“Helios” müsabiqəsinə start verildi | |
UNEC Tədqiqat Fondu müsabiqə elan edib. “Helios” müsabiqəsi gənclərin potensialını aşkar etmək, onlara karyera inkişafında dəstək olmaq və həmçinin, seçilmiş iştirakçıların Azərbaycanda tanıtımlarını təşkil etmək məqsədilə təşkil edilib.
Müsabiqə aşağıdakı mövzuları əhatə edəcək:
Avropanın enerji təhlükəsizliyinə başlıca təhdidlər;
Rusiyanın Avropa ölkələri və Türkiyə ərazisində “Cənub Qaz Dəhlizi”nə qarşı fəaliyyəti, bu istiqamətdə potensial təsir imkanları və istifadə etdiyi vasitələr;
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu və iştirakı;
Avropada Rusiyanı dəstəkləyən və Moskva ilə əməkdaşlığa qarşı olan siyasi və biznes dairələrinin “Nord Stream – 2” ilə bağlı fəaliyyəti, onların mümkün təşəbbüsləri və bunların layihənin perspektivlərinə təsiri;
“Nord Stream – 2” layihəsinin həyata keçirilməsi ilə bağlı Rusiya tərəfinin Aİ ölkələrinə təsir etmə potensialı, vasitələri və qüvvələri. Rusiyanın enerji lobbiçiliyini həyata keçirən siyasi və iqtisadi dairələr;
Türkmənistan və İranın enerji daşıyıcılarının Avropaya nəqli imkanları: mövcud reallıqlar və perspektivlər
“Nord Stream – 2” (“Şimal Axını – 2”) qaz kəməri layihəsinin perspektivləri ilə bağlı Avropa ölkələrinin siyasi və iqtisadi dairələrində formalaşan mövqe;
Rusiya ətrafında sanksiyalar rejiminin gücləndirilməsi tendensiyasının post-sovet ölkələrinə təsirləri;
Dünya maliyyə institutlarının Orta Asiya respublikalarına təsir imkanları;
Dünyanın maliyyə-iqtisadi sektorunda kriptovalyutanın rolu və perspektivləri
Beynəlxalq Münasibətlər və Beynəlxalq İqtisadiyyat sahələri ilə maraqlanan hər kəs müsabiqədə iştirak edə bilər. Belə ki, siyasətşünaslıq, Beynəlxalq Münasibətlər, Beynəlxalq İqtisadi Münasibətlər, Dövlət İdarəçiliyi ixtisasları üzrə hal-hazırda təhsil alan bakalavrlar (yalnız 3 və 4-cü kurs tələbələri), magistrlar, fəlsəfə doktorları, elmlər namizədləri və ya göstərilən sahədə iş təcrübəsinə malik olan insanlar maneəsiz olaraq müsabiqəyə qatılmaq imkanına malikdir.
Müsabiqəyə qatılmaq istəyənlər unectf.org/helios veb səhifəsinə daxil olaraq CV formasını doldurmaqla müsabiqədə iştirakını təsdiq etməlidirlər. İştirakçılar göstərilən mövzulardan birini və ya bir neçəsini seçə bilərlər. Yazılar 2 dildə - həm Azərbaycan, həm də ingilis və ya rus dillərində mayın 20-dək təqdim edilməlidir. Məqalə yazılışında plagiyata yol verilməməli, saxta məlumatlar göstərilməməlidir.
İştirakçılar yeni təcrübə, eyni sahədə işgüzar əlaqələr, Azərbaycanda tanınmaq və ən əsası, xüsusi UNEC expert jurnalında dərc olunma imkanı qazanacaq. Bundan əlavə, 3 ən maraqlı işin müəllifinə 500 manat məbləğində mükafat veriləcək.
|
|
10.04.2018 | 12:15 | |
|
|
|