Gəncədə “IMAGINE Avro” Tolerantlıq Festivalı

Gəncədə “IMAGINE Avro” Tolerantlıq Festivalı çərçivəsində silsilə mədəni tədbirlər keçirilib.

 

Əvvəlcə Məhsəti Mərkəzində fotoqraf Nikolas Landemardın fotosərgisinin açılışı olub.

 

Tədbirdə şəhər rəhbərliyi, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniilidis, Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Məlumat verilib ki, “IMAGINE Avro” Tolerantlıq Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Cinema Plus, “The Landmark” Biznes Mərkəzi, Nizami Kino Mərkəzi, Bakı Metropoliteni, Salaam Cinema, Məhsəti Gəncəvi Mərkəzi, “Yarat” Müasir İncəsənət Mərkəzi, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, ADA Universiteti, Venesiyanın Ka Foskari Universiteti tərəfindən dəstəklənir.

 

İlk dəfə olaraq bu il “IMAGINE Avro” Tolerantlıq Festivalının paytaxtdan kənarda, Gəncə şəhərində keçirildiyini qeyd edən çıxışçılar bu cür festivalların keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyiblər. Həmçinin tolerantlıq ənənələrinin Azərbaycanda hələ əsrlər öncə formalaşdığı və zaman keçdikcə bu coğrafiyada yaşayan insanların başlıca keyfiyytinə çevrildiyi vurğulanıb. “IMAGINE Avro” Tolerantlıq Festivalının mədəniyyətlərarası dialoqun inkişafına müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.

 

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbərinin birinci müşaviri Denis Daniilidis çıxışında bildirib ki, Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar daim sülh və mehribanlıq içərisində yaşayıblar. “IMAGINE Avro” Tolerantlıq Festivalını Azərbaycanda təqdim etməklə bu ölkənin tolerant dövlət olduğunu bir daha nümayiş etdiririk. Bu, həm də digər ölkələr üçün bir nümunədir. Bu festival çox fərqlidir. O, mədəniyyətləri görüşdürür. Bu festivalın məqsədi körpülər qurmaqdır. Tolerant ölkə olan Azərbaycanla bu cür əlaqələrin qurulması qürurvericidir” – deyə Denis Daniildis qeyd edib.

 

Çıxışlardan sonra sərgiyə baxış keçirilib.

 

Üç hissədən ibarət olan sərgidə fotoqraf Nikolas Landemardın Fransada yaşayarkən lentə aldığı siyasi liderlərin, teatr iştirakçılarının və Brüssel məhəllələrinin fotoları nümayiş olunub.

 

Məlumat verilib ki, birinci hissə “Fransa teatrında qaçqınların çıxışı” adlanır. Bu fotolarda Fransanın Lion şəhərindəki teatrda çıxış edən miqrantlar və qaçqınların şəkilləri yer alır. Fotoqraf teatrda çəkilişlər apararkən həm də ustad dərsləri verib. Bu teatrın özəlliyi ondan ibarətdir ki, burada səs yoxdur. Onlar fransız dilini bilmədikləri üçün ünsiyyətlərini him-cimlə qururlar.

 

İkinci hissənin mövzusu “Avropa siyasətçiləri” adlanır. Fotoqraf bu ad altında Avropa Komissiyası və Parlamentindəki siyasi liderlərin şəkillərini nümayiş etdirir. Belə ki, fotoqraf Brüsseldə çəkiliş apararkən Avropanın bütün nöqtələrinə toxunur.

 

Üçüncü hissənin mövzusu isə “Brüsseldə yerləşən Avropa məhəllələri”dir. Belçikalılar bu ərazini batmış məhəllə adlandırırlar. Orada vaxtilə köhnə binalar olub, ancaq onlar sökülərək yerində zövqsüz, müasir binaların tikintisinə başlanılıb. Yerli camaat da bu məhəllədə aparılan işləri uğursuz layihə adlandırıb. Get-gedə böyüyən belə məhəllələrə belçikalılar Brüsselizasiya adını verib.

 

Sonra Gəncə Dövlət Universitetində “IMAGINE Avro” Tolerantlıq Festivalı çərçivəsində kinorejissor Andres Lübbertin “El Color del Camaleon” filminin nümayişi olub.

 

Çıxışlarda bildirilib ki, builki festivalda tolerantlıq və müxtəliflik mövzusunda 30-dan çox sənədli və bədii film təqdim edilib.

 

Festivala öz filmlərini təqdim etmək üçün Fransa, Finlandiya, Latviya, Hollandiya və Belçikanın tanınmış rejissorları qatılıb və müxtəliflik mövzusunda olan müzakirələrdə iştirak ediblər. Həmçinin universitetlərdə sənədli filmlərin çəkilməsi haqqında tələbələrə və yerli gənc rejissorlara ustad dərsləri keçirilib.

 

Gənc kinorejissor Andres Lübbertin “El Color del Camaleon” filminin mövzusu, ideyası və süjet xətti haqqında kinosevərlərə məlumat verib.

 

Bildirilib ki, dramatik səhnələrin yer aldığı filmin əsas ideyasını multikulturalizm və tolerantlıq təşkil edir. Filmin mövzusu gənc rejissorun öz atasının həyatında yaşadığı çətinliklərdən təsirlənərək ekranlaşdırılıb.

 

Sonra filmə baxış olub.

 



14.05.2019 | 13:36