının müdiri, professor Rafiq Quliyev çıxış edərək Nizami Abbasa belə bir filmə və gənclərimizdə vətənpərvərlik ruhunu artırmaq üçün bu filmin universitetdə nümayişinə, canlı ünsüyyətə görə təşəkkürlərini bildirib, bu görüşün son olmayacağını vurğulayıblar. |
|
10.04.2018 | 14:38 | |
|
|
|